Xidmətdə olan əsgərimizin universitet problemi həll edildi
8-12-2020, 23:54
227

Xidmətdə olan əsgərimizin universitet problemi həll edildi

Hazırda xidmətdə olan əsgər Həsənov Mustafa Adil oğlunun təhsillə bağlı yaranmış problemi həll edilib.

Bu barədə Lent.az-a M.Həsənovun anası Aidə xanım məlumat verib.

O bildirib ki, hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetindədir:

“Mənə bildirdilər ki, Dövlət İmtahan Mərkəzi tərəfindən müsbət qərar verilib və universitetə qeydiyyatı aparılacaq. Buna görə çox sevincliyəm”.

DİM-dən saytımıza verilən məlumatda da xidmətdə olan əsgərimizin universitetə daxil olması barədə köməkliyin göstərilməsi barədə bildirilib.


***

14:29

“Vətən müharibəsində iştirak etdiyim üçün universitetə daxil olmağımdan gec xəbərim oldu”.
Bu sözləri hazırda xidmətdə olan əsgər Həsənov Mustafa Adil oğlu sosial media hesabında paylaşıb. O, bildirib ki, subbakalavr diplomu ilə universitetə sənəd verdikdən sonra Bərdə Səfərbərlik şöbəsi tərəfindən Orduya xidmət üçün çağırılıb:
“Nəticələr çıxanda hərbi xidmətdə idim və ailəmlə tez-tez əlaqə saxlaya bilmirdim. Daha sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Maşın mühəndisliyi (ödənişli əsaslarla) fakültəsinə qəbul olunmağımı öyrəndim, ancaq xidmətdə olduğum üçün qeydiyyat prosesimi həyata keçirmək mümkün olmadı. Yeganə istəyim daxil olduğum universitetə qəbulumla bağlı köməkliyin göstərilməsidir”.
Lent.az yaranmış vəziyyətlə bağlı əsgərimizin ailəsi ilə əlaqə saxlayıb. M.Həsənovun anası Aidə xanım saytımıza açıqlamasında bildirib ki, oğlunun qəbul olunduğunu biləndən sonra Bərdə Rayon Təhsil Şöbəsinə gedərək, vəziyyəti izah edib:
“Mənə dedilər ki, sənədlər hazırlanmalıdır. Bu sənədlərdən biri də sağlamlıqla bağlı arayışdır. Ancaq oğlum hərbi xidmətdə idi və ona arayışın verilməsi mümkün deyildi. Onlayn qeydiyyatla bağlı isə məlumatım yox idi, həm də internetdən başım çıxmır. Bu barədə nəsə demədilər, harasa yönləndirmədilər. Bilmədiyim üçün də vəziyyət bu cür alındı.
Daha sonra Dövlət İmtahan Mərkəzi və universitetə yazılı müraciət ünvanladıq. Tək istəyimiz, oğlumun universitetə bərpa olması ilə bağlı yardım edilməsidir”.
ADNSU-nun mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov saytımıza açıqlamasında bildirib ki, Azərbaycanda tələbə qəbulunu DİM həyata keçirir:
“Biz ancaq sənədləşdirmə zamanı tələbə ilə tanış oluruq. Ona görə də tələbə ilə bağlı məlumatlı olmamışıq. Sözügedən vəziyyətlə bağlı qərarı ancaq DİM verə bilər. DİM-in müvafiq qərarı ilə bağlı bizə məlumat verildikdən sonra isə universitet öz öhdəsinə düşən işi həyata keçirəcək”.
DİM-in mətbuat katibi Xanlar Xanlarzadə isə açıqlamasında qeyd edib ki, rəsmi müraciətə baxıldıqdan sonra məsələ araşdırılacaq və lazımi dəstək göstəriləcək.
Lent.az olaraq, əsgərimizin təhsil hüququnun bərpa olunması üçün müvafiq instansiyalara müraciət və sorğular etmişik. Universitetə qəbul olunduğu halda, təhsil almaq imkanının, onun özündən asılı olmayan səbəbdən – Vətən müharibəsində iştirakı ilə əlaqədar məhdudlaşması, hər halda, aradan qaldırıla biləcək bir maneədir.
Odur ki, DİM, ADNSU və Təhsil Nazirliyindən məsələ ilə bağlı obyektiv araşdırma aparılmasını, əsgərimizin təhsil hüququnun bərpa olunmasını gözləyirik.
Mövzunu davam etdirəcəyik.

Oxşar xəbərlər