“Cəhənnəm”dəki Minsk Qrupunun “fatihəsi”ni niyə vermirik - MQ-ni rəsmən tərk edəkmi...
7-09-2022, 10:34
2 076

“Cəhənnəm”dəki Minsk Qrupunun “fatihəsi”ni niyə vermirik - MQ-ni rəsmən tərk edəkmi...

Azərbaycan ATƏT-in Minsk Qrupuna olan (MQ) ümidlərini təxminən 2016-2017-ci illərdə tam üzmüşdü. 2020-ci ilin payızında baş tutan 44 günlük Vətən savaşında Minsk Qrupu da “cəhənnəmə göndərilib”. Azərbaycan Prezidenti bunu çıxışlarında dəfələrlə bəyan edib ki, artıq MQ-yə mövcud mandatı üzrə heç bir ehtiyac yoxdur, çünki Qarabağı Azərbaycan işğaldan azad edib.
Ancaq görünən budur ki, ABŞ, Fransa və Rusiya Minsk Qrupunu diriltməyə, ona süni nəfəs verməyə çalışır. Bu, əslində tamamilə qeyri-ciddi və gülüş doğuran bir mənzərədir. Axı Minsk Qrupu bundan sonra nə edəcək? Onun görəcəyi heç bir iş yoxdur. Digər tərəfdən, bu formal və mənasız quruma Azərbaycan xalqının etimadı azı 10 il öncədən tamamilə itib. Keçirilən rəy sorğuları bunu birmənalı şəkildə təsdiqləyir. Xalq arasında da deyildiyi kimi, Minsk Qrupu da “status” kimi cəhənnəmə gedib, gorbagor olub. Azərbaycanlılar üçün belə bir qurum artıq yoxdur.
Minsk Qrupuna həmsədrlik edən ölkələr hazırda bir-biri ilə müharibə aparırlar. Onların özlərinə sülhyaradan bir nəsnə lazımdır. MQ-nin formatı artıq çoxdan sülh formatı deyil - “dalaşan uşaqlar” gəlib regiona, Azərbaycan və Ermənistana nə verə bilərlər?
Daha çox Kollektiv Qərbin -  Amerika və Fransanın marağı var ki, MQ-ni reanimasiya etsin. Belə bir təəssürat yaratmağa çalışırlar ki, sanki  “Qarabağ münaqişəsi” həll olunmayıb və Qərbin regiona müdaxiləsinə ehtiyac var.
Belə bir vəziyyətdə Azərbaycan dövləti niyə daha qətiyyətli hərəkət edərək, Azərbaycanın Minsk Qrupundan çıxdığını rəsmən bəyan etmir, o cümlədən bizə dost olan ölkələri də bu demarşa qoşmaq olar. Məsələn, qardaş Türikiyəni. Bunu niyə etmirik? Minsk Qrupundan niyə rəsmən çıxmırıq?
Elman Nəsirov 3 yaşına kimi uşaqlara ödəniş edilməsini
Deputat Elman Nəsirov: “Onu de-yure də özləri dəfn edəcəklər”
Milli Məclisin deputatı Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, ATƏT-in Minsk Qrupu 1992-ci il oktyabrın 24-də yaradılıb, 11 dövlətdən ibarət idi. Lakin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin, yəni tarixə çevrilmiş münaqişənin həlli missiyasını isə birbaşa üç həmsədr dövlət icra edirdi. Onların 30 ilə yaxın fəaliyyətinin nəticəsi sıfıra bərabər oldu. Və onların vaxtilə öyündüyü bir məsələ var idi ki, guya ATƏT-in Minsk Qrupu olmasaydı, bu münaqişə çoxdan müharibəyə çevrilmişdi. 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin Vətən müharibəsi Minsk Qrupunun bu öyündüyü tezisini də tamamilə alt-üst elədi. Müharibə başladı və Cənab Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuz torpaqlarımızı işğaldan azad etdi: “Yəni Minsk Qrupunun sənəd üzərində üzərinə götürdüyü missiya o idi ki, bu münaqişə həllini tapsın, münaqişə həllini tapdı. Amma münaqişəni Minsk Qrupu deyil, Azərbaycan dövləti, onun ordusu həll etdi. Belə olan vəziyyətdə Minsk Qrupuna heç bir ehtiyac yoxdur. Onların bundan sonrakı missiyası nə ola bilər? Münaqişə bitib, postmünaqişə dövrünün yeni reallıqları var və bu halda ikitərəfli format işləyir. Azərbaycan-Ermənistan danışıqları gedir və burada Rusiya və Avropa İttifaqı müəyyən təşəbbüslərlə çıxış edir. Minsk Qrupuna heç bir