"Azərbaycan-İtaliya münasibətləri artıq strateji tərəfdaşlıq səviyyəsinə çatıb" - Elman Nəsirov
6-09-2022, 10:55
1 828

"Azərbaycan-İtaliya münasibətləri artıq strateji tərəfdaşlıq səviyyəsinə çatıb" - Elman Nəsirov

“Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri ikitərəfli münasibətlərin inkişafına yeni imkanlar pəncərəsi açır. Bu səfər iki tərəf arasında siyasi dialoq, iqtisadi-ticarət münasibətləri, enerji təhlükəsizliyi, humanitar, nəqliyyat və logistika sahələrində əlaqələrin, bütövlükdə çoxşaxəli əməkdaşlığın inkişafından xəbər verir. Bu səfər, həmçinin onu da təsdiqlədi ki, Azərbaycan dövlətinə və onun rəhbərinə çox böyük inam, etibar və etimad var”.
Bu sözləri Milli Məclisin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfərini şərh edərkən bildirib.
“Məsələ burasındadır ki, İtaliyada hökumət böhranı yaşanmaqdadır. Draqhi hökuməti artıq özünün son dövrünü yaşayır. Sentyabrın 25-də bu ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. Adətən bu kimi böhranlı zamanlarda İtaliyaya yüksək səviyyəli rəsmi səfərlər baş tutmur. Bütün nəzərlər qarşıdakı seçkilərə dikilir. Amma Azərbaycan dövlət rəhbərinə münasibətdə bu istisna təşkil edib. Prezidentimiz çox yüksək səviyyədə qəbul edilib”.
Deputatın sözlərinə görə, bu səfər çərçivəsində imzalanan birgə bəyannamə Azərbaycan-İtaliya münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib.
“Bizim İtaliya ilə bir çox sahələrdə əlaqələrimiz var. Strateji tərəfdaşlığın formalaşmasına dair imzalanan ikitərəfli bəyannamə bütün istiqamətlər üzrə Azərbaycan-İtaliya münasibətlərinin inkişafının yol xəritəsidir. Xüsusilə, enerji sahəsində İtaliya daxil olmaqla bir çox avropa ölkələri ilə məhsuldar əməkdaşlıq mövcuddur. Bildiyimiz kimi, Azərbaycan Avropaya 13.5 milyard kub metr qaz  ixrac edir. Bunun 11.7 milyardı İtaliyanın payına düşür. Həmçinin dövlət rəhbərinin sözlərinə görə, Azərbaycan Avropaya 22 milyard çox qazın ixracını da planlaşdırır”. 
Bununla yanaşı, Elman Nəsirov  İtaliyanın Azərbaycanın neft ixracatında birinci, təbii qaz ixracatında üçüncü olduğunu, eləcə də bu yaxınlarda Azərbaycan və Avropa İttifaqı arasında imzalanan enerji tərəfdaşlığının Azərbaycan-İtaliya münasibətlərində enerji əməkdaşlığının inkişafına imkanlar yaradacağını da diqqətə çatdırıb.
“Azərbaycan və İtaliya arasında təkcə ənənəvi enerji mənbələri yox, həmçinin bərpaolunan enerji mənbələri, xüsusilə külək və günəş enerji sahəsində əlaqələrin genişlənməsi nəzə çarpandır. Qarabağ və Şərqi Zəngəzurda hazırda yenidən qurulan yaşayış yerlərinin və mülki obyetlərin bərpaolunan enerjiyə ehtiyacları var.  Düşünürəm ki, İtaliya bu sahədə öz töhfələrini verə bilir”.

Oxşar xəbərlər