Pelosinin Ermənistan səfərində iki məqsədi var idi – Elman Nəsirov
20-09-2022, 10:35
1 651

Pelosinin Ermənistan səfərində iki məqsədi var idi – Elman Nəsirov

ABŞ Konqresinin spikeri Nensi Pelosinin sentyabr ayının 17-də Ermənistana səfəri nəticə etibarilə regionda gərginliyin daha da artması və müharibənin daha da alovlanması məqsədinə xidmət göstərir.
Bunu Millli Məclisin deputatı Elman Nəsirov amerikalı spikerin Ermənistana səfəri zamanı sentyabrın 12-dən 13-ə keçən gecə ermənilərin sərhəddə törətdiyi hərbi təxribatı Azərbaycanın üzərinə atan bəyanatını kəskin şəkildə qınayaraq verdiyi açıqlamada bildirib.
E.Nəsirov bəyan edib ki, Nensi Pelosinin bu səfər zamanı səsləndirdiyi fikirlər tamamilə antiAzərbaycan olub, nəticə etibarilə Ermənistanla mövcud atəşkəsin pozulması məqsədlərinə xidmət göstərir. Deputat hesab edir ki, Nensi Pelosinin Ermənistana səfərində iki əsas məqsəd var.
“Birincisi, noyabr ayında Konqresə aralıq seçkilər keçiriləcək. Nensi Pelosi istəyir ki, erməni lobbisinin dəstəyini alaraq bu dəfə də parlamentə düşsün. O özü də Ermənistanda çıxışı zamanı qeyd elədi ki, Koliforniya Ştatının əhalisinin 40 faizini ermənilər təşkil edir. Təbii ki, məhz ermənilərin maliyyə, siyasi dəstəyi ilə deputat seçilən, daha sonra Konqresə spiker seçilən Nensi tamamilə erməni lobbisinin, diasporasının əlində alət olan bir şəxsdir. Bu xanımın 84 yaşı var, ancaq iddiaları çox böyükdür”.
E.Nəsirov bildirib ki, son dövrlər erməni əhalisi arasında antirusiya əhval-ruhiyəsi genişlənib. Onun fikrincə ABŞ Konqresinin Nensini Ermənistana göndərməkdə daha bir məqsədi bu vəziyyətdən istifadə edərək, Ermənistanda Rusiyanın mövqelərinin zəiflədib öz mövqelərini gücləndirməyə nail olmaqdır.
Nensi Pelosinin bu səfərdə Ermənistanın baş naziri, parlament sədri, müdafiə naziri və eləcə də vətəndaş institutlarınn təmsilçiləri ilə görüşlər keçirdiyini xatırladan E.Nəsirov onun hər bir görüşdə səsləndirdiyi bir fikrə diqqət çəkib.
“Pelosinin hər görüşdə dilinə gətirdiyi əsas fikir odur ki, sərhəddə baş verən son təxribatların arxasında Ermənisan deyil, Azərbaycan dayanıb. Nensi Pelosinin mövqeyinə görə Azərbaycan qanunu pozub və sərhəd münaqişəsinə gedərək Ermənistana hücum edib. Qeyd edib ki, Ermənistan ABŞ-ın Merilend Ştatı boydadır, ancaq bu kiçik ölkə 4 tərəfdən sıxılmaqdadır. Ermənistanı sıxan tərəflər kimi, o, Azərbaycan, Gürcüstan, İran və Türkiyə dövlətlərinin adını çəkib”.
Deputat bu sırada Pelosinin daim Ermənistanı dəstəkləyən İranın adının hansı məqsədlə çəkməsinin özünün suallar doğurduğunu qeyd edib.
Deputat eyni Nensi Pelosinin antiAzərbaycan bəyanatları fonunda başqa proseslərin də getdiyini önə çəkib.
“Artıq bir sıra ölkələrdə əvvəl Böyük Britaniyada, ABŞ-da, bu gün isə Fransanın paytaxtında Azərbaycan səfirliyinə radikal erməni qruplaşmalarının hücumu baş tutur. Bu çox böyük suallar yaradıb. Əvvəla, Fransanın xüsusi xidmət orqanları, hüquq-mühafizə orqanları, təhlükəsilik qurumları hara baxır, niyə onlar bu radikal erməni qruplarının terrorçu davranışının qarşısını almaq istəməyiblər, məqsədləri nədir?!. Fransa bu addımları ilə 1961-ci il diplomatik fəaliyyət haqqında Vyana Konvensiyasının bütün prinsiplərini pozub.  Azərbaycan diplomatlarına və onların əmlakına qarşı çox ciddi təhdidlər yaranıb. Ancaq həmin ölkənin hüquq-mühafizə orqanları kənar müşahidəçi olaraq qalıblar və haqlı olaraq  Azərbaycan Respublikasının Baş Prokurorluğu məlum hadisələrlə bağlı cinayət işi açıb. Azərbaycan Xarici İşlər Nazirliyi çox kəskin bəyanatla çıxış edib”.
E.Nəsirov hesab edir ki, Nensi Pelosinin antiAzərbaycan bəyanatları ilə Fransada ermənilərin törətdiyi insident bir-biri ilə bağlı hadisələrdir. Onun sözlərinə görə, ermənilər oxşar hadisəni Tiflisdə də həyata keçirmək istəyiblər. Lakin Gürcüstan polisi buna çevik reaksiya verib və həbslər həyata keçirib.
“Bütün bunlar onu göstərir ki, Azərbaycan gücləndikcə bizə qarşı təzyiqlər artmağa başlayır. Azərbaycan öz haqlarını daha yüsək səviyyədə müdafiə etdikcə müxtəlif səmtlərdən təzyiqlər olur. Belə vəziyyətdə yeganə çarəmiz güclənməkdir!.. Biz bir olmalıyıq. Xalq-hakimiyyət birliyi həmişəkindən də güclü olmalıdır. Vətəndaş həmrəyliyi həmişəkindən də güclü olmalıdır. Bilməliyik ki, biz iki halda təhdid gözləyir: bir zəif olanda, bir də güclü olanda. Güclü olanda da bizi həzm etməyən ermənipərəst dairlər fəallaşırlar. Birlikdə biz bütün təhdidlərin qarşısında dayanıb, sonda qələbə çala bilərik. Bizi qoruyan birliyimiz, xalq-hakimiyyət, xalq -Prezident birliyidir!”

Oxşar xəbərlər