Nazilə Səfərlinin rədd etdiyi hədiyyə - Kimə nə demək istəyir?
17-03-2023, 14:32
663

Nazilə Səfərlinin rədd etdiyi hədiyyə - Kimə nə demək istəyir?

Dünən efirə dəvət almış şairə və tamada Nazilə Səfərli bildirib ki, pərəstişkarlarından biri ona avtomobil hədiyyə eləmək istəyib, amma Nazilə xanım bu avtomobili götürmək istəməyib. Aparıcının “hədiyyəni niyə götürmədiniz?” sualına Nazilə xanım “Mənim pulum onun pulundan azdır, bəyəm mən dilənçiyəm?” cavabını verib.
Əlbəttə hədiyyəni alıb - almamaq onun seçimidir. Buna hörmətlə yanaşmaq lazımdır. Amma “mənə maşın verdilər, almadım məsələsi bir az “qarğa məndə qoz var” söhbətinə bənzəyir axı. 
Son illər adətdəndir, efirlərə çıxan bir çox məşhurlara gah min dənə qızıl güldən, gah 100 dollarlıqlardan ibarət bahalı buketlər, gah sevgi etirafları, evlilik təklifləri, gah brilliant üzüklər, gah avtomobil və ya ev açarları gəlir. Hamısını da guya rədd edirlər.
Bu bir növ öz qiymətini qaldırmaq, diqqət çəkmək, hətta bir az da dəlinin yadına daş salmaq məqsədi daşıyır.
Lap deyək, hədiyyəni verən sidqi - ürəkdən verir, Nazilə xanımın fanatıdır. “Dilənçiyəmmi” demək nə deməkdir? Axı Nazilə xanım özü də bir neçə dəfə kimlərəsə hədiyyə verdiyini deyib. Bir dəfə meyxanaçı Kərimin qapısını yardım etmək üçün döymüşdü. Əlində telefonu ilə canlı yayımda çəkə - çəkə. Qapını açmayanda da ev yiyələrini biabır etmişdi ki, açmırlar. (Hərçənd ağır yataq xəstələrinin görüşünə getməzdən öncə xəbər verilməlidir. Üstəlik, insanın problemi beyin xəstəliyindən qaynaqlanırsa, onun kimisə görmək istəməməsi başadüşüləndir). Başqa bir dəfə Nazilə xanım maşınına bir kondisioner qoyub qəhrəman generalımız Polad Həşimovun anasının qapısını döymüşdü. Hədiyyə verərkən qarşısındakını dilənçi hesab edirdi?
Xeyir iş görmək bir ərdəmdir, amma doğru şəkildə olsa.
“Mənim pulum onun pulundan azdır?”. Efirlərimizdə bu kimi polemikaları yaymaqla cavanlara nə öyrədirlər, nə demək istəyirlər? Pulu az olanlar insan deyil?
Varı ilə çox öyünənlər Türkiyədə zəlzələ, sel nəticəsində bir gecədə bir tikə çörəyə möhtac qalan milyonçuları görmədilər? /lent.az

Oxşar xəbərlər