BMT məğlubiyyəti “dərs olmadı”...
18-01-2023, 15:46
7 121

BMT məğlubiyyəti “dərs olmadı”...

İndi də Avropa Parlamentinə ümid edirlər
Avropa Parlamentinin yanvarın 18-də keçiriləcək plenar iclasının gündəliyinə “Dağlıq Qarabağın blokadasının humanitar nəticələri” mövzusunda təxirəsalınmaz debat-müzakirələr, qətnamə və ya bəyanatın qəbulu gözlənilir. Bununla bağlı Ermənistan parlamentinin müxalifət fraksiyasından olan deputatı Elinar Vardanyan “Tunelin sonunda işıq” platformasının təşkil etdiyi və Laçın yolundakı vəziyyətə həsr olunmuş müzakirə zamanı deyib. Amma erməni deputat bu müzakirələrin nəticəsindən indidən narahatlıq keçirir. Onun sözlərinə görə, nə Avropa Parlamentindəki debatlar, nə də yanvarın 30-da Haaqa Məhkəməsində keçirilməsi planlaşdırılan dinləmələr Laçın dəhlizi “probleminin” həllinə əlac ola bilməyəcək. Bunu gözləmək isə sadəlövhlük olardı.
Erməni deputatın “narahatlığı” isə əbəs yerə deyil. Ötən ilin sonunda BMT Təhlükəsizlik Şurasında Fransanın məlum təşəbbüsü və aktivliyi ilə Azərbaycana qarşı baş tutan, lakin fiaskoya uğrayan müzakirələrin nəticəsi göz qabağındadır. Artıq erməni lobbisi və ermənipərəst dairələr ölkəmizə qarşı rahat şəkildə hansısa qətnaməni qəbul etdirə və ya hansısa dinləməni keçirə bilmirlər. Azərbaycan buna qarşı beynəlxalq müqavimət belə təşkil edə bilir. Hətta Avropa Parlamentində ermənilərin pulla ələ aldığı kifayət qədər deputatın olmasına baxmayaraq, onların hansısa “uğuru” qazanması inandırıcı sayıla bilməz.
“Beynəlxalq müstəvilərdə bu qədər “canfəşanlıq” etməkdənsə...”
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Xankəndi-Laçın yolunda azərbaycanlı ekofəallar və QHT nümayəndələri tərəfindən keçirilən etirazların konkret səbəbləri mövcuddur. Bu səbəbləri isə həm erməni ictimaiyyəti, həm də Ermənistan dövləti çox gözəl bilir. Eyni zamanda, bu məsələni ötən ilin sonunda BMT Təhlükəsizlik Şurası platformasına çıxarmağa çalışan tərəflər, onu dəstəkləyənlər, xüsusilə Fransa bu səbəbləri çox gözəl bilir: “Amma heç bir zaman bu etiraz dalğasını yaradan, ona gətirib çıxaran səbəblərdən, əsas amildən danışmırlar, susurlar. Aparılan təbliğat isə qərəzə və yalana əsaslanır. Bir daha vurğulamaq istərdim ki, Xankəndi-Laçın yolu blokadada deyil və orada ermənilərin iddia etdikləri kimi hər hansı bir humanitar fəlakət və ya böhran yaşanmır. Bu kimi iddialarla çıxış etmək isə ermənilərin qərəzli və məqsədli planlarından irəli gəlir. Heç bir halda həmin ərazidə blokada yoxdur. Oradan bütün humanitar yüklər, ərzaq, dərman və digər tələbat malları daşınır. Bir şeyin daşınmasının qarşısı alınıb ki, o da silah-sursat və minalardır”.
Bir ay öncə bu məsələni BMT TŞ çərçivəsinə çıxarmağa çalışan ermənipərəst dairələrin  məğlubiyyətlə üz-üzə qaldıqlarını xatırladan E.Nəsirov bildirib ki, hər zaman olduğu kimi həqiqət, ədalət zəfər çaldı. “İndi isə bu məsələni Avropa Parlamenti səviyyəsində gündəmə gətirməyə çalışırlar. Onlar avropalı parlamentarilərin dəstəyinə nail olmaq niyyətindədirlər. Qeyd edim ki, Avropa Parlamenti yekcins deyil. Qurumun mövcud komissiyası var ki, bu komissiya ilə Azərbaycanın çox yüksək səviyyəli münasibətləri var. Ötən ilin iyulunda Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində tərəfdaşlıq haqqında Memorandum imzalandı və enerji dialoqu başladı. Bu gün Azərbaycan Avropa üçün yeganə alternativ enerji mənbəyidir. Bizim Avropa Komissiyası ilə unikal əlaqələrimiz mövcuddur.  