Azərbaycanda sosial media istifadəçilərinin say bölgüsü açıqlanıb
19-01-2023, 18:44
7 132

Azərbaycanda sosial media istifadəçilərinin say bölgüsü açıqlanıb

Sosial media istifadəçilərinin 43,6%-i “YouTube”, “35,8%-i “Instagram”, 26,5%-i “Facebook”, 25,0%-i “TikTok” və 6,4%-i isə “Twitter” platformalarından istifadə edir.
Bu barədə Sosial Tədqiqatlar Mərkəzindən (STM) məlumat verilib.
Qeyd olunub ki, Azərbaycanda əhalinin sosial mediadan istifadəsi müxtəlif aspektlərdən daim müzakirə edilir. Sosial medianın Azərbaycan seqmentində istifadəçi artımları ilə müşahidə edilən dinamika mövzunun aktuallığını şərtləndirən əsas amillərdən biridir.
Bildirilib ki, “Digital 2022: Azerbaijan” məlumatlarına görə, ötən ilin əvvəlinə ölkədə 5.2 milyon sosial media istifadəçisi var və bu ölkə əhalisinin 50,7%-nə uyğun gəlir. 2021-2022-ci illər ərzində sosial media istifadəçiləri 900 min nəfər artıb. Həmçinin “Meta”nın reklam məlumatları Azərbaycanda 1,6 milyon nəfər “Facebook” istifadəçisi olduğunu göstərib. Ölkədə “Facebook”un reklam kütləsinin 31,7%-i qadınlardan, 68,3%-i kişilərdən ibarətdir. “GlobalStats”ın məlumatlarından isə aydın olur ki, “Instagram” və “YouTube” istifadəçiləri ötən ilin sonundan etibarən üstünlük təşkil edirlər.
STM tərəfindən keçirilən ictimai rəy sorğusunun nəticələrinə görə, ölkə üzrə əhalinin 72,2%-i sosial mediadan istifadə edir (sorğunun 18 yaşından yuxarı şəxslərlə keçirilməsi nəzərə alındıqda, nəticələr statistikanı təsdiq edir).
Nəticələrin gender aspektdən təhlili göstərir ki, kişilər sosial mediadan qadınlardan daha çox istifadə edirlər. ”Facebook” istifadəçilərinin 30,1%-i qadın olduğu halda, 69,9%-i kişidir. Bu tendensiya digər sosial media platformaları üçün də xarakterikdir. Yalnız “Instagram” istifadəçiləri arasında qadınlar kişilərə nisbətdə üstünlük təşkil edir (37,6%-i qadın, 34,0%-i kişi).

Oxşar xəbərlər