"İrəvana və Zəngəzura qayıdış qısa vaxtda mümkün ola bilər" - Komitə sədri
3-03-2023, 11:37
7 830

"İrəvana və Zəngəzura qayıdış qısa vaxtda mümkün ola bilər" - Komitə sədri

"Dünyanın yenidən bölüşdürüldyü indiki şəraitdə Azərbaycan Prezidenti komandası ilə yanaşı, xalqımızı da yeni hədəflərə hazırlayır. Biz ölkə başçısının verdiyi mesajları düzgün dəyərləndirməliyik, söhbət hərbi hücum planlarından, Qələbədən sonra ambisiyalarını ermənilərin mifik iddialarına bir tutmaqdan, düşmənin xəstəliyinə yoluxmaqdan getmir. Qlobal təhlükəsizlik sisteminin indiki durumunda elita, ordu və millətimiz müharibədə olduğu kimi bir ideya ətrafında- Qələbəmizi qorumaq və onu irəliyə aparmaq üçün səfərbər olunublar".
Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib. O bildirib ki, Prezident İlham Əliyevin Qərbi Azərbaycan icması ilə görüşündən sonra ictimai fikirdə köklü dəyişikliklər baş verir.
"Zəfərə gedən 27 illik uzun yoldan fərqli olaraq, İrəvana, Göyçə mahalına, Zəngəzura qayıdış qısa vaxtda mümkün ola bilər. Azərbaycan tarixinin ən böyük mirası - torpaqlarımız, maddi və mədəni irsimizin əsas hissəsi hazırda Ermənistan adlanan ərazilərdə qalıb. Ona görə də Qələbəmiz son 30 illə yanaşı, bütün tarixi dövrlərdə köç edən insanların öz əcdadlarına, köklərinə, milli-dini varlığına, maddi və mədəni irsinə dönüş şansı yaradıb. Əminliklə söyləmək olar ki, 8 noyabrda azad edilən torpaqlar bütün dövrlərin köçkünlüyünə son qoyacaq, tarixi yurdlara qayıdış yollarını da açacaqdır. Xüsusi vurğulayaq ki, 1988-ci ildən sonra dövlətimizin elan etdiyi siyasi kursun əsas hədəfləri  ilk dəfədir ki, Azərbaycanın rəsmi ərazisi ilə məhdudlaşmır, sərhədlərimizi aşır. Lakin Prezident Qərbi Azərbaycana Qayıdış vəzifəsini bu dəfə ordu qarşısında deyil, silahsız alim və ziyalıların, çoxminli məktəb və universitetlərin, mədəniyyət və dini məfkurəni hazırlayan qurumların, bir sözlə bütövlükdə xalqımızın qarşısında irəli sürür.  Təkcə elitanın deyil, hər bir azərbaycanlının böyük tarixi ideallara hazırlanması gərəkdir. Əgər paralellər apramaq istəsək, deyə bilərik ki, Göyçə Qərbi Azərbaycanın Şuşasıdır. Gəlin unutmayaq ki, Qarabağ məsələsi İrəvandan başladı, orada da başa çatmalıdır. Lakin tank və toplarla deyil, sülh müharibəsi ilə!"

Oxşar xəbərlər