Antalyada Bakı-Tehran “döyüşü” - Sahibə Qafarova elə bir mesaj verdi ki...
13-01-2023, 11:48
2 289

Antalyada Bakı-Tehran “döyüşü” - Sahibə Qafarova elə bir mesaj verdi ki...

İran yenə də əvvəlki havasındadır və bölgədə özünün qurduğu reallıqlardan başqa gerçəkliyi qəbul etmək istəmir

Antalyada Asiya Parlament Assambleyasının 13-cü plenar iclası çərçivəsində Azərbaycan və İran parlamentlərinin spikerləri Sahibə Qafarova və Məhəmməd Bağır Qalibafın görüşü keçirilib. İRNA Agentliyinin yaydığı məlumata görə, Qalibaf Azərbaycanın İran İslam Respublikası üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Daha sonra İranın yüksək vəzifəli nümayəndəsi “regiondankənar ölkələrin” müdaxiləsinin yolverilməz olduğu və İranın “regionda sərhədlərin heç bir geosiyasi dəyişikliyini” qəbul etməyəcəyi haqqında hamını bezdirən tezisini növbəti dəfə təkrar edib. “Bizim Azərbaycanla münasibətlərin inkişafı ilə bağlı dəqiq mövqeyimiz var və biz Azərbaycanla ticari və tranzit əlaqələrini inkişaf etdirməyə hazırıq”, - deyə o bildirib.
Öz növbəsində, S.Qafarova Qalibafını Azərbaycana səfərə dəvət edib. “Bizi birləşdirən təkcə coğrafiya, ortaq sərhədlər və inanc deyil, həm də İran əhalisinin böyük hissəsinin Azərbaycan dilində danışmasıdır”, - deyə İRNA Agentliyi Qafarovadan sitat gətirir. Görüşün digər təfərrüatları haqda bilgi verilməsə də, rəsmi dövlət agentliyinin “İran əhalisinin böyük hissəsinin Azərbaycan dilində danışması” fikrinə diqqət yetirməsi maraq doğurur. Görünür, bu mesajın alt mənasını ya özlərinin başa düşdüyü kimi anlayıblar, ya da ciddi önəm verməyiblər. Çünki ölkədə rəsmi dil fars dilidir.
İRNA-nın sitatlarından aydın olur ki, Tehran yenə də əvvəlki havasındadır və bölgədə özünün qurduğu reallıqlardan başqa gerçəkliyi qəbul etmək istəmir. Antalya görüşündə iranlı spikerin yenə də “regiondankənar ölkələrin” müdaxiləsinin yolverilməz olduğu və İranın “regionda sərhədlərin heç bir geosiyasi dəyişikliyini” qəbul etməyəcəyi haqqında bayatıları təkrar etməsi də bunu göstərir...
Deputat Elman Nəsirov dedi ki, hər iki dövlət arasında münasibətlər özünün heç də yaxşı olmayan bir dövrünü yaşayır: “Münasibətlərin gərginləşməsində bütün məsuliyyət cənub qonşumuzun üzərinə düşür. Çünki İranın həm müharibə öncəsindəki, həm savaş dövründəki, həm də ondan sonrakı davranışları məhz ikitərəfli münasibətlərimizdə çox ciddi ixtilafların yaranmasına gətirib çıxardı”.
Deputat xanım spikerimizin görüş zamanı toxunduğu məsələlərə də xüsusi diqqət ayırdı: “Burada əsas məqamlardan biri onunla bağlıdır ki, İran parlamentinin spikeri Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduqlarını, Azərbaycanın İran üçün çox əhəmiyyətli bir partnyor olduğunu vurğulasa da, bununla paralel olaraq, köhnəlmiş, amma hər dəfə İranın süni şəkildə aktuallaşdırdığı bir məsələni də dilinə gətirdi. O da bununla bağlıdır ki, İran tərəfi regiondan kənar oyunçuların müdaxiləsini qəbul etmədiyini bildirdi. Eyni zamanda regionda sərhədlərin geosiyasi dəyişdirilməsinin əleyhinə olduqlarını, bunu heç bir halda qəbul etməyəcəklərini dilə gətirdi. Fikir verirsinizsə, İran yenə də əvvəlki ampluasındadır. Regiondankənar oyunçular ifadəsinin işlədilməsi yəqin ki, daha çox İsrail və Amerikaya aiddir. Azərbaycanın açıq və dolayısı ilə bu məsələlərdə ittiham edilməsinin dəfələrlə şahidi olmuşuq. Halbuki Azərbaycan Prezidenti, cənab İlham Əliyev dəfələrlə Azərbaycanın regionda təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşmasında maraqlı olduğunu, heç bir halda bu regionun toqquşan maraqlar zonasına çevrilməsi niyyətində olmadığımızı bəyan edib. Cənab Prezidentin sözləridir ki, bizim xarici siyasətimizin prioritet istiqaməti ikitərəfli əməkdaşlıq formatıdır. Bu ikitərəfli format çərçivəsində isə, qonşularla əlaqələr prioritet sahədir. Məhz elə bu prizmadan