“Bakını dəhşətli tıxaclar bürüyəcək”
7-09-2022, 13:24
7 869

“Bakını dəhşətli tıxaclar bürüyəcək”

“Bir neçə gün sonra məzuniyyətdən hamı qayıdacaq, tədris ili başlayacaq və Bakını dəhşətli tıxaclar bürüyəcək”. 
Bunu hüquqşünas Aslan İsmayılov deyib. O, sosial şəbəkədə paylaşım edərək bildirib ki, artıq dünən bütün şəhərdə hərəkət dayanmışdı:
“İldən ilə artan tıxaclarla bağlı isə tədbir görmək istəyən yoxdur. Azərbaycanda marketlərə mal qəbulu hazırda çox yerlərdə səhər saat 8-dən günorta 5-ə qədərdir. Bu da ərzaq və qeyri-ərzaq malları daşıyan maşınların yolda tıxaclara səbəb olmasının bir faktorudur. 
Bir çoxumuz şahidi olmuşuq ki, səhər işə gedərkən yük boşaldan maşınlar küçələrdə hərəkəti iflic edirlər. Səhər Xırdalan tərəfdən gələnlər Abşeron, Sumqayıt, Sulutəpə və digər ərazilərdən şirkətlərin şəhərdə yerləşən marketlərə yük paylayan maşınların çoxluğunu rahat görə bilir. Bu məsələ digər ərazilərə də aiddir. 
Yaxşı olar ki, çörəkdən başqa digər malların qəbulu axşam 10-dan səhər 6-ya qədər olsun. Bir çox aparıcı dövlətlərdə bu təcrübədən yararlanırlar. Bu da yollarda yüklülüyün azalmasına xeyli təsir edir. Həmçinin yük daşıyan maşınların sürücüləri üçün də yolların boş olan vaxtı rahat hərəkət edə bilməsinə şərait yaradır”.

Oxşar xəbərlər