“Paşinyan sözdə “sülh göyərçini”, əməldə “qırğı” kimidir”- Elman Nəsirov
18-04-2023, 15:00
1 145

“Paşinyan sözdə “sülh göyərçini”, əməldə “qırğı” kimidir”- Elman Nəsirov

Ermənistanın baş naziri Nikol Paşinyan 2022-ci il üçün Hökümət Proqramının icrası ilə bağlı hesabatını təqdim edərkən diqqəti cəlb edən bir ifadə işlədib. O qeyd edib ki, İrəvan heç bir ölkəyə ərazi iddiası olmadığını açıqladıqdan sonra region üçün sülh gələcək. İlk baxışdan olduqca konstruktiv bir yanaşmadır. Düşünəndə ki, bu sözləri deyən Paşinyandır, onda bu çıxışın arxasındakı məqsəd maraqlı gəlir.
News365.az saytına açıqlamasında millət vəkili Elman Nəsirov bildirir ki, Paşinyan olduğu məkana görə bəyanatını dəyişir:
“Ona görə ki, Paşinyan o vaxt Moskvada bir bəyanat, Vaşinqtonda başqa, Parisdə isə tamam başqa bəyanat verib. İrəvanda da bunlardan fərqli bəyanatla çıxış edib. Paşinyanın verdiyi bəyanatlara inanmaq sadəlövhlük olardı. Paşinyan bəyanatları ilə özünü ” sülh göyərçini” kimi təqdim edir, ancaq “qırğı” davranışı ortaya qoyur. Ölkədaxili təyziqlər artan zaman Paşinyan qırğıya çevrilir. Kompromissiz və güzəştsiz siyasətçi obrazı formalaşdırmaq istəyir. Sülh danışıqları gedəndə isə özünü “sülh göyərçini” kimi aparır. Paşinyanın bu çıxışı situativ xarakterlidir. Sabah başqa bir mövqe sərgiləyəcəyini qətiyyən şübhə yoxdur. Bu loyallıqdır. Biz Paşinyanın hakimiyyəti müddətində dəfələrlə bu halı müşahidə etmişik. Təki Paşinyan ağılını başına yığıb, sülhə razılaşsın. Azərbaycan 5 şərtlik təklifi irəli sürüb. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin bu məsələdə qətiyyətli mövqeyi var”.
Elman Nəsirov qeyd edir ki, Paşinyan sülhdən danışsa da,  hələlik Ermənistandan real addım yoxdur:
“Əksinə Paşinyanın xeyir- duası ilə Azərbaycan bayrağının yandırılması, sosial şəbəkələrdə kəsilmiş Azərbaycan və Türkiyə bayraqlarının paylaşılması onu göstərir ki, Paşinyan sülhdən uzaqdır. Lakin bəyanatlarında sülh istəyini vurğulayır. Paşinyanın istəyi öz hakimiyyətini qoruyub saxlamaqdır “,-deyə millət vəkili vurğulayıb.

Oxşar xəbərlər