Ağadadaş Ağayevi özü ilə səhv saldılar
17-05-2023, 14:14
1 152

Ağadadaş Ağayevi özü ilə səhv saldılar

Ağadadaş Ağayev 80-ci illərdə kasetlərinin yayılması ilə məşhurlaşmışdı. Çoxları səsini tanısa da, mahnılarını əzbər bilsə də, üzünü görməmişdi. 
Elə başına gələn maraqlı hadisə də səsinin tanınıb, özünün tanınmadığı illərə aiddir.
“Qaraçuxur qəsəbəsində toyda idim. Həyətdə toy mağarı qurulub, mən də məclis aparıram. Gördüm ki, mağara əlində iş çantası olan bir kişi daxil oldu. Üst-başından hiss olunurdu ki, toya dəvət almayıb, eləcə musiqinin səsini eşidib gəlib. Oturub bir az qulaq asdı. Sonra yaxınlaşıb mənə dedi ki, bir dənə Ağadadaşdan mahnı oxu. Mən də oxudum. Gətirib cibimə nəmər qoydu, dedi, birini də oxu. Əyilib qulağıma dedi: “Öz aramızdır, Ağadadaş kimi oxuyursan ha.”
Beləcə, hər dəfə eyni sözü deyə-deyə mənə yarım saat mahnı oxutdurdu. Axırda toy sahibini çağırtdırdım ki, gəlib məni adamın əlindən qurtarsın. Çıxıb gedəndə də “Ağadadaş kimi oxuyursan, sağ ol” dedi, amma məni tanımadı” - Ağadadaş Ağayev xatirələrini bölüşüb./lent.az

Oxşar xəbərlər