Kəlbəcər qızılı, talançı şirkətlər, bir neçə milyardlıq CİNAYƏT...
3-11-2020, 13:19
302

Kəlbəcər qızılı, talançı şirkətlər, bir neçə milyardlıq CİNAYƏT...

Ermənistan 27 il ərzində işğalçılıq siyasəti yürütməklə bərabər, Azərbaycanın təbii ehtiyatlarını, resurslarını da mənimsəyib. İllərdir Kəlbəcərdə yerləşən qızıl yataqlarından hasil edilən ehtiyatlar dünya bazarlarına Ermənistan istehsalı kimi çıxarılır.

Rəsmi mənbələrə görə, işğal edilmiş ərazilərdə 155 adda müxtəlif növ faydalı qazıntı yataqları mövcuddur. Ermənilərin əsas hədəfi isə qızıl yataqları olub. Bu səbəbdən də Kəlbəcərin Ermənistanla sərhəd bölgələrindəki zəngin qızıl yataqlarında qanunsuz istismar başlayıb və bu proses ordumuzun 27 sentyabr 2020-ci il əks-hücum əməliyyatlarına qədər davam edib.

Hələ 1980-ci illərdə aparılan geoloji kəşfiyyat zaman Söyüdlü -Zod qızıl yatağı sahəsində 4-5 min il əvvəl qızıl istehsal edildiyi sübut olunub.

Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları, sənaye əhəmiyyətli ümumi ehtiyatları 850 ton olan 3 - Ağyataq, Levçay, Çorbulaq və ehtiyatları 200 tondan çox olan Qamışlı və Ağqaya civə yataqları, ehtiyatları 10941 min kubmetr olan və mişar daşı istehsalına yararlı Kilsəli tuf yatağı, ehtiyatları 1312 min kubmetr olan və kərpic istehsalına yararlı Keşdək gil yatağı, ehtiyatları 4473 min kubmetr olan və yüngül beton doldurucusu kimi istifadə olunan Keçəldağ perlit yatağı, ümumi ehtiyatları 2,2 milyon kubmetr olan 2 üzlük daş yatağı, ehtiyatları 2540 min kubmetr olan Çəpli qum-çınqıl qarışığı yatağı; 4 mərmər oniksi (ehtiyatları 1756 ton), nefroid (ehtiyatları 801 ton) yatağı; ehtiyatları 2337 ton olan 1 obsidian (dəvə gözü) yatağı, ehtiyatları 1067 min kubmetr olan 1 listvenit yatağı qalıb.

“Xarici şirkətlər hüquqi müstəvidə cavab verəcəklər”

Bu barədə Modern.az-a danışan Mili Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, ermənilərin Azərbaycanın qızıl yataqlarından istifadəsilə bağlı iqtisadiyyatımıza vurduqları ziyanın məbləği milyardlarla ölçülür:

“Azərbaycan ordusu torpaqlarımızı işğaldan tamamilə azad etdikdən sonra həmin təbii ehtiyatlardan istifadə, iqtisadiyatımıza yeni töhfə vermiş olacaq. Təbii ki, ermənilərin hasil etdikləri qızıl yataqlarından öz məqsədləri üçün istifadə edən xarici şirkətlər məsuliyyət daşıyırlar. Bu səbəbdən də beynəlxalq müstəvidə etdikləri cinayətə görə cavab verəcəklər. Bunun üçün Azərbayan tərəfi istənilən zəruri prosedurları həyata keçirəcək. Biz hüquqi dövlətik və bütün haqlarımızı da qoruyacağıq”.

Milyardlarla dollarlıq zərər...

Mili Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Modern.az-a bildirib ki, Kəlbəcər işğal olunduqdan sonra ərazidəki qızıl ehtiyatlarını qiymətləndirmək imkanları da itirilib:

“Amma Sovet dövrünün qiymətləndirmələri göstərir ki, söhbət kifayət qədər böyük qızıl ehtiyatlarından gedir. Ən çox qızıl ehtiyatlarımız Kəlbəcərdə cəmləşsədə də, Zəngilanda da müəyyən qədər ehtiyatların olduğu məlumdur.

Qızıl ehtiyatları baxımından Azərbaycan üçün vacib olan Kəlbəcərdir. Ötən 27 ildə Ermənistan Kəlbəcərdəki qızıl ehtiyatlarını hasil edərək, dünya bazarlarına çıxarıb. İlkin qiymətləndirmələrə görə, dəymiş ziyan milyardlarla dolları keçən rəqəmlərlə ifadə olunur. Amma Ermənistanın işğalı dövründə orada monitorinqlər aparmaq mümkünsüz idi. Yəni nə qədər qızıl hasil edib, nə qədər çıxarıb və s. Bütün bunlar Kəlbəcər işğaldan azad edildikdən sonra müəyyənləşəcək. Amma ehtiyatlardan kütləvi şəkildə, barbarcasına istifadə olunub. Güman olunur ki, dəymiz ziyan bizim təxmini hesablamalarımızdan daha böyükdür”.

“Ermənistanın ixracı Azərbaycanın təbii ehtiyatları hesabına artıb”

İqtisadçının sözlərinə görə, qızıl ehtiyatlarndan sistemli şəkildə istifadə mütləqdir:

“Qızıl özünün xüsusi texnologiyası var, hansı ki, həmin texnologiya və hasiletmə ilə bağlı prosedurlara əməl edilməlidir. Müşahidələr göstərir ki, erməni tərəfi buna əməl etməyib. Qızıl çıxarılıb, hasil edilərək satılıb. Bu zaman isə Azərbaycanın təbii ehtiyatı barbarcasına istismar edilib. Bunun özü də terrordur, cinayətdir. Qızıl yataqlarının gələcək perspektivlərilə bağlı problemlər yaradır.

Son vaxtlar Ermənistanın ixracatında qızıl və faydalı qazıntıların payı artıb. Təbii ki, bu da Ermənistanın işğal altındakı ərazilərimzidən oğurlayaraq, satdığı ehtiyatlardır”.

Oxşar xəbərlər