“ABŞ-ın Azərbaycandan silah alması hərbi gücümüzün təsdiqidir” — Elman Nəsirov
7-09-2022, 16:37
7 667

“ABŞ-ın Azərbaycandan silah alması hərbi gücümüzün təsdiqidir” — Elman Nəsirov

44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın istehsal etdiyi silahlar, hərbi texnikalar sınaqdan uğurla keçdi. Hazırda ölkəmiz hərbi-sənaye sahəsində 50-dən çox tanınmış şirkətlə əməkdaşlıq edir. Vətən müharibəsindəki zəfərdən sonra Azərbaycanın istehsal etdiyi silahlara böyük tələbat yarandığı da sirr deyil. Müdafiə sənayesi naziri Mədət Quliyev son açıqlamasında Azərbaycanın dünyanın supergücü olan ABŞ-a da silah satdığını vurğuladı.

Məsələ ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, ABŞ-ın Azərbaycandan silah alması dövlətimizin hərbi gücünün, hərbi potensialının təsdiqidir.

“Bu gün Cənab Prezidentimiz hərbi sənayemizi inkişaf etdirir və Azərbaycan bu sahədə artıq konkret nəticələr əldə edir.  Ölkəmizdə istehsal olunan  silahlar Azərbaycanın gücünün və potensialının ifadəsidir. Bilirik ki, Azərbaycanın bu gün 20-dən çox hərbi zavodu fəaliyyət göstərir və 1200  təyinatlı silah-sursat istehsal edirik. Eyni zamanda, qeyd edək ki, Azərbaycanın  PUA-lar da istehsal edir ki, bunlardan 4-ü də müasir silah və texnika sərgisi olan “ADEX”də nümayiş olundu”.  

Deputat bu tədbir çərçivəsində Azərbaycanın yeni müqavilələr imzaladığını da vurğulayıb:

“Azərbaycan Türkiyə və İsrail dövlətləri ilə yeni müqavilə imzalandı. Bu müqavilənin imzalanması ilə hər iki dövlətdən Azərbaycana ən müasir silahlar daxil olacaq ki, bu da Azərbaycanın hərbi gücünün, potensialının daha da möhkəmlənməsi mənafeyinə xidmət göstərəcək. Bu da təsadüfi deyil. Çünki, müharibə bitib, amma Ermənistanda revanşizm bu gün də var, onun  sabah da olması istisna deyil. Ermənistan Azərbaycana qarşı ərazi iddialarından tam şəkildə imtina etməyib. Bu reallıqlar fonunda Azərbaycanın güclü orduya sahib olması məntiqidir, belə də olmalıdır. Bu baxımdan Azərbaycan belə sərgini keçirməklə potensialını ortaya qoyur, yeni silahlar alır, eyni zamanda öz silahlarını ixrac edir. Hətta, dünyanın aparıcı dövlətləri Azərbaycandan silah alırlar ki, bu da bir daha dövləmizin hərbi gücünün, hərbi potensialının təsdiqi kimi qiymətləndirilə bilər”.

Oxşar xəbərlər