ABŞ-ın Bakıdakı səfiri postu nə vaxtadək boş qalacaq?
6-01-2023, 12:38
833

ABŞ-ın Bakıdakı səfiri postu nə vaxtadək boş qalacaq?

Deputat: “Erməni lobbisi çalışır ki, Azərbaycana ciddi səfir göndərilməsin”

Prezident Bayden yarım ildən çoxdur səfir təyin edilməsi təxirə salınan diplomat Mark Libbinin Azərbaycanda səfir təyin edilməsində israr edir. Xəbəri “Turan”ın Vaşinqtondakı müxbiri verib. Bayden yanvarın 3-də  Konqresin yeni sessiyası başladığı gün yenidən Libbinin namizədliyini irəli sürüb. O, Konqresin son sessiyasında namizədliyi təsdiq edilməyən 175 namizəddən Ağ Ev tərəfindən təkrarən təqdim edilən 85 namizəddən biri idi. Hazırda Vaşinqtonda Milli Hərbi Kollecdə fakültə müşaviri olan Libbinin Azərbaycanda səfir vəzifəsinə namizədliyi 25 may 2022-ci il tarixində irəli sürülüb. Amma indiyədək o, Senatın erməni lobbiçi Bob Menendesin rəhbərlik etdiyi Xarici Əlaqələr Komitəsində dinləmələrə dəvət edilməyib. Libbi ABŞ-ın Avropa İttifaqındakı səfirinin müavini vəzifəsində, habelə Varşava, Nikosie və Bağdadda diplomatik missiyalarda siyasi məsələlər üzrə müşavir vəzifəsində işləyib. Libbi Vaşinqtonda Dövlət Departamentinin Əməliyyatlar Mərkəzinin direktor müavini, Mərkəzi Avropa üzrə İdarənin direktor müavini, Cənubi Avropa üzrə İdarənin direktoru vəzifələrində işləyib. Xatırladaq ki, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerin səlahiyyət müddəti ötən ilin  iyulda başa çatıb. Yeni səfir təyinatı hələ bir müddət çəksə də, aydındır ki, Ağ Ev seçimini edib. Ekspertlərin deməsindən belə aydın olur ki, Libbinin namizədliyi onu deməyə əsas verir ki, ABŞ enerji məsələlərini deyil, “daxili vəziyyətə” daha çox nüfuz etmək istəyindədir. Məlumdur ki, Amerika yenidən  regionda fəal xarici siyasət aparmaq niyyətindədir. Bayden adminstatiyasının xarici siyasətinin əsas hədəfi Amerikanın aparıcı rolunu bölgədə və dünyada yenidən bərpa etməkdir. O cümlədən Cənubi Qafqazda daha fəal rol oynamaq istəyirlər. Təbii ki, Cənubi Qafqazda ən əsas siyasi, iqtisadi və hərbi güc Azərbaycandır. Bu konteksdə səfir postunun 6 aya yaxındır boş qalması Azərbaycanla dialoqların davam etdirilməsinə və digər dövlət səviyyəli məsələlərin müzakirəsi problem yarada bilər. ABŞ-ın Bakıdakı səfiri postu nə vaxtadək boş qalacaq? Bu təyinatı Konqresdəki ermənipərəst qüvvələr əngəlləməkdə məqsədi nədir? Ağ Evin özünün də hansısa marağı ola bilərmi?
Elman Nəsirov "deputat" sözünü bəyənmədi
Milli Məclisin deputatı Elman Nəsirov Musavat.com bildirdi ki, ABŞ-ın Azərbaycandakı səfirinin fəaliyyət müddəti ötən ilin iyulunda başa çatıb. O vaxtdan indiyə qədər ABŞ-ın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri yoxdur. Düzdür ötən ilin mayın 25-də Co Bayden adminstrasiyası və şəxsən ABŞ Prezidenti Mark Libbinin namizədliyini Azərbaycanda səfir vəzifəsinə irəli sürüb. Lakin onun səfir təyinatı prosesi yarım ildən artıqdır yubanmaqdadır. Məlum olur ki, ABŞ Konqresində və Senatında Libbinin Azərbaycana səfir təyin edilməsinin çox ciddi əleyhdarları var: “Ümumiyyətlə, ABŞ-da adətən Prezidentin irəli sürdüyü səfirlərin təsdiqlənməsi həm Konqresdə, həm də Senatda təsdiqlənir. Yalnız bu proseduru keçdikdən və müvafiq dinləmələrdən sonra yekun qərar qəbul edilir. Senatın beynəlxalq əlaqələr komitəsinin Menenders adında ermənipərəst rəhbəri var. Bu şəxs təpədən dırnağa anti-Azərbaycan mövqelidir, tam erməni maraqlarına xidmət edən lobbiçilik fəaliyyəti göstərir. Bu adam Libbini Senata dəvət etməyib və səfirin təsdiqində maraqlı deyil. Yayılan məlumatlara görə, məhz ermənipərəst senatorlar və konqresmenlər çalışırlar ki, Mark Libbinin Azərbaycana səfir təyinatı baş tutmasın. Bu, isə ABŞ-ın olduqca həssas bölgə sayılan Cənubi Qafqazdakı maraqlarına ziddir. İyul ayından faktiki olaraq Azərbaycanda ABŞ-ın səfiri yoxdur və belə olan vəziyyətdə təyinat məsələsinin yubanması həm də rəsmi Vaşinqtonun regionla bağlı maraqlarına təhlükədir. Görünür ki, bu proses sürətlənəcək. Çünki indiki vəziyyətdə Azərbaycanda Amerikanın səfirinin olmaması xeyli suallar yarada bilər. Bayden administrasiyası israrlıdır ki, Mark Libbin Azərbaycana səfir təyin edilsin. Libbi peşəkar diplomatdır. Bir sıra Avropa ölkələrində, həmçinin İraqda diplomatik missiyalarda yüksək vəzifələr tutub. Belə bir şəxsin təsdiqlənməsi prosesinin yubanması bu qənaətə gəlməyə əsas verir ki, Birləşmiş Ştatlar yeni səfir təyin edərkən yeni reallıqları nəzərə alacaq. O reallıqlar ki, Azərbaycan bu gün regionun iqtisadi, siyasi güc mərkəzidir, hərbi güc mərkəzinə çevrilib. Ona görə də ABŞ Azərbaycana elə bir səfir göndərməlidir ki, bütün bu reallıqlara adekvat olsun, eyni zamanda ABŞ-ın maraqlarının təminatında düzgün, real addımlar atsın”.
Deputatın sözlərinə görə, görünür ki, Bayden administrasiyası üçün Libbin əvəzedilməzdir. Onun üzərində təkrarən dayanılması təsadüfi sayılmamalıdır: “Deməli, ABŞ Azərbaycanla münasibətlərin inkişaf etdirilməsində maraqlı olacaq. Bunu isə ABŞ-dakı erməni lobbisi, ermənipərəst konqresmenlər və senatorlar istəmirlər. Ona görə də onlar çalışırlar ki, Azərbaycana ciddi, dişli bir səfir göndərilməsin, fəal mövqeli şəxsin səfir göndərilməsinə imkan verilməsin, ABŞ-ın regional maraqlarının təminatında Azərbaycan faktorunun əhəmiyyətini gözəl dərk edən və bundan çıxış edən səfir Bakıya göndərilməsin. Məncə qısa zaman ərzində səfir məsələsi Co Baydenin istədiyi kimi həll olunacaq”. 

Oxşar xəbərlər