FHN xilasedicilərinin ikinci qrupu Türkiyədən Vətənə qayıdıb - YENİLƏNİB
2-03-2023, 17:11
6 008

FHN xilasedicilərinin ikinci qrupu Türkiyədən Vətənə qayıdıb - YENİLƏNİB

Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarında iştirak edən Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələrinin daha 234 nəfərlik qrupu Vətənə qayıdıb.
“Report” xəbər verir ki, xilasedicilər üçün Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanma mərasimi keçirilib.
Tədbirdə FHN-in Mülki müdafiə qoşunlarının komandanı general-leytenant İlham Abdullayev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov, Türkiyənin Azərbaycandakı səfirliyinin hərbi attaşesi general-mayor Zəkəriyyə Yalçın, daxili işlər müşaviri general-mayor İlhan Şen, media müşaviri Hüseyn Altınalan, FHN rəsmiləri və mətbuat nümayəndələri iştirak ediblər.
15:10
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına iştirak edən Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin 2-ci qrupu təyyarə ilə Vətənə qayıdır.
Azərbaycanlı xilasediciləri gətirən təyyarə yaxın saatlarda Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edəcək.
Xatırladaq ki, dünən Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin 1-ci qrupu ölkəyə qayıdıb.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.
Zəlzələnin ilk günü - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb. Fevralın 8-də isə Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə göndərilib.


Oxşar xəbərlər