Hadisə zamanı Fazil Mustafanın silahı harada olub? – Deputat açıqladı
29-03-2023, 13:42
920

Hadisə zamanı Fazil Mustafanın silahı harada olub? – Deputat açıqladı

Millət vəkili Fazil Mustafaya qarşı törədilən terror hücumundan sonra deputatlara silah verilməsi məsələsi aktuallaşıb. Məlumata görə, Milli Məclisin üzvlərinin adına tabel silah var, lakin onlar üzərlərində daşımırlar. Bu silahların Daxili İşlər Nazirliyində saxlanıldığı deyilir.
Bəs F.Mustafaya sui-qəsddən sonra deputatlara silah verilə bilərmi?
Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı, professor Elman Nəsirov ilk növbədə F.Mustafaya qarşı tördilən cinayəti şiddətlə qınadığını bildirib:
“Bəli, deputatın statusu haqqında qanunda onlara silah verilməsi bəndi öz əksini tapır. Amma “millət vəkili xalqın seçdiyi şəxsdir, ona qarşı heç bir təhdid ola bilməz, o, özünü kimdən qorumalıdır” kimi məsələ əsas götürülür”.
E.Nəsirov deyib ki, baş verən məlum hadisədən sonra dəyişikliklər ola bilər:
“Mənə elə gəlir ki, terror aktının təşkilatçıları, sifarişçiləri, icraçıları tam müəyyən edildikdən və bütün suallara cavab tapıldıqdan sonra məsələyə qayıdış və hər hansı bir dəyişiklik olması mümkündür. Biz Azərbaycan hüquq mühafizə orqanlarının və DTX-nin peşəkarlığına tam inanır, cinayətkarların qısa zamanda tapılacaqlarına, ən ağır cəzalar alacaqlarına əminik. Ondan sonra artıq bəlli olacaq ki, deputatların silahlanması vacibdir, ya yox”.

Oxşar xəbərlər