160-dan çox nümayəndə mədəniyyət paytaxtında...
6-09-2022, 10:57
1 837

160-dan çox nümayəndə mədəniyyət paytaxtında...

İki ölkənin diplomatları Şuşa səfərindən niyə imtina ediblər?
Nicat PAŞA
Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi parlaq qələbə nəticəsində regionda yeni geosiyasi reallıqlar yaratdı. Ölkəmizin beynəlxalq aləmdə böyük nüfuza sahib olması, etibarlı tərəfdaş olaraq tanınması fonunda bəzi ölkələrin atdığı addımlar başadüşülən deyil.
Avqustun 27-də Şuşada işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlərə və planlara, postmünaqişə dövründə minatəmizləmə əməliyyatlarına və şəhərsalma potensialının istifadə edilməsinə, ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfrans keçirildi. Konfransda Azərbaycanda akkreditə olunmuş, eyni zamanda, Ankarada, Tehranda və Moskvada fəaliyyət göstərən qeyri-rezident səfirlər, beynəlxalq diplomatik korpusun nümayəndələri, hərbi attaşelər, Türkiyə Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının yüksəkvəzifəli şəxsləri də olmaqla ümumilikdə 160-dan çox nümayəndə iştirak edirdi. Qonaqlar arasında nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri də yer alırdı.
Avropa İttifaqının, BMT-nin və bu təşkilatın Qaçqınlar üzrə Ali Komissarlığının, Uşaq Fondunun, İnkişaf Proqramının, Əhali Fondunun, Dünya Bankının, Türk Dövlətləri Təşkilatının, TÜRKSOY-un, Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın, Avropa Yenidənqurma və İnkişaf Bankının, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun, Beynəlxalq Miqrasiya Təşkilatının, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin nümayəndəliklərinin rəhbərləri tədbirdə iştirak edənlər arasında idi. Konfransda demək olar ki, bütün qitələri əhatə edən səfirlik və hərbi attaşelər yer alırdı. Böyük Britaniya, Niderland, İsveç, Danimarka, Belçika, Almaniya, İtaliya, Kanada, İran kimi ölkələrlə yanaşı uzaq Dominikan, Qvineya, Qvatemala, Uqanda, Kamerun, Namibiya və digər ölkələrin də təmsilçiləri iştirak edirdilər.
Konfrans maraqlı tərəfləri ilə bərabər diqqətçəkən məqamları ilə də yadda qalıb. Belə məqamlardan biri də  ABŞ və Fransanın ölkəmizdəki səfirlərinin həmin mötəbər konfransda iştirak etməməsi olub. Bu, bir növ onların ənənələrinə sadiqliyini nümayiş etdirirdi desək, yanılmarıq.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ və Fransa səfirlərinin Şuşada keçirilən beynəlxalq konfransda iştirak etməməsinə münasibət bildirib. O, tədbirdə çıxışı zamanı ABŞ və Fransanın diplomatik korpuslarının bu hərəkətlərini belə izah edib: “ABŞ və Fransa səfirləri dəfələrlə dəvət olunmalarına baxmayaraq, Şuşaya səfər etməkdən nümayişkaranə şəkildə imtina edirlər. Bu, onların Azərbaycanın ərazi bütövlüyünə hörmət etməməsi kimi qiymətləndirilməlidir”.
