“Bunlar hamısı bizə zərbə idi, amma dözdük” – “Bu şəhərdə”yə nə olub?
19-08-2022, 12:29
2 163

“Bunlar hamısı bizə zərbə idi, amma dözdük” – “Bu şəhərdə”yə nə olub?

“YouTube” üçün çəkilişlərimiz artıq dayanıb. Bir neçə aydır artıq videoroliklər çəkmirik”.
Bu sözləri Yenisabah.az-a  “Bu şəhərdə”nin prodüseri, ssenarist Müşfiq Abbasov deyib.
O, bildirib ki, pandemiya vaxtı “YouTube” üçün səhnəciklər hazırlayan komanda artıq yeni videolar çəkmək marağında deyil:
“Baxış sayının azalması təkcə “Bu Şəhərdə”nin kanalına aid deyil, bütün kanallarda baxış sayı kəskin şəkildə azalıb. Bildiyiniz kimi, noyabr ayında konsert verəcəyik və həmin konsert üçün hazırlıq gedir. “YouTube”a nə isə çəkməyə artıq vaxt yoxdur, 3 ildir ki, konsertlərimizi təxirə salırdıq, ona görə “YouTube” üçün səhnəciklər çəkirdik. Boş zamanın çoxluğunda bu səhnəcikləri hazırlayırdıq, yoxsa “YouTube” bizim üçün maraqlı platforma deyil, məcburiyyət qarşısında qalaraq videolar çəkirdik”.
Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi sosial şəbəkələrdəki baxış sayının azalmasına ciddi təsir göstərib:
“YouTube”dakı kanalların baxış sayının azalmasına ən böyük təsir edən Rusiya-Ukrayna müharibəsi oldu. Azərbaycan kanallarını izləyənlərin çoxu Rusiya və Ukrayna ərazisində yaşayan azərbaycanlılar idi. Rusiyada sosial şəbəkələrə girişə qadağa var, Ukraynada isə müharibə gedir, camaat “YouTube” hayında deyil. Bu da birbaşa kanallara təsir edir. Elə blogerlər var idi ki, sosial şəbəkələrdən əldə etdikləri gəlirlə dolanırdı, indi isə bunlar yoxdur”.
M.Abbasov pandemiya zamanı təxirə salınan konsertlərinin sayı ilə az qala “rekordlar kitabı”na düşəcəklərini deyib:
“Noyabrdakı konsert üçün ssenarini yenidən yazdım. Təxirə salınan konsertlərdən cəmi bir səhnəcik saxlamışam, qalan hər şey yenidir. Bir səhnəcik qalıb, onu da bitirmək üzrəyəm, tezliklə bitirməliyəm ki, Rafaellə Coşqun artıq məşqlərə başlasınlar. 
Ümid edirik ki, noyabra kimi yenidən qapanmalar olmaz, yoluxma sayı artmaz. İnşallah bu dəfə karantin olmaz və yenidən konsertimiz təxirə salınmaz. Pandemiya zamanı ən çox konsert təxirə salan biz olduq. 2020-ci ilin mart ayında 8 günlük, 2020-nin noyabr ayında 5 günlük, 2021-ci ilin mart ayında 8 günlük, 2021-ci ilin noyabrındakı konsertləri təxirə saldıq. Bununla bərabər, iki dəfə Naxçıvandakı, bir dəfə Tiflisdəki, bir dəfə Xarkovdakı, Moskva, Sankt-Peterburq və Gəncədəki konsertlərimiz də təxirə düşdü. Bu üç il ərzində dəfələrlə konsertlərimiz təxirə salındı. Bu ilin mart ayında da Xarkov şəhərində konsertimiz olacaqdı, biletlərimiz də satılmışdı, amma müharibə başladı və konsert növbəti dəfə təxirə salındı”.
Ssenarist təxirə salınan hər konsertin komandaya həm də maddi zərbə vurduğunu qeyd edib:  
“Bu təxirə salınmalar həm də maddi zərbədir. Bilirsiniz ki, hər bir konsertin təşkili üçün maddi vəsait tələb olunur. Xarkovdakı konsert üçün yerin bir günlük haqqını ödəyib, iki gününü isə müqavilə bağlamışdıq. Ödədiyimiz icarə haqqı batdı. Bundan əlavə, digər şəhərlərdəki konsertlərimiz üçün afişalar çap olunmuşdu. Nəşriyyata demək olmur ki, konsert alınmadı, afişaları geri götürün. Təxirə düşən konsertlər üçün yüzlərlə afişa çap olunmuşdu, amma hamısı divara asıldığı kimi çıxarılıb atıldı, çünki heç bir gərək qalmadı. Bundan başqa çap olunan biletlər heç nəyə lazım olmadı. Alınan təyyarə biletləri də istifadə olunmadı. Bunlar hamısı bizə maddi zərbə idi, amma dözdük. İnşallah, bu mövsümdən hər şey yaxşı olar”.

Oxşar xəbərlər