Azərbaycanda kütləvi zəhərlənmə - 24 şagird və 3 müəllim... (YENİLƏNİB)
23-05-2023, 15:29
825

Azərbaycanda kütləvi zəhərlənmə - 24 şagird və 3 müəllim... (YENİLƏNİB)

Şəki-Zaqatala regional təhsil idarəsi Şəkinin Qudula kənd orta məktəbində baş verən zəhərlənmə faktı ilə bağlı açıqlama yayıb.
Açıqlamada deyilir ki, Şəki rayon Qudula kənd orta məktəbində zəhərlənmə halları qeydə alınıb. Hadisədə zərər çəkmiş bütün şagirdlər və işçi heyət təcili olaraq Şəki şəhər mərkəzi xəstəxanasına çatdırılıb. Bununla bağlı olaraq Şəki-Zaqatala regional təhsil idarəsinin məsul əməkdaşları xəstəxanada uşaqlara baş çəkib və prosesi davamlı olaraq müşahidədə saxlamaqdadırlar:
"Narahatlıq keçirmiş şəxslərin sağlamlıq vəziyyətinin artıq normal olduğu, onların tezliklə evə buraxılacaqları bildirilir. İlkin araşdırmalara görə zəhərlənməyə məktəbdə 19 may 2023-cü il tarixində aparılmış dezinfeksiya işi səbəb olub. Belə ki, 23 may tarixində hava temperaturunun yüksək olması məktəbin inzibati binasının zirzəmi qatına səpilmiş dezinfeksiya maddələrinin buxarlanaraq zəhərlənməni yaratdığı ehtimal edilir.
Hadisə haqqında əlavə məlumat veriləcək”.
***
14:53
Bu gün günorta saatlarında Şəki rayonunun Qudula kənd orta məktəbinin 24 şagirdi və 3 müəlliminin zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət etməsi barədə Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, qeyd olunan faktla bağlı araşdırmalara başlanılıb və hadisənin başvermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.
Qeyd edək ki, xəstəxanaya müraciət edən şəxslərə lazımi tibbi yardım göstərilib və vəziyyətləri normaldır.

Oxşar xəbərlər