Mövzu ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan Milli Məclisin deputatı, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elman Nəsirov deyir ki, bu, heç bir halda ABŞ və Fransa səfirlərinin özfəaliyyətləri kimi qiymətləndirilə bilməz: “Vaşinqtondan və Parisdən aldıqları təlimatlar əsasında onlar bu cür davranış ortaya qoyublar. İkincisi, bu məsələ ilə bağlı ABŞ səfirliyi də bir məlumat yaydı və əsl sualın cavabını vermədilər. Amma dolayısıyla onlar bizim ərazilərimizə - Ağdama, Füzuliyə, Zəngilana və digər ərazilərimizə - səfər etdiklərini vurğuladılar. Deyilən ərazilər keçmiş Dağlıq Qarabağ ərazisindən kənarda olan torpaqlarımızdır. Şuşa isə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə daxil olan şəhərdir. Belə çıxır ki, onlar üçün hələ də bu münaqişə bitməyib. Və eyni zamanda, onlar bu davranışları ilə yenidən status məsələsinin girovuna çevrildiklərini ortaya qoyurlar. Biz dəfələrlə ABŞ-ın Ermənistandakı səfirinin dilindən eşitmişik ki, bu münaqişə bitməyib, hələ Dağlıq Qarabağın statusu müəyyən edilməyib - bu kimi ifadələr. Amma Azərbaycan Prezidenti dəfələrlə çıxışlarında qeyd edib ki, status məsələsi bizim üçün gündəmdə deyil, bizim üçün yoxdur, bu məsələ bitib. Eyni zamanda, cənab Prezidentin 2021-ci ilin 7 iyul tarixli müvafiq Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradılıb. Heç bir halda bu gün Dağlıq Qarabağ deyilən ərazi vahidi yoxdur. Bu, birmənalıdır”.
E.Nəsirov ABŞ və Fransanın bu cür davranışlarına qarşı Azərbaycan cəmiyyətində haqlı etiraz formalaşdığını, ictimaiyyətin bundan narazı olduğunu da diqqətə çatdırıb: “Deməli, bəlli olur ki, Fransa və ABŞ səfirlərinin Şuşaya getməməsinin kökündə dayanan fundamental səbəb odur ki, onlar yenə də status məsələsini qabartmaq, aktuallaşdırmaq istəyirlər. Elə məhz bu düşüncə tərzinin məntiqi nəticəsi olaraq ABŞ-ın Dövlət Departamenti olmayan ATƏT-in Minsk qrupuna yeni həmsədr təyin edir. Bu həmsədrlik institutu ABŞ-ın, elə Fransanın da iştirakı ilə 30 il ərzində bu münaqişəni həll etmədi. Əslində onun həlli üçün bir buxova çevrildi. Yenidən bu məsələni gündəmə gətirmələri qəbuledilməzdir”.
“Bir daha dövlətimizin mövqeyini səsləndirərək bildirmək istəyirəm ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları mövcuddur. Dağlıq Qarabağ deyilən ərazi vahidi olmadığı kimi Minsk qrupu da bizim üçün yoxdur. Yeri gəlmişkən, Minsk qrupunun daxili həmsədrlik institutunu ləğv edənlər də elə ABŞ, Fransa və Rusiya olub. Bu üç həmsədr dövlətin Ukrayna böhranı fonundakı düşmənçilik münasibətləri həmsədrlik institutunun məhvinə gətirib çıxarıb. İndi bunu yenidən diriltmək cəhdi çox uğursuz bir cəhddir və heç bir perspektivi yoxdur”, - deyə E.Nəsirov fikirlərinə əlavə edib.
Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü də qəzetimizə açıqlamasında bildirib ki, ABŞ-a qarşı olan ölkələrin müttəfiqlərinə dəstək vermək bilavasitə Amerikanın özünün maraqlarına zərbə vurmaq deməkdir: “Bu hallar onu nümayiş etdirir ki, ABŞ-da erməni diasporunun təsiri bu ölkənin siyasətinə çox mənfi təsir göstərir. Yəni əslində, bu, ABŞ-a qarşı olan ölkələrin müttəfiqlərinə dəstək vermək bilavasitə Amerikanın özünün maraqlarına zərbə vurmaq deməkdir. Demək olar ki, lobbiçilik fəaliyyəti bu ölkədə qanunidir. Baxmayaraq ki, bu, siyasi korrupsiyanın əlamətidir, erməni diasporası bu imkanlardan istifadə edir”.
