Prezident yeni səfirlərin etimadnamələrini qəbul etdi - FOTOLAR (YENİLƏNİB)
7-02-2023, 14:05
1 225

Prezident yeni səfirlərin etimadnamələrini qəbul etdi - FOTOLAR (YENİLƏNİB)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də Konqo Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri David Madukanın etimadnaməsini qəbul edib.
Səfir David Maduka etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra dövlət başçısı səfirlə söhbət edib.
Prezident İlham Əliyev Azərbaycan ilə Konqo arasında siyasi, iqtisadi-ticari münasibətlərin genişləndirilməsi üçün imkanların mövcudluğunu qeyd edib və bu istiqamətdə əlaqələrimizin daha da fəallaşdırılmasının vacibliyini vurğulayıb.
Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatı və digər beynəlxalq təsisatlar çərçivəsində Konqo ilə əməkdaşlıq etdiyini vurğulayıb.
Azərbaycan Prezidenti Qoşulmama Hərəkatı çərçivəsində ölkəmizin sədrlik müddətinin uzadılmasına göstərdiyi dəstəyə və etimada görə Konqo tərəfinə təşəkkürünü ifadə edib.
Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində sədr dövlət kimi fəaliyyət göstərdiyini diqqətə çatdırıb, ölkəmizin yaxın vaxtlarda Qoşulmama Hərəkatının Təmas Qrupu çərçivəsində növbəti zirvə toplantısına ev sahibliyi edəcəyini bildirib.
Dövlət başçısı Qoşulmama Hərəkatı çərçivəsində BMT Təhlükəsizlik Şurasında islahatlarla bağlı müzakirələrin aparılmasının vacibliyinə toxunub, Azərbaycanın Hərəkatın sədri olan dövlətin BMT Təhlükəsizlik Şurasında rotasiya qaydasında daimi üzvü olması barədə təşəbbüslə çıxış etdiyini bildirib. Prezident İlham Əliyev bu məsələ ilə əlaqədar Qoşulmama Hərəkatına üzv dövlətlər arasında məsləhətləşmələrin aparılmasının önəminə toxunub. Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin bu il başa çatdığını xatırladaraq ölkəmizin bu məsələni institusional mexanizm kimi formalaşdırmaq niyyətində olduğunu, Hərəkata sədrlik edəcək dövlətlərin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasının daha ədalətli yanaşma olacağını qeyd edib.
Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən səfir ölkəmizin Qoşulmama Hərəkatının sədri kimi fəal iş apardığını, Konqonun Azərbaycanın bu təşkilata sədrliyini məmnuniyyətlə dəstəklədiyini bildirib. David Maduka Azərbaycanda qeyri-rezident əsasında akkreditasiya olunmuş səfir kimi ölkəmizə tez-tez səfər edəcəyini və əlaqələrimizin, o cümlədən iqtisadi-ticari münasibətlərimizin inkişafı üçün səylə çalışacağını bildirib. Səfir Qoşulmama Hərəkatına sədrlik edən dövlətin BMT-də aparılacaq islahatlar çərçivəsində rotasiya qaydasında BMT Təhlükəsizlik Şurasının daimi üzvü olması məsələsinin çox maraqlı və yaxşı təklif olduğunu qeyd edib.
Görüşdə ikitərəfli əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
***13:26
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də Namibiya Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Klemens Xanduukeme Kaşuupulvanın etimadnaməsini qəbul edib.
Səfir Klemens Xanduukeme Kaşuupulva etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlət başçısı bildirib ki, Namibiya ilə Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrin intensivləşdirilməsi üçün imkanlar mövcuddur. Azərbaycan Prezidenti qeyd edib ki, siyasi sahədəki əlaqələrimizə uyğun olaraq iqtisadi, ticari və digər sahələrdə də əməkdaşlığımızın genişləndirilməsi imkanlarına baxılmalıdır.
Prezident İlham Əliyev Qoşulmama Hərəkatının 2019-cu ildə Azərbaycanda keçirilmiş Zirvə Görüşündə Namibiyanın dövlət başçısının iştirakını məmnunluqla xatırladıb. Həmçinin Qoşulmama Hərəkatının sədri kimi Azərbaycana Namibiyanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Dövlət başçısı BMT Təhlükəsizlik Şurasında islahatlar prosesi çərçivəsində Qoşulmama Hərəkatına sədr dövlətin Təhlükəsizlik Şurasında daimi üzv kimi rotasiya qaydasında təmsil olunması mexanizminin nəzərdən keçirilməsinin Azərbaycanın təşəbbüsü olduğunu vurğulayıb. Bu xüsusda Qoşulmama Hərəkatına üzv dövlətlər arasında məsləhətləşmələrin aparılmasının vacibliyini bildirib, bu cür yanaşmanın daha ədalətli olacağını qeyd edib.
Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatının üzvü olaraq bu təşkilatın təsisatlanması istiqamətində işlər apardığını vurğulayıb. Gələn ay Azərbaycanın Qoşulmama Hərəkatının Təmas Qrupu çərçivəsində Zirvə Görüşünə ev sahibliyi edəcəyini deyib.
Səfir Namibiya Prezidenti Haqe Qotfrid Qeynqobun salamlarını dövlətimizin başçısına çatdırıb. Qeyd edib ki, Namibiya dövlətinin başçısı 2019-cu ildə Zirvə Görüşü zamanı Azərbaycana səfərini məmnunluqla xatırlayır.
Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Namibiyanın Prezidentinə çatdırmağı xahiş edib.
Etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etməkdən məmnunluq duyduğunu deyən səfir ölkələrimiz arasında əməkdaşlığın, dostluğun və qarşılıqlı dəstəyin daha da inkişafı üçün bundan sonra da səylərini davam etdirəcəyini vurğulayıb.
Klemens Xanduukeme Kaşuupulva öz növbəsində iqtisadi-ticari əlaqələrin, mədən sənayesi və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu diqqətə çatdırıb.
Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli əlaqələrə toxunulub, təhsil sahəsində əməkdaşlığın vacibliyi vurğulanıb, Azərbaycanın Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına ayırdığı təhsil təqaüdləri çərçivəsində Namibiyadan da tələbələrin Azərbaycanda təhsil aldığı qeyd edilib.
***11:27
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də Konqo Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri David Madukanın etimadnaməsini qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Həmçinin, İlham Əliyev Namibiya Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Klemens Xanduukeme Kaşuupulvanın, Vyetnam Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Danq Min Xoyun etimadnamələrini qəbul edib.
 
  • Prezident yeni səfirlərin etimadnamələrini qəbul etdi - FOTOLAR (YENİLƏNİB)
  • Prezident yeni səfirlərin etimadnamələrini qəbul etdi - FOTOLAR (YENİLƏNİB)
  • Prezident yeni səfirlərin etimadnamələrini qəbul etdi - FOTOLAR (YENİLƏNİB)

Oxşar xəbərlər