Jurnalist icra başçısına səsləndi: “Masallıya rəhbərlik edən şəxslər...“
16-11-2020, 12:31
147

Jurnalist icra başçısına səsləndi: “Masallıya rəhbərlik edən şəxslər...“

Tanınmış jurnalist-publisist Nəzirməmməd Zöhrablı Masallı rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədova müraciət edib.
Yenisabah.az xəbər verir ki, jurnalist doğulduğu Qədirli kəndinin yol problemindən söz açıb. Qeyd edib ki, 30 ilə yaxın bir zaman kəsiyində Masallı rayonuna rəhbərlik edən şəxslər 5 kilometrlik yolun çəkilişini müxtəlif bəhanələrlə daim arxa planda saxlayıblar: "Yalnız bir neçə dəfə yola daş-çınqıl tökmək və malalatmaqla əslində bu problemi ört-basdır etməklə məşğul olublar. Hər il və ya hər seçkidə əhaliyə vəd versələr də, sonradan bu vədlərinə xilaf çıxıblar. Yəqin artıq məlumatlısınız ki, bu kəndin əhalisi həmin yolu qət etmək - rayon mərkəzinə gedib-gəlmək, xəstələrini xəstəxanaya çatdırmaq üçün olmazın əzablara düçar olur. Rayon mərkəzindən, eləcə də ətraf kəndlərdən Qədirliyə gələn maşınlarsa insanları ikiqat qiymətə mənzil başına çatdırırlar, hansı ki, bu qədər məsrəflə rayondan paytaxt Bakıya gəlmək mümkündür". 
Jurnalist daha sonra bildirib ki, ölkəmizdə aparılan quruculuq işləri Masallının da inkişafında xüsusi rol oynayıb. Onun sözlərində görə, “Regionların İnkişafına Dövlət Dəstəyi” proqramı çərçivəsində rayon mərkəzi və kəndlər xeyli abadlaşdırılmış, qazlaşdırılmış, yollar çəkilmiş, bütövlükdə infrastruktur yenilənmişdir: 
"Lakin XXI əsrdə kimlərinsə laqeydliyi, kimlərinsə yersiz hikkəsi səbəbindən bütöv bir kəndin əhalisi acınacaqlı durumda - bu mədəniyyət, informasiya əsrinin adına yaraşmayan palçıqlı yollarla hərəkət etməkdədirlər. Hətta onların bir qisminin çətinliklə aldığı avtomobillər belə bu çala-çuxur yollara davam gətirməyib tez bir zamanda sıradan çıxır. Amma belə çətinliklərlə yaşayan Qədirli kəndinin gəncləri dövlət başçısının “Qarabağ Azərbaycandır!” çağırışına bir çoxu könüllü olmaqla 86 döyüşçü ilə dəstək verib, Vətən uğrunda aparılan döyüşlərdə iştirak edib. Bu döyüşçülərdən yeddi nəfəri yaralanıb nisbətən sağaldıqdan sonra yenidən döyüşlərə qatılmış və ölkəmizin Qarabağdakı parlaq qələbəsinə öz töhfələrini vermişlər. Belə bir kəndin probleminə laqeyd qalmaq təəssüf doğurur. Mən düşünürəm ki, siz də bizim kimi Vətənimizin hər qarışının, bütün bölgələrinin qorunmasında və abadlaşmasında və əgər dəqiq məlumatlısınızsa, Qədirli kənd camaatının və buraya müxtəlif tədbirlərə, eləcə də xeyir-şər mərasimlərinə təşrif buyuran qonaqların çəkdiyi əziyyətlərin və rayona başıaşağılıq gətirən geridəqalmışlığın da aradan qaldırılmasında maraqlısınız. Ona görə də əminəm ki, bu problemin həllini tapmasına öz töhfənizi vermiş olacaqsınız. Xahiş edirəm, özünüzdən əvvəlki rayon rəhbərləri və icra hakimiyyətinin yerli təmsilçilərindən fərqli olaraq məhz siz bu xeyirxah missiyanı yerinə yetirəsiniz". 

Oxşar xəbərlər