“İran tərəfi bilməlidir ki, belə addımları təkrarlayarsa, çox ağır nəticələrə gətirə bilər”
13-03-2023, 16:49
6 769

“İran tərəfi bilməlidir ki, belə addımları təkrarlayarsa, çox ağır nəticələrə gətirə bilər”

11 mart 2023-cü il tarixində İran İslam Respublikasına məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib.
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin birgə bəyanatında qeyd olunub.
Bəs görəsən İranın belə təxribatı törətməkdə məqsədir nədir?
Məsələ ilə bağlı danışan Milli Məclisinin deputatı Elman Nəsirov deyib ki, İran İslam Respublikası öz həyata keçirdiyi daxili və xarici siyasəti ilə ayrı-ayrı dövlətlərə qarşı təhdid xarakterli davranışı ilə beynəlxalq aləmdə “izqoy” dövlət statusundadır.

“ABŞ Dövlət Departamentinin terrorizmi maliyyələşdirən dövlətlər sırasında yer alır. Uzun müddətdir ki, terrorizmi himayə edən, maliyyələşdirən, ona sponsorluq edən dövlət statusuna malikdir. Kimlərsə buna şübhə edə bilərdi, amma Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktından sonra artıq buna heç kəsin şəkk-şübhəsi qalmayıb.
Eyni zamanda İran məsuliyyətsiz dövlətdir. Beynəlxalq hüquqa münasibətdə qərəzli davranışı, hüquqa həqarətli yanaşması ilə seçilən dövlətdir”.
Elman Nəsirov İranın təyyarəsinin Azərbaycanla dövlət sərhədini pozmasının beynəlxalq xarakterli cinayət əməli olduğunu xüsusən vurğulayıb:
“Bu həm də dövlətlərin sərhədlərinin toxunulmazlığı ilə bağlı prinsiplərin kobud şəkildə pozulmasıdır. İndi Azərbaycan tərəfi dövlət sərhədini keçən İran təyyarələrini vurub salsaydı, onda necə olacaqdı? Bu birinci hal deyil. Belə bir hadisə 2001-ci ildə də olmuşdu. İranın təyyarələri Azərbaycanın hava sərhədinə müdaxilə etmişdilər. O zaman da Türkiyənin şahinləri gəldi və Azərbaycan hava məkanında uçuşlar etdi. Bundan sonra İran tərəfi bundan dərs çıxardı. O zaman bizim elə də yüksək səviyyəli şahinlərimiz yox idi. Amma İran tərəfi bilməlidir ki, Azərbaycanın artıq ən yüksək səviyyəli hərbi pilotları var və belə addımlarını təkrarlayarsa, çox ağır nəticələrə gətirə bilər. Azərbaycanın atacağı addımlar beynəlxalq hüququ çərçivəsində olacaq. Belə hallarda beynəlxalq hüquq imkan verir ki, dövlət sərhəd ximətini pozan təyyarələr vurulub salınsın. Baş verə biləcək bütün hadisələr İranın üzərinə düşəcək”.

Oxşar xəbərlər