“Prezident İlham Əliyevin Əlcəzairdə səsləndirdiyi fikirlər Fransa rəhbərliyinin anti-Azərbaycan siyasətinə cavab idi” - RƏY
2-11-2022, 18:18
6 674

“Prezident İlham Əliyevin Əlcəzairdə səsləndirdiyi fikirlər Fransa rəhbərliyinin anti-Azərbaycan siyasətinə cavab idi” - RƏY

“Cənab Prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına Fəxri qonaq qismində dəvət alması ölkəmizə, həm də dövlətimizin rəhbərinə böyük etimad və hörmətin ifadəsidir. Əlcəzair səfəri çərçivəsində cənab Prezident həm “Şəhidlər abidəsi”ni, həm də “Milli Mücahid Muzeyi”ni ziyarət etdi. Muzeyi ziyarəti zamanı cənab Prezidentə 1832-ci ildən 1960-cı ilə qədər Əlcəzair xalqının Fransa müstəmləkəsinə qarşı mübarizə tarixinə aid geniş eksponadlar göstərildi. Məlum oldu ki, Fransa koloniyası Əlcəzairdə insanlığa, bəşəriyyətə qarşı, sözün həqiqi mənasında, soyıqırımı siyasəti həyata keçirib. 1 milyon 500 mindən çox əlcəzairli qətlə yetirilib. Ümumiyyətlə, 11 milyondan çox əlcəzairli Fransının müstəmləkəçilik siyasətinin qurbanı olub. Fransa Əlcəzairə təkcə öz müstəmləkəsi kimi baxmırdı, onu ərazisinin tərkib hissəsi kimi qiymətləndirirdi”.
 
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

“İndi tarixin bir ironiyasıdır ki, Fransa dövləti və Prezident Emmanuel Makron haqq-ədalətdən, beynəlxalq hüquqdan dəm vurur, eyni zamanda oxşar cinayətləri törətmiş Ermənistanın yanındadır. Fransa Silahlı Qüvvələri əlcəzairlilərə qarşı 1945-ci ildə Setif və Gelma, xüsusilə 1961-ci ildə Paris qətliamını həyata keçiriblər. Etiraz edən 1500-dən çox əlcəzairli Sena çayında batırılıb, məhv edilib. Oxşar cinayəti ermənilər Xocalıda törədiblər. Fikir verin - Fransanın həyata keçirtdiyi soyqırımı siyasəti və onun müdafiə etdiyi Ermənistanın soyqırımı siyasəti. Burada sinxronluq diqqətdən yayınmır. Soyqırımı törətmiş Fransa dövləti bu gün açıq mətnlə Ermənistanı, eyni cinayəti törədən dövləti müdafiə edir. Onların davranışlarındakı sinxronluğu dərk etmək mümkündür. Makronun bu gün açıq şəkildə Ermənistanı müdafiə etməsinin motivlərini başa düşürük. Eyni siyasət, eyni xislət özünü nümayiş etidirir. Bu baxımdan, Cənab Prezidentin Əlcəzair səfəri və orada səsləndirdiyi fikirlər əslində Fransa rəhbərliyinin anti-Azərbaycan siyasətinə cavab idi”.
 

Oxşar xəbərlər