Heydər Əliyev Mərkəzindəki tamaşaya bütün biletlər satılıb - Video - Fotolar
22-02-2023, 17:22
6 832

Heydər Əliyev Mərkəzindəki tamaşaya bütün biletlər satılıb - Video - Fotolar

Məlum olduğu kimi, fevralın 24-də Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və milli teatr sənəti” layihəsi çərçivəsində Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi nümayiş olunacaq. Tamaşa Heydər Əliyev Mərkəzi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə hazırlanır.
Tamaşa anşlaqla keçəcək. Çünki qısa müddətdə tamaşaya bütün biletlər satılıb.
Artıq Mərkəzin Auditorium zalında dekorasiya qurulub. Bu dekorasiya məhz Mərkəzin səhnəsinə uyğun olaraq yeni hazırlanıb. Bu gün Mərkəzin zalında tamaşanın məşqləri olub.

“Qafqazinfo” sözügedən tamaşanın Heydər Əliyev Mərkəzindəki məşqlərində iştirak edib, yaradıcı heyətlə söhbətləşib.
Tamaşanın rejissoru Xalq artisti Azər Paşa Nemətov bildirib ki, Heydər Əliyev Mərkəzinin səhnəsi, dekorlar tamaşaya uyğun hazırlanıb: “Məşqimiz çox rahat keçdi. Demək olar, məşqi saxlamadım”.

O deyib ki, ulu öndər Heydər Əliyev “Ölülər” tamaşasını çox sevirdi: “Əsərdə çox mövzulara toxunulur. Janrı tragikomediyadır. Bunların hamısı həm faciədir, həm də ona gülürük. Özümüz özümüzə gülürük. Bunu da hər xalq bacarmır. Özünə gülə bilirsənsə, demək yaşayırsan, inkişaf edirsən, hərəkət edirsən”.

“Hacı Baxşəli” obrazının ifaçısı Xalq artisti Sabir Məmmədovun sözlərinə görə, “Ölülər” aktuallığını heç vaxt itirmir: “Bu əsər ilk dəfə 1966-cı ildə Akademik Milli Dram Teatrında səhnələşdirilib. Sonra 2000-ci ildə, bir də indi. Azərbaycan teatrında bu pyesə müraciət bunun əyani sübutu, təsdiqidir. Bu pyes, ümumiyyətlə Cəlil Məmmədquluzadə aktuallığını heç vaxt itirməyəcək. Dünya var olduqca, durduqca “Ölülər” əsəri, orada olan personajlar, o cümlədən “Kefli İsgəndər” və “Şeyx Nəsrullah” obrazları və digər bütün personajlar aktualdır”.

“Şeyx Nəsrullah” obrazının ifaçısı Xalq artisti Nurəddin Mehdixanlı bildirib ki, “Ölülər” tamaşasında teatrın əksər heyəti təmsil olunur: “Yaşlı nəsil, orta nəsil, gənc nəsil. Hər kəs bütün varlığı ilə tamaşada iştirak edir. Biz bir uyğunlaşdırma məqşini teatrımızın səhnəsində etdik, amma bu gün bu səhnəyə uyğunlaşdırma məşqini edirik. Bu səhnədə birinci dəfə iştirak edəcəyik. Burada məni heyrətləndirən daha bir şey akustikadır. Demək olar, bütün teatrlarımızda akustika problemi var. Buranın istə çox unikal akustikası var. Bilirsən ki, aşağı səslə danışsan da, ən arxa sırada eşidilirsən”.

“Kefli İsgəndər” obrazının ifaçısı Əməkdar artist Anar Heybətov deyib ki, yeni səhnəyə çox rahat öyrəşiblər: “Özümüzü çox rahat, evimizdəki kimi hiss etdik”.
Qeyd edək ki, səhnə əsərində SSRİ Xalq artisti Qara Qarayevin “Ölülər” üçün bəstələdiyi musiqi yeni versiyada təqdim ediləcək.

İki hissəli tamaşada “Şeyx Nəsrullah”ı Xalq artisti Nurəddin Mehdixanlı, “Kefli İsgəndəri” isə Əməkdar artist Anar Heybətov canlandıracaq. Eləcə də səhnəyə xalq artistləri Əli Nur, Hacı İsmayılov, Kazım Abdullayev, Laləzar Mustafayeva, Rafiq Əzimov, Sabir Məmmədov, əməkdar artistlər Aslan Şirin, Elxan Quliyev, Elşən Rüstəmov, Əlfida Cəfərov, Kazım Həsənquliyev, Mətləb Abdullayev, Məzahir Cəlilov, Mirzə Ağabəyli və teatrın digər aktyorları çıxacaqlar.

Cəlil Məmmədquluzadənin “Ölülər” tragikomediyası ümummilli lider Heydər Əliyevin ən çox sevdiyi əsər olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Heydər Əliyev Mərkəzi bir sıra layihə və tədbirlərin keçirilməsini planlaşdırır. “Heydər Əliyev və milli teatr sənəti” layihəsi çərçivəsində isə Heydər Əliyev Mərkəzində silsilə teatr tamaşalarının nümayişi nəzərdə tutulur.









Oxşar xəbərlər