Səfirliklər necə qorunur? - Vyana Konvensiyası
5-08-2022, 16:47
7 201

Səfirliklər necə qorunur? - Vyana Konvensiyası

Xəbər verdiyimiz kimi 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Radikal dəstə səfirliyin binasına daxil olaraq, binanın eyvanında dini bayraqlar qaldırıb, radikal dini şüarlar səsləndiriblər. Dünyanı xaosa salmamaq üçün beynəlxalq qanunlar mövcuddur. Diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Vyana Konvensiyası  mövcuddur. Bəs bu Konvensiyaya əsasən səfirliklər necə qorunur?  
Lent.az bu suala keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarovdan cavab almağa çalışıb.
Sabiq nazir bildirib ki, diplomatik fəaliyyət Vyana Konvensiyası əsasında tənzimlənir və hazırda baş verənlər onu göstərir ki, Britaniya bu məsələdə laqeyd münasibət sərgiləyib.

“Hazırkı durumda Azərbaycan XİN Britaniya XİN-ə müraciət etməli, açıqlama istəməlidir. Britaniya öz üzərinə düşən məsuliyyəti yerinə yetirməyib. Mən bu radikal qurumun fəaliyyətini araşdırdım, onların Azərbaycana qarşı hər hansı bir etirazı, hər hansı bir fəaliyyəti olmayıb. Məlum məsələdir ki, bu hadisənin arxasında yatan səbəblər var. Qarşı tərəf bunu vaxtında aşkarlayıb qarşısını almalıydı. İndiki halda bu edilməyib. Diplomatlar olduqları ölkənin qayda qanunlarına tabedirlər və öz təhlükəsizliklərini özləri təmin edə bilməzlər”- deyə Tofiq Zülfüqarov vurğulayıb.
Diplomat qeyd edib ki, belə bir hadisə Azərbaycanda baş vermiş olsaydı, Azərbaycan polisi əsla buna yol verməzdi. Hesab edirəm ki, bütün ölkələrdəki səfirliklərimizə ciddi  xəbərdarlıq edilməli, onların təhlükəsizliyinin artırılması barədə tədbirlər görülməlidir.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü  Elman Nəsirov isə Lent.az-a açıqlamasında bildirib ki, diplomatların toxunulmazlığı ilə bağlı beynəlxalq Vyana Konvensiyasının maddələri kobud şəkildə pozulub və bu  qəbuledilməzdir:  
“Baş verənlər beynəlxalq hüquqa ziddir. Əsas sual budur ki, bu niyə indi baş verib, hadisənin arxasında hansı təşkilatlar dayanır, hansı məqsəd güdülüb? Bu Azərbaycana verilən bir mesajdır. Bu məsələlərdə emosiyalara qapılıb şərhlər vermək düzgün olmaz. Aşkar görünür ki, dünənki hadisədə radikal dini qüvvələrdən istifadə edilib. Səfirliklərin yerləşdiyi ərazilər həmin ölkənin ərazisi hesab edilir. Səfirliyin təhlükəsizliyinin təminatı həmin ölkənin məsuliyyəti üzərinə düşür. Təəssüf ki, Londonda baş vermiş bu cinayətkar əmələ London polisi müşahidəçi kimi baxdı, filmlərdəki Hindistan polisi kimi sonda gəlib müdaxilə elədi. Adekvat, çevik reaksiya verilmədi. Dünyada erməni lobbisinin zəif olduğu ölkələr sırasında Böyük Britaniya, o cümlədən London şəhəri durur. Ola bilər ki, bu, London polislərində arxayınlıq yaradıb. Məsələn keçmişdə Kaliforniyada səfirliyimiz qarşısında təxribat olacağına dair polis öncədən məlumatlanmışdı. Dünənki hadisə isə Britaniyanın xüsusi xidmət orqanlarının fəaliyyəti barədə müəyyən suallar yaradır. Hadisə birdən-birə baş vermir, ona qədər müəyyən zaman sərf edilib, hazırlıq gedir. Kəşfiyyat bunu bilməli, qabağını almalı və Azərbaycan tərəfinə müəyyən siqnallar ötürməli idi. Əgər onlar bunun öhdəsindən gələ bilməyəcəkdilərsə, bizim yerli təhlükəsizlik xidmətimiz tədbir görə bilərdi. Hesab edirəm ki, Azərbaycan XİN çox sərt bəyanat verməlidir. Hamımız ayıq-sayıq olmalıyıq, hadisələrə tələsik qiymət vermək də düzgün olmazdı”.
Qeyd edək ki, Diplomatik Əlaqələr Haqqında Konvensiya 18 aprel 1961-ci ildə Vyana konqresində qəbul olunub.
Azərbaycan 1992-ci il 21 iyul tarixində Vyana Konvensiyasına qoşulub. Konvensiyanın maddələrinə əsasən, konsulluq münasibətlərinin qurul­ması qarşılıqlı razılıq əsasında həyata keçirilir və diplomatların oturduğu səfirlik binaları toxunulmazdır.
Həmçinin, Konvensiyaya görə, diplomatik nümayəndəliklərin başçılarının razılığı olmadan konsulluq binalarına heç kim daxil ola bilməz.
Konvensiyaya əsasən, hər bir dövlətin üzərinə ərazisində olan konsulluq binalarına edilə biləcək hücumlardan qorumaq, konsulluq qurumunun sakitliyinin istənilən şəkildə pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün bütün lazımi tədbirləri görmək öhdəliyi düşür.

Oxşar xəbərlər