"Onlar insan deyil, ölüm hökmünün bərpası..."- Deputat sərt danışdı
19-01-2023, 15:24
7 645

"Onlar insan deyil, ölüm hökmünün bərpası..."- Deputat sərt danışdı

Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Masazır qəsəbəsində yeni doğulan körpə valideyni tərəfindən küçəyə atılması nəticəsində vəfat edib.
Qısa zamanda sosial şəbəkələrdə viral olan bu məsələ insanlar tərəfindən birmənalı qarşılanmayıb. İnsanlar yeni doğulmuş körpənin küçəyə atılmasını “vəhşilik” adlandıraraq belələrinin edam olunması gərəkdiyini yazıblar. 
Mövzu ilə bağlı danışan Milli Məclisin insan hüquqları komitəsinin üzvü, millət vəkili Elman Nəsirov da körpəni küçəyə atanları sərt tənqid edib. Deputat bununla belə ölüm hökmünün bərpa edilməsinin əleyhinə olduğunu söyləyib:
“Bu hadisə onu göstərir ki,  bəziləri doğrudan da insanlıqlarını itiriblər. Onlar cismən məxluqdur, insan deyil. Görünür, təbiət də səhv edə bilir. Bunlar təbiətin səhvi nəticəsində yaranmış məxluqlardır, insanlığın adına ləkə gətirirlər. Öz övladını zibil qabına  atmaq nə deməkdir? Heç heyvan heyvanlığı ilə belə hərəkət etməz, təhlükə anında öz övladının müdafiəsinə qalxar.

Sosial şəbəkələrdə bu hadisəyə çox kəskin reaksiyanın olması anlaşılandır. Çünki insanlığa yaraşmayan bir hərəkətdir. 
Öz övladına qarşı vəhşi davranış ortaya qoyan şəxs başqalarına münasibətdə görün özünü necə apara bilər. O, cəmiyyətin içərisində qulluq sahibi olsa, bir post tutsa təsəvvür edin ki, bizi nələr gözləyir.
Hesab edirəm ki, belələrinə qarşı qanununun ən sərt üzü göstərilməli, onlar cəmiyyətdən təcrid edilməlidir. Ancaq ölüm hökmünün bərpası məsələsi bir az mürəkkəbdir. Çünki müasir dünyanın inkişaf tendensiyası var. Biz də müasir dünyada demokratik inkişaf yolunu seçmiş bir dövlətik. Demokratik ölkələrdə isə adətən ölüm hökmü olmur. 
Ona görə də belə insanlar üçün digər cəza növləri tətbiq edilməlidir. Məsələn, ömürlük həbs edilə bilər. Ölüm hökmünün bərpası həm qəliz məsələdir, həm də ki,  tutduğumuz yola ziddir”.

Oxşar xəbərlər