20 illik uğurlu yol TÜRKİYƏ ƏRDOĞANIN LİDERLİYİ İLƏ BÖYÜK UĞURLARA İMZA ATIB
10-04-2023, 14:34
712

20 illik uğurlu yol TÜRKİYƏ ƏRDOĞANIN LİDERLİYİ İLƏ BÖYÜK UĞURLARA İMZA ATIB

Türkiyə Cümhuriyyətinin son 20 il ərzində Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə çox böyük və hərtərəfli inkişaf yolu keçdiyi danılmaz faktdır. Bu gün uğurlu və müstəqil xarici siyasəti sayəsində qardaş ölkə beynəlxalq aləmdə söz sahibinə çevrilib. Eyni zamanda, dünyanın ən böyük iqtisadiyyatlarına malik ölkələrin, həmçinin, Avropa İttifaqının təmsil olunduğu "Böyük İyirmilik"də yer alır. İqtisadi potensialı baxımından Avropada ilk onluqda olan Türkiyə, hərbi gücünə görə NATO-nun ikinci ölkəsidir. 71 ildir NATO-nun üzvü olan Türkiyə soyuq müharibə dövründə olduğu kimi, ondan sonra da Alyansın məsuliyyətli və öncül üzvlərindən biri olub. NATO-nun sərhədlərinin qorunması ilə missiyalarının yerinə yetirilməsinə əhəmiyyətli töhfələr verib. Türkiyə sadəcə region üçün deyil, bütün Avro- Atlantik məkan üçün təhdid yaradan terrorçuluğa qarşı mübarizədə öhdəsinə düşəni artıqlaması ilə yerinə yetirir.
NATO-nun baş katibi Yens Stoltenberq öz çıxışlarında Türkiyəni NATO-nun vacib üzvü adlandırıb. O etiraf edib ki, NATO Türkiyə olmadan zəif görünər. Türkiyə Alyansın Əfqanıstanda, Kosovoda və dünyanın digər nöqtələrində missiyalarının həyata keçirilməsinə misilsiz töhfə verib.
Türkiyənin hərbi sənaye kompleksi son zamanlar çox yüksək templə inkişaf etməkdədir. "Bayraktar", "Aksunqur", "Akıncı", "Kızılelma" da daxil olmaqla pilotsuz döyüş aparatları Türkiyənin dünya çapında mövqelərini daha da möhkəmləndirir. Qeyd edilənlər bir daha onu göstərir ki, 2002-ci ildən bu yana Türkiyə Ərdoğanın liderliyi ilə böyük məsafə qət edib. Eyni zamanda,  Ərdoğan liderliyini qoruyub saxlayır və Türkiyənin siyasi həyatında əsas fiqurdur.
Bu gün əlbəttə ki, bütün dünyada cərəyan edən iqtisadi və sosial böhran Türkiyədən də vaz keçməyib. Bir sıra siyasi səbəblər, o cümlədən, münaqişlər, müharibələr də bu böhranın səbəbləri sırasındadır. Onu da unutmaq olmaz ki, Avropa öz qapılarını bərk-bərk bağlayanda, mühacirləri dənizdə boğanda, məhz Türkiyə beş milyondan artıq qaçqın-köçkünə öz qapılarını açdı. Qardaş ölkə heç bir maddi, mənəvi dəstək olmadan Suriyadan, İraqdan və digər ölkələrdən olan qaçqınlara ev sahibliyi etdi.
Bu il qardaş ölkədə baş verən dəhşətli zəlzələ, 50 min nəfərdən çox insanın həyatını itirməsi ilə böyük dağıntılarla nəticələndi. Prezident Ərdoğan dərhal hadisəyə adekvat reaksiya verdi, lazımı qərarlar qəbul edildi. Ərdoğan zəlzələdən zərər çəkmiş hər qəsəbəyə baş çəkir, qısa müddətdə bütün dağıntıların aradan qaldırılacağını, şəhər və qəsəbələrin yenidən tikiləcəyini vəd etdi. Artıq bu istiqamətdə surətli işlər gedir. Həmçinin, tikinti qaydalarını pozanlar məsuliyyətə cəlb olunub.
Əlbəttə ki, daha güclü, daha inkişaf etmiş, sabit, təhlükəsizliyi tam təmin olunmuş Türkiyənin olması Azərbaycan, eləcə də bütün türk dünyasının rifahı üçün çox vacibdir. Çünki qədim dövlətçilik ənənələrinə malik Türkiyə türk dünyasının yaxınlaşmasında, birliyində arbitr rolunu oynayır. Azərbaycan da qardaş ölkə ilə birgə bu məsələdə öz töhfəsini verməkdədir. Təbii ki, Azərbaycan və Türkiyə münasibətlərindəki təkrarsız model türk dünyasının həmrəyliyində, bir olmasında öz sözünü deyir.
Prezident İlham Əliyev martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının fövqəladə Zirvə görüşündəki çıxışında bildirib ki, Türkiyə son 20 ildə Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir.
Sitat: "Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər. Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün Türk dünyası üçün önəmli şərtdir".
Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Türkiyə ötən 20 ildə həqiqətən böyük inkişaf yolu keçib: "Bu, özünü bir çox sahələrdə, o cümlədən, yüksək texnologiyalar sahəsində büruzə verməkdədir. Məsələyə bu xüsusda yanaşdıqda 2022-ci il oktyabrın 29-da Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiyalar markası olan "Togg" istehsal müəssisəsinin işə salınması, sözün həqiqi mənasında, tarixi hadisədir. Bu hadisə bir daha onu göstərir ki, Türkiyə qabaqcıl texnologiyalar sahəsində də inkişaf etmiş dövlətlər sırasında özünəməxsus mövqe əldə etməkdədir. 2020-ci ildə təməli qoyulan "Togg" zavodunun inşası iki il ərzində yekunlaşıb. Beləliklə, Türkiyə il ərzində 175 min avtomobilin istehsalını nəzərdə tutur. 2030-cu ilə qədər isə həcmin bir milyona çatdırılması planlaşdırılır. Bu, olduqca böyük nəticədir, Türkiyənin iqtisadi inkişafının göstəricisidir. Aprelin 4-də "Togg" elektromobilinin ikinci nümunəsi Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub. Türkiyənin sənaye və texnologiyalar nazirini qəbul edərkən Prezident İlham Əliyev bu hadisəni çox yüksək qiymətləndirib. Bir daha vurğulayıb ki, bu gün Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında böyük bir inkişaf yolu keçməkdədir. Yüksək texnologiyalar əsasında belə bir müəssisənin işə salınması Türkiyənin gücünün, potensialının ifadəsidir".
E.Nəsirov bu uğuru Türkiyənin mülki sənaye sahəsində sürətli inkişafı kimi qiymətləndirib. Onun sözlərinə görə, "Togg"un kütləvi istehsalına başlanması bir daha onu göstərir ki, qardaş Türkiyə təkcə bugünkü müasir beynəlxalq münasibətlər sistemində həlledici dövlətlərdən biri deyil, eyni zamanda, müasir dünyamızın texnoloji inkişafının mühüm göstəricisi sayılan sahələrdə də öz sözünü deməkdədir. "Togg" kimi qlobal texnologiya markasının istehsalı qardaş ölkənin potensialının, yüksək texnologiyalar sahəsində qazandığı uğurların ifadəsi kimi mühüm əhəmiyyət daşıyır".

Oxşar xəbərlər