Səfirliyimizdəki terrorun istintaqında maraqlı gəlişmə: molla rejimi yumşalır, yoxsa...
7-03-2023, 12:01
17 697

Səfirliyimizdəki terrorun istintaqında maraqlı gəlişmə: molla rejimi yumşalır, yoxsa...

Ceyhun Məmmədov: “İran Azərbaycanla bağlı siyasətini tamamilə dəyişməlidir”
Bu il yanvarın 27-də Tehrandakı səfirliyimizə edilən, bir nəfərin ölümü, iki nəfərin isə yaralanmasına gətirən silahlı və xain terror hücumundan 40 günə yaxın vaxt keçir. Artıq bir şeyi qəti əminliklə söyləmək olar ki, Azərbaycan dövlətinə qarşı törədilmiş bu qanlı cinayət olayı İran tərəfindən obyektiv araşdırılmayınca və terrorçu layiqli cəzasını almayınca, iki ölkə arasında münasibətlər normal məcraya qayıtmayacaq. Bu barədə Prezident İlham Əliyev son olaraq, fevralın 18-də Münhendə qəti sözünü deyib.
Maraqlıdır ki, keçən həftəsonu İran Azərbaycana səfirliyə silahlı hücumun təhqiqatını sürətləndirmək üçün Tehrana və Bakıya ekspert qrupları göndərməyi təklif edib.
Müvafiq təklifi İran xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Mehdi Səfəri Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündə səsləndirib.
Məlumata görə, görüş zamanı Səfəri “işlə bağlı son hesabatı təqdim edib” və Azərbaycan hakimiyyətindən məhkəmə prosesinin tamamlanmasını sürətləndirmək üçün iki ölkənin müvafiq ekspertlərindən ibarət qrupların Tehran və Bakıya göndərilməsini xahiş edib.
Ermənistan törətdiyi cinayətlərin məsuliyyətini daşımalıdır - Mətin Məmmədli
Mətin Məmmədli: “Tehran sanki məsuliyyəti öz üzərindən atmaq istəyir”
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Mətin Məmmədli İran XİN müavininin səsləndirdiyi fikirləri səmimi hesab etmir. “Yeni Müsavat”a açıqlamasında mütəxəssis bildirdi ki, səfirliyimizə terror hücumundan sonra  İran hökunətinin, rəsmilərin, hüquq-mühafizə orqanlarının atdığı addımlar bir daha sübut etdi ki, terror aktı İran daxilindəki müəyyən qüvvələr tərəfindən törədilib: “Hesab edirəm ki, İran XİN müavininin səsləndirdiyi təkliflər baş vermiş cinayətin pərdələnməsi məqsədi daşıyır. Bununla da Tehran sanki məsuliyyəti öz üzərindən atmaq istəyir. Azərbaycanın mövqeyi aydındır. Terror hücumu baş verəndən qısa müddət sonra Azərbaycan hüquq-mühafizə orqanları açıqlamasında hadisəni yerində araşdırmağa hazır olduğunu bildirib. Perspektivlərindən əmin olmasam da, düşünürəm ki, hər bir halda təkliflər dəyərləndirilə bilər. Ümumilikdə, Azərbaycan İranla münasibətlərində daha təmkinli mövqe nümayiş etdirir, İranın ölkəmizə qarşı siyasətinə daha adekvat siyasət həyata keçirir. İki ölkə arasındakı münasibətlərdə bu tendensiya davam edəcək”.
Elman Nəsirov deputat sözünə etiraz etdi:
Elman Nəsirov: “Bu, sadəcə, vaxtı uzatmaq üçün cəhddir”
Millət vəkili Elman Nəsirov “Yeni Müsavat”a mövzunu şərh edərkən qeyd etdi ki, kamera görüntüləri və s. dəlillər olduğu halda İran hüquq-mühafizə orqanlarının araşdırma ilə bağlı yanaşması aydın deyil: “Lazımi sübutların olmasına baxmayaraq, xüsusi ekspert qrupunun iştirakı ilə araşdırma aparılması təklifi anlaşılan deyil. Belə hesab edirəm ki, bu, sadəcə, vaxtı uzatmaq üçün cəhddir. İran tərəfi guya təhqiqat aparmaqda maraqlı olduğunu göstərmək məqsədilə belə bir təşəbbüs irəli sürüb.  Azərbaycan tərəfinin hansı addımlar atacağını bilmirəm. Hesab edirəm ki, sübutlar lazımi qədərdir, buna görə də ayrıca ekspert qrupuna lüzum yoxdur. İran tərəfinin bu terror aktını obyektiv, dürüst araşdırmaq niyyəti varsa, cinayətkarların cəzalandırılması naminə razılaşmaq olar”.
Ceyhun Məmmədov medalla təltif edilib - FOTO
Ceyhun Məmmədov
Millət vəkili Ceyhun Məmmədov bildirdi ki, son qərar dövlət səviyyəsində veriləcək. C.Məmmədov İranın davamlı olaraq Azərbaycana qarşı təxribatlar etdiyini bildirdi: “Səfirliyimizə hücum davamlı təxribatlardan biridir. İran Azərbaycanla bağlı siyasətini tamamilə dəyişməlidir. Yanaşma dəyişmədikcə ciddi nəticə gözləməyə dəyməz. Azərbaycana qarşı düşmənçiliyin təbliği ümumi prosesin bir hissəsidir. İran mətbuatı, eləcə də vaxtilə İranda təhsil alan, İranın yönləndirdiyi şəxslər gecə-gündüz Azərbaycan dövlətinə qarşı təbliğat aparırlar. Səfirlikdə törədilən terror aktı ilə bağlı birgə araşdırma aparıla bilər, amma bu, vəziyyətdən asılıdır. Zəngəzur dəhlizinin qırmızı xətt olma məsələsi, konsulluğun açılması, əks-təbliğatın aparılması, silahların daşınması, əməkdaşlığın gücləndirilməsi, müharibədə yaralanan ermənilərə dəstək göstərilməsi, Ermənistanla birgə minaların təmizlənməsi istiqamətində layihələrin icra edilməsi və s. kimi yanaşmalar dəyişməlidir, lakin biz hələ ki bunu görmürük”.

Oxşar xəbərlər