Elman Nəsirov: "Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı"
1-11-2022, 16:04
6 934

Elman Nəsirov: "Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı"

"Ermənistan Soçi bəyanatına görə Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını tanımış oldu. Bu sənədin heç bir yerində "Qarabağ" ifadəsi yoxdur. Burada söhbət məhz Azərbaycan- Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılacaq addımlardan gedirdi". 
Cebhe.info-ya açıqlamasında Milli Məclisin üzvü, deputat Elman Nəsirov ötən gün Soçidə Rusiya- Azərbaycan- Ermənistan görüşündən və yekun olaraq qəbul edilən bəyanatdan danışarkən belə deyib. 
"Onu qeyd edim ki, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüs, eləcə də vasitəçiliyi ilə Azərbaycan və Ermənistan siyasi liderlərinin Soçidə keçirilən görüşü bu qəbildən sayca 4- cüdür. Bu görüşün keçirilməsində məqsəd 10 noyabr 2020- il, 11 yanvar 2021- c il və 26 noyabr 2021- ci il tarixlərində qəbul edilmiş bəyanatlarının razılaşdırılmağı, icra vaziyyəti ilə bağlı idi. Hansı məsələlər icra olunub, hansı məsələlərin həllində problemlər var, hansı məsələlərin icrası ümumiyyətlə, yerinə yetirilməyib və s. müzakirə predmeti idi. Putin mətbuata verdiyi müsahibəsində qeyd edib ki, əvvəlki versiyalarda bir sıra məsələlər əks etdirilmişdi. Lakin  üçtərəfli müzakirələr zamanı bir sıra bəndlər yekun bəyanatdan çıxarıldı. Hansı maddələrin, bəndlərin çıxarılmağı ilə bağlı Rusiya Prezidenti heç bir məlumat verməyib. Amma yekun olaraq Soçi bəyanatı qəbul edildi. Bəyənatın əsas mahiyyəti ondan ibarətdir ki, haqqında bəhs etdiyim 3 razılaşmanın icrası məsələləri bundan sonra davam etdirilsin, bu istiqamətdə səylər artırılsın. Həllini gözləyən məsələlər istiqamətində addımlar intensivləşdirilsin. Bizim üçün bu sənəddə ən vacibi, ən önəmlisi Praqa sənədində olduğu kimi növbəti dəfə tərəflərin bir- birinin ərazi bütövlüyünü, süverenliyini, sərhədlərinin toxunulmazlığını qəbul etməsinin qeyd olunmasıdır. Bütün tənzimləmələr məhz bu prinsiplər ətrafında həyata keçirilməlidir. Azərbaycan üçün ən vacib olan cəhət budur. Eyni zamanda, sənəddə ATƏT-in Minsk qrupu kimi vasitəçilik missiyalarının adları da göstərilmir. Bu məsələ artıq bitmiş hesab edilə bilər". 
Deputat Putinin fikirlərinə nəzərən hesab edir ki, sənəddən çıxarılan bəndlər sırasında çox ehtimal ki, Ermənistanın iddiaları olub: 
"Bizim əlimizdə sənədlərdən Ermənistanın iddialarının çıxarılması ilə bağlı dəqiq fakt yoxdur, mülahizələrimizə əsasən belə deyə bilərik. Buna cənab İlham Əliyevin prinsipial, qətiyyətli, güzəştsiz mövqeyi nəticəsində nail olmaq mümkün olub. Başqa cür ola da bilməzdi. Sənəddə həmçinin, iki dövlət arasında etimad mühitinin formalaşdırılması, humanitar məsələlərə xüsusi diqqətin ayrılması və digər məqamlara yer ayrılıb". 
Elman Nəsirov əlavə edib ki, Soçi bəyanatını Azərbaycanın uğuru kimi qiymətləndirmək lazımdır: 
"Ermənistan mətbuatını izləsəniz görərsiniz ki, onlar "Paşinyan Soçidə növbəti diplomatik məğlubiyyətə imza atıb qayıtdı" deyirlər. Bu kimi yanaşmalar var.  Bu görüşə erməni tərəfinin böyük ümidləri var idi. Əsas da Putinin “Valday” klubundakı son mövqeyindən sonra ermənilərdə elə bir inam yaranmışdı ki, proseslər Ermənistanın xeyrinə cərəyan edəcək. Ancaq bu arzuları da gözlərində qalmış oldu". 

Oxşar xəbərlər