“Oxşar vəziyyət Fransada da mövcuddur” - deyən A.Mollazadə əlavə edib ki, bu gün yenidən hansısa əvvəlki siyasətə bənzər siyasət həyata keçirmək gülünc görünür, bölgədə olan reallıqları özündə əks etdirmir və bu ölkələrin nüfuzuna çox böyük xələl gətirir: “Bir şeyi xatırlatmaq istərdim ki, hər iki ölkə “siyasi turizm” həyata keçirən keçmiş Minsk qrupunun keçmiş həmsədrləridir. Artıq bunun nəticəsində 30 ilə yaxın bir müddətdə bu qurumun münaqişənin həlli ilə bağlı heç bir şey həyata keçirə bilmədiyinin səbəbi aydın olur. Deməli, onların məqsədi münaqişənin həlli deyildi. Məqsəd münaqişəni dondurub Ermənistana uyğun olaraq status-kvo saxlamaqdan ibarət idi. Azərbaycan özü münaqişəni həll etdi. Azərbaycan Silahlı Qüvvələri BMT-nin qətnamələrini icra edib, Minsk qrupunun üzərinə düşən bütün məsələləri həll edib”.
Politoloq İlyas Hüseynov isə qəzetimizə bildirib ki, Fransa və ABŞ regiondakı yeni geosiyasi reallıqları ya həzm edə bilmir, yaxud da Azərbaycanın ərazi bütövlüyünə açıq-aşkar şəkildə hörmətsiz şəkildə yanaşır. Eyni zamanda, biz ATƏT-in Minsk qrupunun reanimasiya olunması, revanşist qüvvələrin bu istiqamətdə fəaliyyət göstərməsi ilə bağlı məkrli təşəbbüslərini də görürük: “Xüsusilə qeyd etmək lazımdır ki, Prezidentin köməkçisi Hikmət Hacıyev öz çıxışında keçmiş ATƏT-in Minsk qrupunun həmsədrlik institutunu təmsil edən ABŞ və Fransa səfirlərinin bu missiyada iştirak etməmələri ilə bağlı məsələyə diqqət çəkdi. Rusiya səfiri bir müddət öncə Şuşaya səfər etmişdi, lakin artıq rəsmi şəkildə ifadə olundu ki, ABŞ və Fransa səfirləri onlara dəfələrlə müraciət və sorğular göndərilməsinə baxmayaraq, bu cür səfərlərdə iştirak etmirlər. Bu onu deməyə əsas verir ki, revanşist qüvvələrin fəaliyyəti və eləcə də həm Fransa, həm də ABŞ-da çox güclü şəkildə kök salmış erməni lobbisi dairələrinin və erməni təbliğat maşınının fəaliyyətinin nəticəsini də müşahidə edirik”.
İ.Hüseynovun sözlərinə görə, bütün bunlar regional sülhə, təhlükəsizliyə və sabitliyə mənfi təsir göstərən amillərdir: “Çünki regionda Aİ, eləcə də Rusiya vasitəçi qismində iştirak edirlər. Hətta avqust ayının sonunda Moskvada və Brüsseldə önəmli görüşlər keçiriləcək. Sülh gündəliyinə uyğun olaraq, sərhədlərin delimitasiyası, sülh müqaviləsinin hazırlanması, eləcə də iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması, humanitar problemlərin həlli əsas prioritet kimi dayanır. Və bölgənin gələcəyi, xalqların rifahı ilə bağlı təhlükəsizlik arxitekturası ilə əlaqəli mühüm danışıqların getdiyi bir dönəmdə biz ATƏT-in Minsk qrupu ilə bağlı istənilən addımları və bu xüsusda həyata keçirilən fəaliyyəti neqativ hesab edirik. Bizim üçün ATƏT-in Minsk qrupu effektiv olmayan fəaliyyətinə görə tarixin arxivinə göndərilib və bugünkü reallıqlarla uyğunluq təşkil etmir. Çünki 30 illik səmərəsiz fəaliyyəti, danışıqların imitasiyası və mənasız səfərlərlə ATƏT-in Minsk qrupu özü-özünü siyasi gündəlikdən uzaqlaşdırdı”.

Oxşar xəbərlər