ABŞ Azərbaycan kimi strateji tərəfdaşını itirə bilər
20-09-2022, 15:13
7 579

ABŞ Azərbaycan kimi strateji tərəfdaşını itirə bilər

“Ermənistan-Azərbaycan sərhədində baş verən son eskalasiyadan sonra, yəni irimiqyaslı təxribatların ardınca bir sıra beynəlxalq aktorların davranışında intensivlik müşahidə olunmaqdadır”.
Bunu açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Elman Nəsirov bildirib.
Deputat qeyd edib ki, Rusiyanın mövqeyi isə bəllidir:
“Rusiya bu tənzimlənmə proseslərində əsas oyunçu olduğunu ortaya qoyur və həmçinin paralel şəkildə ABŞ-ın da fəaliyyəti diqqətdən yayınmır. Xüsusilə məlum hadisələr fonunda Blinkenin tez-tez Ermənistan və Azərbaycan xarici işlər nazirlərinə zəng etməsi, Azərbaycan Prezidenti və Ermənistan Baş naziri ilə əlaqə saxlaması, eyni zamanda, Nyu-Yorkda iki ölkənin XİN rəhbərləri ilə görüşün təşkil edilməsi bir daha onu göstərir ki, ABŞ bu proseslərdə estafeti öz əlinə almaq istəyir. Öz-özlüyündə ABŞ-ın regionda gərginliyi aradan qaldırması işində fəallıq göstərməsi müsbət hadisədir”.
E.Nəsirov bildirib ki, lakin burada qaranlıq məqamlar da var:
“ABŞ-ın dövlət katibi Azərbaycan və Ermənistan rəhbərlərinə zəng edərkən tərəfləri sülhə, barışığa çağırdı. Amma eyni zamanda ABŞ Konqrensinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi isə Ermənistanda tamamilə anti-Azərbaycan bəyanatlar verib. Qeyd edim ki, Nensi Pelosi vəzifəsinə görə ABŞ-da üçüncü şəxsdir".
Onun fikrincə, bütün bunlar hamısı onu göstərir ki, ABŞ-ın region siyasətində belə müxtəlif yanaşmalar var. Bu da nəticə etibarilə Azərbaycan-ABŞ münasibətlərinə kölgə salan cəhətlərdir: "Onlar Azərbaycanın hansı coğrafi ərazidə yerləşdiyinə diqqət yetirməlidirlər. ABŞ gözünün qabağına gətirməlidir ki, Azərbaycanın qonşuları kimlərdir. Bundan əlavə, Azərbaycanla ABŞ strateji tərəfdaşdır. Nensi Pelosinin ABŞ tərəfindən Azərbaycana sanksiyaların tətbiq olunması fikri iki dövlət arasında ancaq gərginliyə gətirib çıxara və ABŞ Azərbaycan kimi strateji tərəfdarını itirə bilər”.

Oxşar xəbərlər