YAP-çı deputatlardan Erkin Qədirliyə cavab – Dava qızışır
26-01-2023, 15:48
7 416

YAP-çı deputatlardan Erkin Qədirliyə cavab – Dava qızışır

Milli Məclisin REAL Partiyasından olan deputatı Erkin Qədirlinin bloger Mehman Hüseynovun sualına verdiyi cavab ölkə gündəmində ciddi müzkirə olunur.
Xatırladaq ki, Erkin Quliyev blogerin “Mənə bir nəfər deputat adını çəkin, hansı ki, həqiqətən də xalqın səsini qazanıb və Milli Məclisdə oturur” sualına özünəməxsus və bir qədər də gözlənilməz cavab verib. Erkin Qədirlinin cavabı belə olub: “Onu özüm haqqında da deyə bilmərəm, çünki demokratik seçki olsa, onda əminliklə demək olardı…”.
Globalinfo.az xatırladır ki, Milli Məclisin vitse-spikeri Adil Əliyev Erkin Qədirlinin bu dediklərinə sərt cavab verib.
Vitse-spiker deyib ki, özünü müxalifətin nümayəndəsi sayan həmin millət vəkili (Erkin Qədirli-red.) blogerliyə iddia edən “jurnalistin” sualına cavab verə bilmirsə, bu o demək deyil ki, bütün millət vəkillərinə qara yaxmalıdır. “Demokratik yolla seçilmədiyinizi bildirirsinizsə, nədən Milli Məclisin işində iştirak edirsiniz?Sizin məntiqsiz cavabınız hazırkı həssas məqamda Azərbaycana qarşı informasiya savaşını genişləndirən Ermənistan hakimiyyəti, erməni separatçıları, erməni lobbisi və onların arxasında olan mərkəzlərin işinə yarayır”.
Milli Məclisin deputatı Elnur Allahverdiyev, “Əgər seçki qeyri-demokratik keçirilirsə və həmkarım da seçicilərinin səsini qazanıb-qazanmadığını bilmirsə, onda nədən 3 ilə yaxındır ki, Milli Məclisdə təmsil olunur? o, qeyir-demokratik yolla seçilib və bundan istifadə edib legitim icra orqanları ilə seçicilərin problemlərini həll edir?”, – deyərək, həmkarının fikirlərinə təəsssüf etdiyini vurğulayıb.
Daha iki deputat – Hikmət Babaoğlu və Elman Nəsirov da öz sosial şəbəkə hesablarında Erkin Qədirliyə cavab verib.
Hər iki deputatın Erkin Qədirliyə olan cavablarını təqdim edirik:

Hikmət Babaoğlu
Milli Məclisin deputatı Hikmət Babaoğlu Erkin Qədirlinin bu dediklərinin ziddiyətli və anlaşılmaz olduğunu qeyd edib:
“Özünü etibarsızlaşdırmaq özünüinkardır. Erkin Qədirlinin sosial şəbəkələrə verdiyi açıqlamasında öz deputatlıq statusunu şübə altına alan fikirlər bildirməsi ziddiyətli və anlaşılmazdır.  Ona görə ki, Erkin bəy siyasətçi olmaqla bərabər, həm də hüquqşünasdır və səsləndirdiyi fikirlərin hansı hüquqi nəticələr doğura bilməsi ilə bağlı aydın təsəvvürləri var. Məsələn, nəticəsinə hüquqi baxımdan şübhə etdiyi seçkilərin ona verdiyi mandatı qəbul etməsi onun hüquqa münasibətinin göstəricisi hesab oluna bilər. Yəni Erkin Qədirli ddia etdiyi kimi, hüquq pozuntusu nəticəsində əldə etdiyi mandat hüququndan imtina etmirsə, deməli, o, hüquqa da hörmət etməmiş hesab oluna bilər. Yaxud demokratik hesab etmədiyi seçkinin nəticəsini qəbul edirsə, deməli, siyasətçi kimi onun demokratiyaya da münasibəti birmənalı qəbul olunmaya bilər.Ona görə də belə məsələlərdə diqqətli olmalı və təmsil olunduğumuz Milli Məclisin nüfuzu və legitimliyi ilə bağlı şübhə yarada biləcək sözlər sərf etməməliyik. Nəticə etibarilə, bu həm də deputatlara səs vermiş seçicilərin səslərinə hörmətsizlik kimi qəbul edilə bilər”.

