Bir neçə “layk”a görə ordumuzu təhlükəyə atanlar - haqlı cəza
6-11-2020, 11:01
192

Bir neçə “layk”a görə ordumuzu təhlükəyə atanlar - haqlı cəza

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) dövlət sirrinin mühafizəsi tədbirlərinə zidd olaraq və müvafiq xəbərdarlıqlara baxmayaraq, döyüş əməliyyatları aparılan ərazilərdə bir sıra şəxslər tərəfindən mobil telefon aparatlarının texniki imkanlarından istifadə etməklə icazəsiz videoçəkilişlər edilməsi barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, həmin çəkilişlər Azərbaycan qoşunlarının strateji və əməliyyat planları, dislokasiyası və yerdəyişmələri, şəxsi heyəti, silah və hərbi texnikaları, digər döyüş təminatı, əməliyyat şəraiti barədə məlumatlar əldə etməyə imkan verir və düşmən də bundan istifadə edib. Rəsmi məlumata görə, düşmən tərəfindən həmin videoçəkilişlərdən kəşfiyyat-təxribat fəaliyyəti həyata keçirmək məqsədləri üçün istifadə olunub.

Aşkar edilmiş faktlar üzrə DTX tərəfindən Cinayət Məcəlləsinin 284-cü (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanılıb, hazırda həmin şəxslərin cinayət əməlləri ilə bağlı istintaq aparılır.

Bu rəsmi məlumatdan sonra bir neçə sual ortaya çıxır. “Yeni Müsavat”ın bu barədə suallarını hüquqşünas Anar Məmişov cavablandırıb.

- Döyüş əməliyyatları aparılan ərazilərdə çəkiliş aparan şəxslər kimlər ola bilər?

- “Döyüş əməliyyatları aparılan ərazi” deyilən zaman mütləq ki, səngərin içi, əsgərin yanı nəzərdə tutulmur. Əməliyyat ön cəbhənin arxasından da başlayır. Orada mülki insanlar, yaşayış məntəqələri var. Ona görə də döyüş əməliyyatları aparılan ərazidə çəkiliş aparmasına görə məsuliyyətə cəlb edilən şəxslərin konkret olaraq mülki şəxs və ya hərbçi olduğunu demək doğru olmaz. Fakt budur ki, törədilmiş cinayət var və buna görə cinayət işi açılıb və istintaq davam edir. Bu əməli törədən şəxsin hərbçi və ya mülki şəxs olması heç nəyi dəyişmir.

Burada əsas diqqət çəkilməli olan məqam həmin görüntülərin yayılmasıdır. Ola bilər ki, videonu çəkən şəxsin onu yaymaq niyyəti olmayıb. Bir qohumuna, yaxınına göndərib. Həmin şəxs də ehtiyatsızlıqda və ya başqa bir niyyətlə həmin görüntüləri yaya bilər. Faktiki reallıqda məlumatı kim yayıbsa, o icra etmiş sayılır. Qanunla da məsuliyyəti hər hansı bir dövlət sirrini birbaşa yayan şəxs daşıyır. Rəsmi məlumatda da istintaqın davam etdiyi bildirilir. Ona görə də konkret olaraq fikir bildirmək olmur.

- Cəbhə bölgəsindən yayılmış görüntüləri sosial şəbəkələrdə tirajlayan üçüncü, dördüncü, beşinci şəxslər də məsuliyyət daşıyırmı?

- Cinayət iki cür törədilir. Qəsdlə və ya ehtiyatsızlıqla. Qəsdin də iki növü var: birbaşa qəsd və ya dolayı qəsd. Bir şəxsin qanunu bilməməsi onu məsuliyyətdən azad etmir. Şəxs ən azından məlumatın yayıla bilmə ehtimalını bilməli, görməli və buna uyğun hərəkət etməlidir. Faktiki olaraq onun hərəkətindən bu sir yayılıbsa, məsuliyyət daşıya bilər.

- Yəqin ki, bu cinayət əməlini ağırlaşdıran və yüngülləşdirən hallar da var.

- Bəli. Bu cinayətə görə cəza təyin edilən zaman əməlin faktiki nəticəsi, şəxsin niyyəti nəzərə alınaraq cəza təyin edilir. Cinayət Məcəlləsinin 284-cü maddəsinin birinci bəndinə əsasən şəxs tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan dövlət sirrini təşkil edən məlumatların yayılmasına görə 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Əgər burada dövlətə xəyanət əlamətləri yoxdursa. Həmin maddənin ikinci bəndinə görə isə eyni əməllər ağır nəticələrə səbəb olduqda 4 ildən 8 ilədək azadlıqdan məhrum etmə cəzası təyin edilir.

Dövlət sirri təşkil edən məlumatların qanunsuz əldə edilməsinə görə isə 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası kəsilir.

- Dövlətə xəyanət əlamətləri olsa necə olur?

- İstintaq zamanı şəxsin bu cür məlumatları yaymasında gəlir əldə etmək və ya digər üstünlük əldə etmək kimi məqsədləri varsa, bu əməl Cinayət Məcəlləsinin 274-cü (Vətənə xəyanət) maddəsinə də tövsif oluna bilər.

Bu kimi hallarda daha çox erməni sosial şəbəkələrində Azərbaycanla bağlı sirr hesab edilən materialların yayılması da xüsusi araşdırılır. Araşdırılır ki, həmin materiallar hansı formada erməni xüsusi xidmət orqanlarının nəzarətinə olan sosial şəbəkələrə necə çatıb? Hər hansısa bir şəxs birbaşa göndərib, yoxsa Azərbaycanda olan hansısa bir sosial şəbəkə istifadəçisinin hesabından götürülüb. Bunlar özü də ayrı-ayrı məsuliyyəti artırır.

- Bu kimi problemlərin təkrar yaşanmaması üçün vətəndaşlara müraciətiniz nədir?

- Vətəndaşlar diqqqətli olmalıdırlar. Xüsusən də cəbhə bölgəsinə yaxın olan, cəbhədə olan hər bir vətəndaşımız nəzərə almalıdır ki, bir neçə saniyəlik həvəs üçün çəkdikləri görüntülərin məsuliyyəti çox böyükdür. Bu, həm kiminsə həyatı bahasına başa gələ bilər, daha ağır nəticələr yarada bilər. Sosial şəbəkə hesabında paylaşmamaq, sadəcə, bir dostuna göndərmək də elə həmin görüntülərin yayılması deməkdir. Çünki həmin dostunun bilərəkdən və ya bilməyərəkdən kimlərəsə göndərməyəcəyini dəqiq bilmirsən. Ardınca isə bir məsuliyyətsiz şəxs “bəyənmə”(layk) yığmaq üçün sosial şəbəkədə həmin görüntüləri paylaşacaq. Bu məsuliyyətsizliyin cəzasını təkcə o şəxs çəkmir. Hər bir azərbaycanlı bu işdən zərər görür. Çünki Ordu, əsgər, zabit hər birimizindir. Onlardan istənilən birinin zərər görməsi və ya həmin görüntülərə görə dövlətimizə hanısa bir ziyanın gəlməsi bizim də zərər görməyimiz deməkdir. Ona görə də hər bir vətəndaş bu cür addımları atmamalı, bacardığı qədər də ətrafında olan şəxsləri məlumatlandırmalıdır. İnsanlar Vətən müharibəsinin getdiyinin məsuliyyətini dərk etməlidirlər.
“Yeni Müsavat”

Oxşar xəbərlər