Ursula fon der Leyenin Bakıya səfəri, aparılan danışıqlar da bunu təsdiqləyir. Amma Avropa Parlamentində ermənipərəst insanlar da var. Dəfələrlə Avropa Parlamentinin anti-azərbaycançı mövqeyinin də şahidi olmuşuq. İndiki durumda da ermənilər həmin anti-Azərbaycan yönümlü deputatlara ümid bəsləyir. Amma bu amil də heç nəyi dəyişmir və dəyişə də bilməz. Azərbaycanın işi haqq işidir. Beynəlxalq müstəvilərdə bu qədər “canfəşanlıq” etməkdənsə, etirazı yaradan səbəblər aradan qaldırılmalıdır. Azərbaycanın müvafiq dövlət qurumlarının nümayədələri təbii sərvətlərimizin monitorinqini aparmalıdırlar. Həmin sərvətlər talan olunur. Bunun qiymətləndirilməsi aparılmalıdır. Təbii ki, Ermənistan tərəfi anlayır ki, bu monitorinq aparılacağı təqdirdə vurduğu ziyana görə cavab verməli olacaq. Ekoloji etirazları yaradan səbəblərin aradan qaldırılması ilə bağlı heç bir addım atılmır. Azərbaycanın Qarabağda yaşayan erməniləri blokadada saxlaması fikri isə yalan təbliğatdır. Artıq dünya ictimaiyyəti də erməni yalanlarına inanmır. Zaman keçdikcə həqiqət daha aydın görünür. Bu gün “top” Ermənistan tərəfdədir. Özbaşnalığa son qoyulmalı, etirazı yaradan səbəblər aradan qaldırılmalıdır”, - deyə millət vəkili əlavə edib.
“Onlar Avropa Parlamentində bəzi ermənipərəst deputatlara “arxayındırlar”
Politoloq İbrahim Babayev də ermənipərəst dairələrin və dövlətlərin “dəstəyi” ilə ölkəmizə qarşı aparılan qərəzli kampaniyaların uğursuzluğa məhkum olduğunu bildirib. Onun sözlərinə görə, II Qarabağ müharibəsində əldə edilən zəfər, sonrakı dövrdə Azərbaycanın beynəlxalq müstəvidə ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində atdığı addımlar bunda böyük rol oynayıb. Bu gün Azərbaycanın dostları bütün platformalarda erməni yalanlarına qarşı əsl müqavimət nümayiş etdirirlər: “Biz ötən il də bu müqavimətlərin şahidi olduq. Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziyalara müsahibəsində bu məsələyə toxundu və Azərbaycanın dostları tərəfindən bu kimi ermənipərəst addımların qarşısının alındığını diqqətə çatdırdı. Diqqət yetirsək, ötən il daha çox Fransanın bu istiqamətdə addımlarının şahidi olduq. BMT müstəvisində tam məğlub olan Ermənistan və dəstəkçiləri indi də Avropa İttifaqı platformasında hansısa uğura ümid bəsləyirlər. Amma özləri də dərk edirlər ki, bu ümidləri də boşa çıxacaq. Azərbaycanın apardığı siyasət səmimidir, bütün tələbləri haqlı tələblərdir. Bu mənada, Xankəndi-Laçın yolundakı aksiyalar da haqlı tələblərdən irəli gəlir. Bu etiraz aksiyaları isə Azərbaycanın tələbləri həyata keçənə qədər davam edəcək. Həmin regionda blokada və ya humanitar fəlakət məsələsi isə reallıqdan tam uzaqdır. Yaşadığımz informasiya əsrində bu kimi təxribatçı iddialar səsləndirmək özünü gülünc vəziyyətə salmaq deməkdir. Həmin ərazidə Beynəlxalq Qırmızı Xaç Komitəsinin, eyni zamanda sülhməramlı kontingentin nəzarəti altında yüklər daşınır, dərman və bu kimi preparatlar gətirilir. Ermənilərin iddiaları yersizdir. Onlar Avropa Parlamentində bəzi ermənipərəst deputatlara “arxayındırlar”. Həmin deputatlar müharibə dövründə də Azərbaycana qarşı qərəzli münasibət sərgiləmişdilər. Bütün dünya reallığı görür və dəyərləndirir. İnanıram ki, Avropa Parlamenti haqqın yanında yer alacaq, erməni təxribatlarında alət kimi istifadə olunmasına yol verməyəcək”.

Oxşar xəbərlər