“Biz müharibəni udmuş dövlətik və Ermənistanı sülhə məcbur edəcəyik” - Elman Nəsirov
13-09-2022, 17:33
7 084

“Biz müharibəni udmuş dövlətik və Ermənistanı sülhə məcbur edəcəyik” - Elman Nəsirov

Xəbər verdiyimiz kimi Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabr ayının 12-dən 13-nə keçən gecə Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində irimiqyaslı hərbi təxribata əl atıblar. Ermənistan Silahlı Qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib. Görünən odur ki, Ermənistan rəhbərliyinin hər zamankı kimi söylədikləri əməlləri ilə üst-üstə düşmür. Paşinyan nə qədər dünyaya özünü sülh müqaviləsi imzalamağa razı imiş kimi göstərsə də, Azərbaycan-Ermənistan sərhədində törədilən təxribatlar bunun tam əksini deyir. 

Mövzu ilə əlaqədar Missiya.Az-a danışan Millət vəkili Elman Nəsirov açıqlamasında bildirdi ki, Ermənistan irimiqyaslı hərbi təxribat törədərək beynəlxalq ictimai fikirə sırımaq istəyir ki, Qarabağ münaqişəsi hələ bitməyib. 

“Paşinyan bir yandan Brüssel danışıqlarına sadiq qaldığını bəyan edir, sülh müqaviləsi imzalamağa razı olduğunu deyərək Azərbaycanın beş baza prinsipini qəbul edir. Eyni zamanda, o bildirir ki, bir ay ərzində Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərinin görüşünün keçirilməsinə razıdır və bu istiqamətdə əməli addımlar atılacaq. Hətta o, biraz da irəli gedir və noyabr ayının ortalarına qədər sülh müqaviləsinin ilkin versiyasının hazırlanması mümkünlüyündən bəhs edir. Bəs onda bütün bu sülhpərvər obrazı yaradaraq onun ardınca belə irimiqyaslı hərbi avantüraya əl atmasının motivi nə ilə bağlıdır? Burda bir məntiqsizlik yaranır. Hesab edirəm ki, bu heç bir halda təsadüfi deyil. Ermənistan dövləti yenə də öz təxribatçı mahiyyətini ortaya qoyub. Və bununla əsasən iki məqsəd güdür. Birinci məqsəd odur ki, Ermənistan son bir ay ərzində atəşkəsi intensiv şəkildə pozurdu. İndi isə irimiqyaslı hərbi təxribat törədərək beynəlxalq ictimai fikirə sırımaq istəyirlər ki, Qarabağ münaqişəsi bitməyib. Hansı sülhdən söhbət gedə bilər?” 

Ermənistan irimiqyaslı hərbi təxribat törədərək beynəlxalq ictimai fikirə sırımaq istəyir ki, Qarabağ münaqişəsi bitməyib

Elman Nəsirov həm də, Ermənistanın təxribat törətməklə Qarabağda yaşayan ermənilərin statusu müəyyən edilməsinə nail olmaq istədiyini də qeyd etdi: 

“Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev qeyd edib ki, bəli münaqişə bitib, post münaqişə dövrüdür və həllini gözləyən məsələlər var. Onların hər biri həlli istiqamətində bizim ardıcıl sistemli və əməli addımlar atmağa hazırıq və addımları da atırıq. Amma Ermənistan isə belə hərbi təxribatla sübut etmək istəyir ki, bir Qarabağ münaqişəsi bitməyib və Qarabağda yaşayan ermənilərin statusu müəyyən edilməsinə nail olmaq istəyir. Bu statusu müəyyən edən qurum isə yenə də ATƏT-in Minsk qrupu olmalıdır. Minsk qrupu? O artıq ölüb. O can verir demək düzgün deyil, o məhz ölüb və ümumiyyətlə de-fakto belə bir qurum  yoxdur”. 

Millət vəkilinin sözlərinə görə, Ermənistan Siyasi Rəhbərliyinin belə davranışını şərtləndirən, katalizator rolunu oynayan məsələlər də var. 

“Amerika Birləşmiş Ştatlaırı Dövlət Departamentinin mövqeyini qeyd etmək istəyərdim. Onlar artıq olmayan ATƏT-in Minsk qrupuna yeni həmsədr təyin edirlər. Təbii ki, bu da rəsmi İrəvana stimul verir, indiki təxribatçı davranışını şərtləndirir. Paşinyan dünənki hərbi avantürasının ardınca Rusiya prezidenti Vladimir Putinə, fransa prezidenti Manuel Makrona zəng edib. Yenə də vətən müharibəsindəki o gülünc obrazını təkrarlamaqla məşğuldur. Amma baş vermiş bu hərbi təxribata görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür. Buna görə də o öz layiqli cavabını alır. Bizim şanlı ordumuz Ermənistan Silahlı Qüvvələrinə sarsıdıcı zərbələr endirib və bu proses davam edir”.   

