Müharibə əlillərinin hansı təminatları var? - SİYAHI
17-09-2022, 13:32
17 338

Müharibə əlillərinin hansı təminatları var? - SİYAHI

44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin, yaralanan, zərər çəkən mülki vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, problemlərinin həlli ilə bağlı silsilə addımlar atılıb, müvafiq sərəncam və fərmanlar imzalanıb. 
Bu da təsadüfi deyil. Çünki Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin və veteranların sosial müdafiəsi dövlətin həyata keçirdiyi sosial siyasət kursunun prioritet istiqamətidir. Şəhid ailələri və qazilər cəmiyyətin həssas təbəqəsidir və ona görə də bu həssas təbəqəyə daxil olan şəxslərin sosial problemləri daim diqqət mərkəzində saxlanılmalıdr.
Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, 44 günlük Vətən müharibəsində yaralananların ümumi sayı isə 11 min nəfərdən çoxdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, 44 günlük Vətən müharibəsində yaralanmış 3 min nəfərə yaxın qaziyə müxtəlif əlillik dərəcəsi verilib.
Vətən müharibəsindən sonra şəhid ailələri və qazilərə sosial ödənişlər edilir, sağlamlıqlarını itirmiş hərbiçilər protezlərlə təmin olunur, reabilitasiya mərkəzlərində müalicəsi həyata keçirilir. Müalicəsi ölkəmizdə mümkün olmayan yaralılar Türkiyəyə göndərilir.
Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı fiziki sağlamlıqlarını itirmiş və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçıları müharibə əlilləri hesab olunur. Müharibə əlilləri qanunvericiliklə bir sıra sosial təminatlara malikdirlər. 
Bu təminatlar aşağıdakılardan ibarətdir:
1. Müharibə əlillərinə birdəfəlik sığorta ödənişi;
• I dərəcə əlilliyi olan şəxslərə 8800 manat;
• II dərəcə əlilliyi olan şəxslərə 6600 manat;
• III dərəcə əlilliyi olan şəxslərə 4400 manat.
2. Əmək stajından asılı olaraq pensiya (əmək pensiyasının sığorta hissəsinə əlavə) və ya müavinət ödənişi;
• I dərəcə əlilliyi müəyyən edilmiş şəxslərə hər bir halda, II və III dərəcə əlilliyi müəyyən edilmiş şəxslərə isə sığorta stajına əsasən hüquqları yarandıqda əlilliyə görə pensiya ödənilir.
• əlilliyi müəyyən edilmiş şəxslərin pensiya hüququ olmadıqda II dərəcə əlilliyi olan şəxsə 130, III dərəcə əlilliyi olan şəxsə 110 manat məbləğində müavinət ödənilir.
3. Prezidentin aylıq təqaüdü;
• I qrup əlillərə – 400 manat (əlavə olaraq, I dərəcə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edənlərə 50 manat məbləğində təqaüd ödənilir);
• II qrup əlillərə – 350 manat;
• III qrup əlillərə – 300 manat
4. Müharibə əlillərinin 16 yaşına (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşınadək) çatmamış uşaqlarına 15 manat məbləğində aylıq müavinət ödənişi;
5. Hərbi xidmət dövründə xəstələnmə ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar I qrup əlilliyi olan şəxslərə 130 manat məbləğində Prezidentinin təqaüdü;
6. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin dispanser qeydiyyatında olan uşaqlarına 15 manat məbləğində aylıq müavinət ödənişi;
7. Müharibə əlillərinin övladları və özləri təhsil haqqı ödəməkdən azad olunur;
8. Protez və reabilitasiya vasitələri ilə pulsuz təmin olunurlar, həmçinin bərpa mərkəzlərində mütəmadi reabilitasiya kursları keçirilir;
9. Sanator-kurort müalicəsi üçün ildə 1 dəfə pulsuz göndərişlərlə təmin olunurlar;
10. Aktiv məşğulluq proqramlarında (özünüməşğulluq, ödənişli ictimai işlər və s.) onlara üstünlük verilir;
11. Onların məşğulluğunun təmin edilməsi üçün bütün işəgötürənlər üçün (dövlət və özəl) məcburi kvota müəyyən edilib;
12. Müharibə əlilləri və iştirakçıları, həmçinin onların övladları üçün vergi, əmək qanunvericiliyində və s. üçün bir sıra güzəştlər də nəzərdə tutulub.
13. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan Qarabağ müharibəsi əlillərinə mənzillər və fərdi evlər, habelə avtomobillər dövlət tərəfindən təqdim edilir. (növbəlilik əsasında)
14. Müharibə əlillərinə kommunal, nəqliyyat və digər xidmətlərə görə aylıq 80 manat məbləğində sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində təqaüd ödənilir.
Müharibə əlilləri yuxarıda qeyd olunan güzəşt və imtiyazlardan yararlanmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon/şəhər yerli struktur bölmələrinə müraciət edə bilərlər.
Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində psixoloji dəstək mərkəzi də fəaliyyətə başlayıb. Bu dəstək müharibə zonasındakı vətəndaşlar, müharibə iştirakçıları, şəhid ailələrinin üzvləri və yaralanmış vətəndaşlar üçün dövlət hesabına təmin ediləcək. Sosial Xidmət Agentliyi tərəfindən “Qaynar xətt” (050 406- 75- 85) yaradılıb. Psixoloji yardıma ehtiyacı olan şəxslər bu nömrəyə zəng etməklə dövlət vəsaiti hesabına həyata keçirilən dəstəkdən yararlana bilərlər.
Hazırladı: Ə.Məhəmmədoğlu 
Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin mediada müzakirəsi” adlı layihə çərçivəsində hazırlanmışdır. 

Oxşar xəbərlər