yanaşdıqda İranla münasibətlər də bizim üçün prioritet sahədir. Amma bunun qarşılığında biz İrandan ittihamlar eşidirik. Heç bir halda Azərbaycanın, məsələn, İsraillə münasibətləri üçüncü tərəfi hədəf almır və eyni zamanda İranı da hədəf götürməyib. Sadəcə, İran, necə deyərlər ki, bir natamamlıq kompeksi yaşamaqdadır. Eyni məntiqlə də, ölkəmizə qarşı ya açıq mətnlə, ya da üstüörtülü şəkildə ifadələr işlədir. Eyni zamanda onun sərhədlərinin dəyişdirilməsinin qəbuledilməzliyi ilə bağlı fikirləri də əslində bir qədər əvvəl səslənmiş fikrin yenidən təsdiqidir. İranın siyasi rəhbərliyi bildirmişdi ki, Ermənistanın sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü onlar üçün qırmızı xətdir. Elə bu kontekstdə də Zəngəzur dəhlizinin açılması məsələsinə hər zaman şübhəli yanaşıblar. Cürbəcür ittihamlar irəli sürməklə Ermənistanın yanında olduqlarını ifadə ediblər. İndi də iranlı spikerin çıxışında təxminən oxşar tendensiya müşayiət olunur. Amma bütün bunlara baxmayaraq, Azərbaycan parlamentinin sədri, hörmətli Sahibə Xanım Qafarova iranlı həmkarını ölkəmizə rəsmi səfərə dəvət etdi. Nəzərə alsaq ki, bu səfər ötən ilin oktyabr ayında baş tutmalı idi. Amma o zamankı məlum reallıqlar fonunda, xüsusilə İranın açıq mətnlə ölkəmizi təhdid etməsi fonunda görüş baş verməmişdi. Yəqin ki, indi belə bir görüşün keçirilməsi və belə bir səfərin təşkil edilməsi daha böyük məna və əhəmiyyət kəsb edir. Hesab edirəm ki, İranda praqmatik qüvvələr fərqində olmalıdırlar ki, bu gün İranın dostlarının sayı barmaqla sadalanan qədərdir. Bu reallıqlar çərçivəsində Azərbaycanla münasibətlərin korlanması və münasibətlərin daha da pisləşməsi İranın özünün dövlətçilik maraqlarına ziddir. Bunları nəzərə alsaq, İranın parlament sədrinin Azərbaycana səfəri müəyyən mənada ikitərəfli münasibətlərdə yaranmış gərginliklərin aradan qaldırılması mənafeyinə xidmət etmiş olar”.
Əhəd Məmmədli: “Yeganə qorxduqları, özlərinə təhlükə hesab etdikləri Tural  Abbaslıdır”
Əhəd Məmmədli 
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli iki qardaş ölkənin, yəni Azərbaycan və Türkiyənin cənub qonşumuz daxilindəki türk kartından istifadə etmələrinin vacibliyini vurğuladı: “Milli Məclisin spikeri düzgün qeyd edib ki, İranın əhalisinin böyük əksəriyyəti türkcə danışır. Çünki İran əhalisinin böyük əksəriyyəti türklərdir. Biz bunu illərdir ki, əbəs yerə söyləmirik. Sevindirici haldır ki, artıq rəsmi Bakı da İrandakı həmvətənlərimizin varlığından danışmağa başlayıb. Mühüm də odur ki, İran rəsimlərinə də bu incə və ekstra əhəmiyyətli nüansı xatırlatmağa başlamışıq. Mən illərdir deyirəm ki, Azərbaycan və Türkiyə İran daxilində türk kartından istifadə etməlidir. İranın istifadə etdiyi məzhəb hiyləsinə qarşı milli-strategiya siyasəti ilə cavab verməliyik. Milli-strategiyamızın başlıca konturlarından biri də İrandakı türk kimliyi və dilinin dirçəlməsi və hökmranlığıdır. Türkiyə və Azərbaycan birlikdə İranı fars istiqamətindən türk istiqamətinə çevirməyə bacarmalıdır. Bu plan siyasi-ideoloji müstəvidə addım-addım həyata keçirilməlidir. Ələxsus da indiki dönəmdə İranda həm hakimiyyətdə yer alan bürokratik-konjektural təbəqədən, həm də küçədən nüfuzlu türk liderlər ortaya çıxarılmalıdır. Bu ölkənin reallığını nəzərə alaraq nüfuzlu türk kadrlar dini və hərbi cameədə də yetişdirilib meydana təqdim edilməlidir. Göründüyü kimi, Ankara və Bakının İranla bağlı görəcəyi işlər çoxdur. İran, türk vizionuna çevriləndən sonra Azərbaycan və Türkiyə çox mühüm müttəfiq qazanmış olacaq. Bununla da Ermənistan tam təklənmiş vəziyyətdə qalacaq. Bundan sonra təkcə dəhliz deyil, bütövlükdə Zəngəzur məsələsinin Azərbaycanın xeyrinə həll edilməsi an məsələsi olacaq. Yuxarıda qeyd etdiklərim həyata keçirilsə, İran üçün Azərbaycana qarşı qırmızı cizgi məsələsi daha qalmayacaq”.  

Oxşar xəbərlər