“Heydər Əliyevin Türk dünyası qarşısında xidmətləri əvəzsizdir”
12-12-2022, 10:53
860

“Heydər Əliyevin Türk dünyası qarşısında xidmətləri əvəzsizdir”

Bu gün biz Türk dünyasının böyük oğlu, dövlət xadimi Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik. Mən çox böyük fəxarət hissi ilə bildirmək istəyirəm ki, Ulu Öndər Heydər Əliyevin müasiri olmuşam, onun Azərbaycana rəhbərliyi dövründə elmi, siyasi və dövlət idarəçiliyi prosesində iştirak etmiş, böyük şəxsiyyətlə görüşmüş və onun rəhbərliyi ilə müxtəlif tədbirlərinin iştirakçısı olmuşam. Elə 3 dəfə Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Türkiyə Cümhuriyyətinə olan səfərində iştirak etmişəm.
Türklərin tarix boyu dünya birliyi ilə fəal münasibətləri Yer üzünün bütün nöqtələrinə səpələnmiş bu əzəmətli xalqın nümayəndələri arasında böyük mütəfəkkirlərin, qüdrətli dövlət xadimlərinin yetişməsinə şərait yaratmışdır. Türk dünyasının fəxri olan ulu öndər Heydər Əliyev də XX əsrdə Azərbaycan xalqının yetirdiyi böyük dühalardan biri kimi ehtiramla xatırlanır. Heydər Əliyevi başqa tarixi şəxsiyyətlərdən fərqləndirən başlıca xüsusiyyətlər onun qeyri-adi zəka realizminə, yüksək təşkilatçılıq bacarığına, hadisələri müşahidə və təhlil etmək sahəsində unikal qabiliyyətə malik olmasıdır. Heydər Əliyev dühasının şöhrəti bir xalq, bir ölkə, bir qitə çərçivəsinə sığmayıb, bütün dünyaya yayılmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 34 illik siyasi və dövlətçilik fəaliyyəti dövründə Azərbaycanın hərtərəfli inkişafı, müstəqilliyin möhkəmləndirilməsi, dünya birliyində layiqli yerini tutması üçün yorulmadan və əzmlə çalışmış və buna əsasən nail olmuşdur. Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur. Bu dahi şəxsiyyətin siyasi-ideoloji fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmayıb bütövlükdə türk dünyasını, ümumən dünyanı əhatə edir. Təsadüfi deyildir ki, Heydər Əliyev bütün dünyanın etiraf etdiyi görkəmli lideridir. XX əsrin 80-ci illərinin əvvəllərində ulu öndər Heydər Əliyev öz şəxsiyyəti ilə türkçülük düşüncəsini, türkçülük faktını SSRİ kimi nəhəng imperiyanın ən ali iyerarxiyasına qədər gətirib çıxarmışdı. Təsadüfi deyil ki, SSRİ rəhbərlərindən biri kimi Moskvada keçirdiyi illərdə dünya Heydər Əliyevi, əsasən, bir təqdimatla tanıyırdı: “Kremldə ucalan türk bayrağı”. Ümummilli liderin türk dünyasının problemləri ilə ardıcıl şəkildə məşğul olmağa başladığı mərhələ isə, əsasən, 1993-cü ildən xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonraya təsadüf edir. Heydər Əliyevin türk dünyasının gələcəyi ilə bağlı baxışlar sistemində müstəqil türk dövlətləri ilə əlaqələr mühüm yer tutur: türk dövlətlərinin müstəqilliyinin müdafiəsi, mövcud imkanlar çərçivəsində türk dünyasının birliyinin təmin olunması, bu birliyin narahat dünyamızda nizam yaradılması məqsədinə xidmət etməsi, Azərbaycanın iqtisadi, siyasi, ictimai problemlərinin həllində türk dünyasının imkanlarından istifadə edilməsi, türk dünyasının qüvvələrinin birləşdirilməsi və birgə hərəkətinin təmin edilməsi, türk dünyasının beynəlxalq nüfuzunun daha da gücləndirilməsi və bunun üçün müstəqil türk dövlətlərinin imkanlarından istifadə edilməsi. Heydər Əliyev bu məqsədlərin həyata keçirilməsində Türkiyə Cümhuriyyətinin rolunu həmişə yüksək qiymətləndirmişdir. Ulu öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq münasibətləri əbədi və dönməz xarakter almışdır. Tarixi-siyasi, dini, milli-mənəvi köklərə bağlı Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə sürətli inkişafı Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Heydər Əliyev isə “Biz bir millət, iki dövlətik” tezislərinə əsaslanmışdır. Heydər Əliyevin öz xalqına, millətinə təmənnasız xidmətləri yaddaşlara əbədi həkk olunmuşdur. Onun bu xidmətdə əxlaq qaydalarını daim uca tutması ulu öndərin bitib-tükənməz ideyalarının inandırıcı potensialını daha da artırmışdır. Məhz xalqda olan bu inam böyük Azərbaycanlının ikinci dəfə hakimiyyətə gəlişinin istinadına çevrilmişdir. Böyük qayıdışdan sonra Azərbaycan cəmiyyətində müstəqil dövlətçilik ideyaları fundamental mahiyyət kəsb etməyə başladı. Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevə yaxşı bəlli idi ki, Ermənistanın təcavüzünə qarşı aparılan qeyri-bərabər döyüşlər davam etdikcə, bir tərəfdən xarici dövlətlərdən hərtərəfli yardım alan Ermənistan vasitəsi ilə Azərbaycan daha ağır vəziyyətə düşə bilər, digər tərəfdən transmilli neft şirkətlərini Azərbaycana dəvət etmək, onlarla müqavilə bağlamaq və beləliklə, Azərbaycan neftini sərbəst təhlükəsiz marşrutla Qərbə ixrac etmək mümkün olmayacaq. Ona görə də, ilk növbədə 1994-cü il mayın 14-də atəşkəsə nail olundu, həmin ilin sentyabr ayının 20-də isə «Əsrin müqaviləsi» imzalandı. Məhz ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində öz geostrateji mövqeyini möhkəmləndirə bildi. 1994-1995-ci illərin hadisələrində Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini faciələrdən və iflasdan xilas etdi. O, ictimai-siyasi sabitliyi təmin etməklə demokratik dövlət modeli konsepsiyasını həyata keçirməyə başladı. 
Müasir Azərbaycan dövlətçiliyinin qurucusu, Azərbaycan xalqının milli lideri Heydər Əliyevin siyasi-ideoloji fəaliyyəti Azərbaycanla məhdudlaşmayıb, bütövlükdə türk dünyasını əhatə edir. Böyük tarixi şəxsiyyətin türk dünyası ilə bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar, söylədiyi mülahizələr elmi-nəzəri mükəmməlliyilə yanaşı, praktik perspektivliliyilə də böyük tarixi əhəmiyyətə malikdir. Heydər Əliyev türk birliyinin möhkəmlənib inkişaf etməsində Türkiyənin rolunu həmişə yüksək qiymətləndirmişdir. Heydər Əliyevin Azərbaycan Respublikasının  Prezidenti olaraq Türkiyəyə üç rəsmi səfəri, iki qeyri rəsmi səfəri, on beş işgüzar səfər etməsi ümumilli liderin xarici siyasət konsepsiyasında Türkiyəyə verdiyi əhəmiyyətin və iki qardaş ölkə arasındakı strateji birliyin çox fərqli olduğunun göstəricisidir. Azərbaycan Respublikasının  Prezidenti Heydər Əliyevin 1997-ci ildə Türkiyənin ”Dövlət Nişanı”, 1999-cu ildə isə Beynəlxalq Atatürk Sülh Mükafatına layiq görülməsi, dəfələrlə Türkiyənin müxtəlif media qurumları tərəfindən “İlin adamı” seçilməsi, bu ölkənin bir çox universitetləriinin Fəxri doktoru seçilməsi Azərbaycan – Türkiyə münasibətlərinin inkişafaındakı xidmətlərinin göstəricisidir.
Müasir dövrdə Azərbaycanın etibarlı, hərbi, siyasi və iqtisadi strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi Azərbaycan dövlətinin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. 
Azərbaycanın ümummilli liderinin türk dünyasının qarşılıqlı əlaqələrinin yüksəlişi strategiyası bu gün də uğurla davam etdirilməkdədir. Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev türk xalqları arasında əlaqələrin genişlənməsinə, ticarət-iqtisadi, mədəni-humanitar əməkdaşlığın artırılmasına xüsusi əhəmiyyət verir. Ümummilli lider Heydər Əliyevin daha çox əhəmiyyət verdiyi türkdilli xalqlar və dövlətlərin birliyi və əməkdaşlığı məsələləri bu gün ölkə Prezidenti İlham Əliyev və müstəqil türk dövlətlərinin rəhbərləri tərəfindən uğurla davam etdirilir.
Bu gün Türkiyə ilə Azərbaycan arasında mövcud olan əməkdaşlıq və strateji tərəfdaşlıq dövlətlərarası münasibətlərin inkişafında dostluq-qardaşlığa söykənir və uğurla davam etdirilir. Hazırda Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş qardaşlıq münasibətləri özünün ən yüksək mərhələsindədir. Bu isə Prezident İlham Əliyevin  və Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın müdrik və uzaqgörən siyasətinin birbaşa nəticəsidir. 
Ulu Öndərimizin müəyyənləşdirdiyi xarici siyasətdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ən başlıca yer tuturdu. Bu siyasət nəticəsində ölkəmiz diplomatik müstəvidə Ermənistanı küncə sıxışdırdı və beynəlxalq təşkilatlar qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyü tanınırdı. 44 günlük Vətən müharibəsi nəticəsində qazanılan qələbənin əsasında məhz Ulu Öndərimizin əsasını qoyduğu uzaqgörən siyasət dayanır. Çünki Ulu Öndər tərəfindən müəyyənləşdirilmiş siyasi kursda milli maraqlarımız hər şeydən üstün dayanırdı. Bu kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticə etibarilə qələbəmizi şərtləndirdi. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı inamla yeni-yeni zəfərlərə doğru  aparır. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədalət bərpa edilmiş, işğal altında olan torpaqlarımız azad olunmuş, Zəfər salnaməsi tarixdə layiqli yerini almışdır. Bütün nailiyyətlərin təməlində isə Heydər Əliyev siyasəti dayanır. Müstəqil və qüdrətli Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq, onun parlaq ideyaları gələcəyimizə daim nur saçacaq!
Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Əhliman Əmiraslanov

Oxşar xəbərlər