Elman Nəsirov
Millət vəkili Elman Nəsirov isə bildirib ki, Elkin Qədirlinin açıqlamasında səsləndirdiyi fikirlər həm təəccüb, həm də təəssüf hissi doğurur:
“REAL Partiyasının Milli Məclisdə təmsilçisi Erkin Qədirlinin “psevdojurnalist” birisinin təxribatçı sualına uyaraq, ölkəmizdə demokratik parlament seçkilərinin olmaması, özünün də demokratik yolla seçilməməsi haqqında səsləndirdiyi fikirlər həm təəccüb, həm də təəssüf hissi doğurur. Görünür, həmkarımız Erkin Qədirli ya müxalifətçiliyi milli nihilizm hesab edir, ya da onun təsəvvüründə bu iki ifadə artıq çoxdan sinonimləşib.
İlk ağla gələn versiya ondan ibarətdir ki, Erkin bəy ilk növbədə özünün qeyri-demokratik yolla seçildiyini bəyan edirsə, bəs onda niyə mandatından imtina etməyib? Yoxsa daxilindəki gizli vəzifə hərisliyi qarşısında əlində bayraq etdiyi ədalət hissi qürubamı çəkilib? Bəlkə, müxalifətçilik “ağa qara demək” formulundan başlayır kimi ucuz təbliğata uyaraq bu “etiraf”ı edibdir? Olmaya xaricdəki “dostlar”ımızdan “REAL özünü yaxşı aparmır” iradları daxil olub və onun qarşılığında həmkarımız adekvat davaranış ortaya qoyub?
Suallar çoxdur. Həqiqət isə birdir və ondan ibarətdir ki, ulu öndər Heydər Əliyev banisi olduğu müasir Azərbaycan dövlətçiliyi üçün demokratik inkişaf yolunu müəyyən edib. Demokratiya bir prosesdir. Onda son nöqtə yoxdur. Azərbaycan müzəffər Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında məhz Heydər Əliyev yolu ilə idarə edilir və möhtəşəm uğurlara imza atılır.
Yeri gəlmişkən, Erkin Qədirlinin özünün də deputat seçildiyi 2020-ci ilin 9 fevral tarixli parlament seçkilərinin nəticələri bir daha sübut etdi ki, ölkəmizin tarixi inkişaf yolu məhz demokratiya ilə bağlıdır.
Təsadüfi deyildir ki, möhtərəm Prezidentimiz İlham Əliyev 2020-ci il martın 10-da VI çağırış Milli Məclisin ilk iclasındkıa çıxışında birmənalı olaraq bildirdi ki, “Hesab edirəm ki, bütövlükdə seçki prosesi həm uğurla keçmişdir, həm də seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirmişdir. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan xalqı bu seçkilərdən məmnun qalmışdır və seçkilərdən sonra müşahidə olunan hadisələr bunu bir daha göstərir”.
Seçkilərin nəticələri ilə bağlı beynəlxalq müşahidəçilərin mövqeyinə toxunan dövlətimizin başçısı vurğuladı ki, “Demək olar ki, müşahidəçilərin mütləq əksəriyyəti seçkiləri demokratiyanın inkişafında növbəti uğurlu addım kimi qiymətləndirmişlər və bəyan etmişlər ki, Azərbaycan xalqı azad şəkildə öz seçki hüququndan istifadə edib və seçkilərin nəticələri real mənzərəni əks etdirir”.
Həqiqətən də, Milli Məclisə keçirilinən son seçkilərdə 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçmişdi.
Beynəlxalq müşahidəçilər 59 beynəlxalq təşkilatı və 58 ölkəni təmsil edirdilər. Beynəlxalq müşahidə missiyalarının mütləq əksəriyyəti ölkəmizdə parlament seçkilərinin azad və demokratik keçirildiyini, beynəlxalq standartlara uyğun olduğunu qeyd ediblər.
Faktlar yaman tərs şeydir, Erkin müəllim. “Şlyapa”nızı çıxarıb, təkzibedilməz faktlar qarşısında reverans etməyinizin əsl vaxtıdır. Siz isə özünüinkarla məşğulsunuz.

Oxşar xəbərlər