Bu dəfəki hərbi avantüranın məhz Ermənistan-Azərbaycan sərhədində baş verməsində məqsəd odur ki, Azərbaycanı KTMT ilə üz-üzə qoysunlar

Nəsirov vurğuladı ki, bu dəfəki hərbi avantüranın məhz Ermənistan-Azərbaycan sərhədində baş verməsində məqsəd odur ki, dolayısı yolla Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə üz-üzə qoysunlar: 

“Amma bunun heç bir real nəticəsi olmayacaq. Səbəb də bəllidir. Çünki Ermənistan ərazisindən Azərbaycan ərazisinə hərbi təxribat baş verirsə, deməli bizim üçün həmin təxribatın törədildiyi nöqtələr legitim nöqtələrdir. Bizim silahlı qüvvələrimizin onu məhv etməsi labüddür. Bu, tamamilə Beynəlxalq Hüquqa uyğundur. Ermənistanın sərhəddə belə hərbi avantüra törədib Azərbaycanı KTMT ilə üz-üzə qoymasının heç bir mənası yoxdur. Azərbaycan Xarici İşlər Nazirliyi bu məsələlərlə bağlı öz mövqeyini Beynəlxalq İctimaiyyətin nəzərinə çatdırıb. Azərbaycan Müdafiə Nazirliyi də Ermənistanın bütün hərbi təxribatının mahiyyətini ifadə edib”.   

Azərbaycan Silahlı Qüvvələri Ermənistanın heç bir mülki obyektini legitim hədəf saymadı 

Millət vəkili onu da bildirdi ki,  Ermənistan indi həm də Azərbaycana qarşı informasiya müharibəsi aparmaqdadır: 

“Dezifnormasiya yayır ki, güya Azərbaycan-Ermənistan ərazisindəki mülki obyektləri, mülki infrastrukturu vurub dağıdır. Beləcə olmayan, necə deyərlər, yalan informasiyaların ifrazı, istehsalı ilə məşğuldurlar. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın heç bir mülki obyektini legitim hədəf saymadı. Bu istiqamətdə heç bir addım atmadı. Bunu ermənilər etdilər və bu da onların növbəti dezinformasiya maşınının istehsal etdiyi məlumatlardır. Müdafiə Nazirliyimizin də qeyd etdiyi kimi Azərbaycan Kütləvi İnformasiya Vasitələri, sosial şəbəkə istifadəçiləri yalnız Müdafiə Nazirliyinin məlumatlarına istinad etsin  və təsdiqlənməmiş informasiyalar yaymasınlar. Bu olduqca mühüm məsələlərdən biridir”. 

Elman Nəsirovun söylədiklərinə görə, Ermənistan özü təxribat törətsə də, Azərbaycanı günahlandırır. 

“Fikir versəniz Ermənistanın baş naziri Nikol Paşinyan Vladivostokda keçirilən Beynəlxalq Konfransda qeyd edirdi ki, Azərbaycan dövləti Rusiyanın Ukraynada başının müharibəyə qarışmasından istifadə edib Ermənistanda münasibətdə hərbi təxribata əl ata bilər. Halbuki, Ermənistanın o konfransa ümumiyyətlə heç bir dəxli yox idi.  Bizim el misalımız var “adımı sana qoyum, səni yana-yana qoyum”. Özləri hərbi təxribata əl atır, amma bizi günahlandırırlar. Bu onların dəfələrlə sınaqdan çıxardığı üslubdur və buna heç kim inanmır”. 

Azərbaycan Silahlı Qüvvələrin uğurlu sarsıdıcı zərbələri nəticəsində artıq Ermənistanın sülh müqaviləsini imzalamaqdan başqa çarəsi qalmayacaq

Millət vəkili həmçinin qeyd etdi ki, bu hadisələrin yekununda Ermənistan sülh müqaviləsini imzalamağa məcbur qalacaq:

“O ki qaldı bu hadisələrin son nəticəsinə “Qisas” əməliyyatını Azərbaycan Silahlı Qüvvələri həyata keçirtdi. Və nəticədə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. İndi şərti olaraq bunu Ermənistanın hərbi təxribatına cavab olaraq hətta “Qisas 2” əməliyyatı adlandırmaq olar.  Və bunun nəticəsini belə hesab edirəm ki, Azərbaycan yeni strateji mövqelər üzərində nəzarət həyata keçirəcək və Azərbaycan Silahlı Qüvvələrin uğurlu sarsıdıcı zərbələri nəticəsində artıq Ermənistanın sülh müqaviləsini imzalamaqdan başqa çarəsi qalmayacaq. Bu sülhə daha da yaxınlaşacaq. Bu hərbi əməliyyatların məntiqi nəticəsi olaraq biz onu sülhə məcbur edəcəyik. Biz müharibəni udmuş dövlətik və yeni reallıqda həm də sülhü udacağıq”.   

Oxşar xəbərlər