ehtiyac qalmayıb. Azərbaycan Prezidenti gözəl bir fikir söylədi, dedi ki, biz onlara əlvida deyirik, ardınca da dedi ki, heç onlara sağ ol da düşmür. Beləliklə, Azərbaycan Minsk Qrupundan imtina etmiş oldu. ATƏT-in Minsk Qrupu həmsədrlərinin özü Minsk Qrupunu dəfn edib, daha o yoxdur. ABŞ və müttəfiqlərinin soyuq müharibəsi davam edir və davam edəcək. Bu baxımdan da Minsk Qrupunun perspektivi yoxdur. Defakto olmayan ATƏT-in Minsk Qrupunu deyure-də dəfn etmək lazımdır. Hazırkı reallıqlarda Azərbaycanın Minsk Qrupundan rəsmən çıxmasına ehtiyac yoxdur. Bu mənim subyektiv fikrimdir. Ona görə ehtiyac yoxdur ki, Minsk Qrupunun yenidən fəaliyyətə başlaması qeyri-real görünür. Çünki bu qrupda olan ölkələrin özləri arasında münasibətləri düşmənçilik münasibətləri səviyyəsindədir. Ukrayna müharibəsi başa çatdıqdan sonra da belə o dövlətlər arasında uzun müddət münasibətlər soyuq olacaq. Deməli, bir-birinə düşmən gözü ilə baxan dövlətlərin yenidən bir araya gəlib ATƏT-in Minsk Qrupuna ikinci nəfəs verməsi qeyri-mümkün görünür. Onu de-yure də özləri dəfn edəcəklər. Biz buna izafi güc sərf etməyək, öz işimizlə məşğul olaq.
Azərbaycan dövləti hazırda ikitərəfli danışıqlar formatına üstünlük verir. Biz məhz Ermənistanla danışıqlardayıq. Hansısa dövlətlər, tərəflər bu prosesə səmimi dəstək verirlərsə, biz bunun əleyhinə deyilik".
Elxan Şahinoğlu: "Paşinyan ordu daxilindəki vəziyyətdən narahatdır"
Elxan Şahinoğlu: “Əslində Azərbaycan bunu xeyli vaxt öncə edib”
Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, ABŞ və Fransa Minsk Qrupunun dirildilməsində israr etməklə düşünürlər ki, bəlkə Azərbaycan mövqeyini dəyişər, yenidən Minsk Qrupu formatına qayıdar: “Amma açıq-aşkar şəkildə Azərbaycan bunu istəmir. Çünki ikinci Qarabağ müharibəsindən sonra məsələ bitib. Əvvəllər Minsk Qrupu formatında danışıqlarda iştirak edirdik. Çünki ümid edirdik ki, mərhələli həll planı bu yolla işə düşəcək. Amma olmadı, 30 ilə yaxın danışıqlar heç bir müsbət nəticə vermədi. Biz müharibədə qələbə çaldıq və artıq Minsk Qrupuna ehtiyac qalmayıb. İndi bundan sonrakı məsələlərin həlli üçün iki vasitəçi var-Avropa İttifaqı və Rusiya. Onlar isə Minsk Qrupunda israr etmirlər. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin açıqlamalarının heç bir yerində keçmiş Dağlıq Qarabağ ifadəsi, Minsk Qrupu ifadəsi yoxdur. Buna görə də biz niyə Minsk Qrupunun bərpasına razı olmalıyıq?! Vaşinqton və Parisin ümidləri doğrulmayacaq. Azərbaycan Minsk Qrupu formatına qayıtmayacaq. Onlar bu statusda Bakıya gələ bilməyəcəklər.
Çünki heç kim burada onları o statusda qəbul etməyəcək. Anlamalıdırlar ki, bu israrçılıqları Azərbaycan-ABŞ, Azərbaycan-Fransa münasibətlərini soyudacaq. Bu, heç onların da marağına cavab verməməlidir. Çünki Cənubi Qafqazın açar dövləti Azərbaycandır. Azərbaycanla isti münasibətlər qurmaq əvəzinə əgər Minsk Qrupunu diriltmək və həmsədrlik məsələsində israrlarını davam etdirərlərsə, bu, münasibətlərə çox pis təsir edəcək. Azərbaycan üçün Minsk Qrupu bitib. Ona görə də oraya  hər hansı bir dövləti də cəlb etməyə ehtiyac duyulmur. Minsk Qrupundan rəsmi imtinaya gəlincə, əslində Azərbaycan bunu xeyli vaxt öncə edib. Ölkə Prezidenti Minsk Qrupuna ehtiyac qalmadığını, bu qrupun artıq tarix olduğunu açıq bəyan edib. Bunun özü imtina kimi qəbul edilməlidir”.

Oxşar xəbərlər