Qazaxıstanda höküməti dəyişikliklərə getmək situasiya vadar etdi - ekspert
3-09-2022, 10:52
17 859

Qazaxıstanda höküməti dəyişikliklərə getmək situasiya vadar etdi - ekspert

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev bir neçə aya vaxtından əvvəl prezident seçkilərin keçiriləcəyini elan etdi.
Sentyabrın 1-də illik müraciətində Tokayev prezidentlik müddətini beş ildən yeddi ilə qaldırmağı, gələcək prezidentlərin bir müddətdən artıq namizədliyini verməyi yasaqlamağı təklif edib.
Azərbaycanda da bu cür dəyişikliklərin vacib olduğu ilə bağlı fikirlər səsləndirilir.
2016-cı ildən etibarən Azərbaycanda referendum yolu ilə Konstitusiyaya dəyişikliklər edilib. Prezidentliyin müddəti 5 ildən 7 ilə qaldırıldı, yaş məhdudiyyəti aradan qaldırıldı. 2009-cu ildə isə Konstitusiyaya edilən dəyişiklik prezidentin ömürlük seçilməsinə imkan yaradıb.
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü Elman Nəsirov Turana bildirib ki, Qazaxıstandakı kimi Azərbaycanda da hakimiyyətin mənbəyi xalqdır. «Xalq hansı quruluşu istəyir, kimi və hansı müddətdə hakimiyyətdə görmək istəyir bu, xalqın öz seçimidir».
Deputat qeyd edib ki, Azərbaycanda prezident seçilməsi müddətində məhdudiyyət yoxdur. «Azərbaycan xalqı Prezident İlham Əliyevə hər seçkilərdə böyük etimad göstərir. Bu, xalqın seçimidir. Xalq 4 dəfə Azərbaycan Prezidenti cənab İlham Əliyevi dövlət rəhbəri kimi görmək istəyib və onun lehinə səs verib».
E.Nəsirovun fikrincə, ona görə də burda xalqın seçiminə məhdudiyyət qoymaq olmaz. «Bu, antidemokratik addım ola bilərdi. Hətta seçicilərlə söhbətində bəzən elə fikirlər də səslənir ki, ümumiyyətlə biz seçimimizi birdəfəlik etmişik, indi də, gələcəkdə də Azərbaycan Prezidenti İlham Əliyev olmalıdır. Deyirər ki, biz onun alternativini görmürük və İlham Əliyev Ali Baş komandan olaraq öz tarixi qələbəsi ilə Azərbaycan tarixinə və eyni zamanda dünya hərb tarixinə əbədi olaraq öz adını həkk edib. Bu, xalqın öz seçimidir».
O, əlavə edib ki, Azərbaycana hər hansı bir modelin tədbiq etməsinə ehtiyac yoxdur. «Bizim öz modelimiz var və xalqın seçimi bizim üçün əsasdır».
Müsavat Partiyasının başqanı Arif Hacılı isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda da Qazaxıstanda olduğu kimi bu tipli dəyişikliklər yalnız bir nəfərin - dövlət rəhbərinin siyasi iradəsindən asılıdır. «Tokayev belə bir siyasi iradə göstərib və prezidentin yalnız bir dəfə seçilməsi ilə bağlı təklif verib. Onun başqa islahatlarla bağlı da təklifləri var. Ancaq təəssüf ki, Azərbaycanda biz İlham Əliyevin 19 illik hakimiyyəti dövründə cəmiyyətin liberallaşdırılması, ölkədə demokratik islahatların aparılması istiqamətində hər hansı dəyişiklik təklifinin şahidi olmamışıq».
Partiya rəhbərinin sözlərinə görə, əksinə bu dövr ərzində bir neçə dəfə keçirilən referendumlarda qanunlar bir qədər də mürtəceləşdirilib. «Prezidentin iki dəfədən artıq seçilməsinə qadağa qoyan müddəa dəyişdirilib».
Onun fikrincə, bu məsələlər cəmiyyətdən asılı olsa Azərbaycan xalqı bir dəfə 7 il seçilmək prinsipini yox, dünyada geniş yayılmış bir nəfərin 5 il müddətinə iki dəfədən artıq seçilməsinə qoyulan məhdudiyyətinə müddəti üstünlük verər.
Siyasi şərhçisi Azər Qasımlı isə AzadlıqRadiosuna bildirib ki, indiki sistemi nəzərə alsaq və onunla müqayisə etsək prezidentin cəmi bir dəfə 7 illik müddətinə seçilməsi daha yaxşıdır. «Amma İlham Əliyevin buna gedəcəyini gözləmirəm. Onlar 2016-cı ildə keçirilən referendumda prezidentin səlahiyyət müddətini 5 ildən 7 ilə artırdılar, amma 2009-cu ildəki Konstitusiya referendumunda ləğv etdikləri bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə qoyulmuş qadağanı bərpa etmədilər».
Politoloq qeyd edib ki, Azərbaycan hakimiyyəti heç bir tezis və arqumentlərə baxmır. «İstədikləri kimi seçki keçirirlər, istədikləri kimi onları saxtalaşdırırlar, istədikləri vaxt seçki elan edirlər. Yəni tamamilə özbaşınalıqdır. Hətta dəyişdirildikləri Konstitusiyaya belə baxmırlar. Belə olan təqdirdə hansısa təklif vermək, arqument səsləndirmək əbəsdir».
O, qeyd edib ki, Qazaxıstanda höküməti dəyişikliklərə getmək situasiya vadar etdi. «Bu ilin yanvarında olan hadisələr Nazarbayevə və Tokayevə, yəni elitaya qarşı bir ayaqlanma idi. Təbii ki, onun əks-sədası Qazaxıstanda hələ də eşitməkdədir, bu ölkədə hazırda elita dəyişiklikliyi baş verir və Tokayevin bu islahatlara getməsinin əsas səbəbi budur. Ukraynada gedən proseslər də öz təsirini göstərir. Azərbaycana da Ukraynada gedən proseslər təsir göstərməyə başlayıb, getdikcə də bu təsir daha da artacaq və irəlidə bizim iqtidar da məcbur olub hansısa islahatlara gedə bilər».

Oxşar xəbərlər