İran sərhədə hərbi texnika yerləşdirir: Müharibə gözləniləndir?-Elman Nəsirov ŞƏRH EDİR
3-04-2023, 16:02
6 851

İran sərhədə hərbi texnika yerləşdirir: Müharibə gözləniləndir?-Elman Nəsirov ŞƏRH EDİR

“İran İslam Respublikasının müsəlman ölkəsi olan Azərbaycana münasibətdə atdığı addımlar öz Xomeynizm ideologiyası ilə daban-dabana keçir. Bu ideologiyanın iki mühüm xüsusiyyəti var. Birincisi, müsəlmanın müsəlmandan yaxın dostu yoxdur. İkincisi isə İran İslam inqilabının ixracı ilə bağlıdır”.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Millət vəkili bildirib ki, İranın dini ideoloji xətti ilə əslində rəsmi Tehran Azərbaycanın yanında olmalıdır:

“Lakin biz bu ölkənin Ermənistanın yanında yer aldığını görürük. Başa düşmək olmur ki,  biz xristian olmuşuq, ya ermənilər müsəlman olub ki, İran bu qədər ermənipərəst siyasət həyata keçirir?  Sözügedən ideologiyanın  ikinci istiqamətinə nəzər salsaq görərik ki, İran İslam inqilabını ölkəmizə ixrac etmək istəyirlər. Ona görə bu qədər şəbəkə formalaşdırılıb. Beləliklə, Azərbaycanda müəyyən qarışıqlıq yaratmağa çalışırlar.
Eyni məntiqlə də İran  ölkəmizlə sərhəddə hərbi təlimlər həyata keçirir, hava məkanını pozur, antiAzərbaycan bəyanatları verir, rəsmi dövlət xadimləri ölkəmiz əleyhinə təhqiredici ifadələr işlədir. İndi də Zəncan istiqamətində ölkəmizə yaxın sərhəd bölgələrində hərbi texnika yerləşdirirlər”.

Deputatın fikrincə, nəzəri baxımdan tərəflər arasında müharibənin baş verməsi mümkündür:

“Lakin praktik baxımdan bu real görünmür. Çünki Tehranın dini və siyasi rəhbərliyi fərqində olmalıdır ki, ölkəmizə qarşı müharibə təkcə Azərbaycan-İran müharibəsi olmayacaq. Bu qlobal müharibəyə çevrilə bilər. Çünki belə hal baş verərsə, dərhal Türkiyə rəsmi Bakının yanında yer alacaq. Türkiyə NATO ölkəsidir. Onun müharibəyə daxil olması NATO nizamnaməsinin 5-ci maddəsini işə salacaq. Belə olan halda NATO müharibəyə qoşulmalıdır. Yəni, miqyas olduqca genişlənir. Bununla yanaşı, İranda daxili vəziyyət çox pisdir. 35-40 milyon azərbaycanlı da İran rəhbərliyinin həyata keçirdiyi siyasətdən son dərəcə narazıdır. Vətən müharibəsinin gedişatında azərbaycanlılar İranın Ermənistana silah-sursat göndərmək yollarını bağladılar. Buna qarşı açıq etirazlarını bildirdilər. Həmin azərbaycanlılar yerindədir və Azərbaycana qarşı hər hansı hücum aktında silahı hansı istiqamətə yönləndirəcəklərini təxmin etmək çətin deyil. Bunu rəsmi Tehran çox gözəl bilir. Belə addımlar isə daxili auditoriyanın diqqətini yayındırmağa yönəlib. İran ölkəmizə qarşı hansısa təxribata əl atsa, bu sözün əsl mənasında “odla oynamaq” olacaq”.

Oxşar xəbərlər