Cəmiyyət
13-07-2023, 14:41
832
Təbiəti zibilləyənlərin qarşısını necə almaq olar?
Bu gün ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi ümumbəşəri problemə çevrilib. Sağlamlığımızı təmin etmək üçün ilk növbədə təbiəti sağlamlaşdırmaq, ətraf mühiti qorumaq gərəkdir.
Təbiəti insanlara sevdirən, cazibəsinə salan da onun təbiiliyidir. Lakin indi təbiilikdən demək olar ki, əsər - əlamət qalmayıb. Xüsusilə də, insanların sıx məskunlaşdığı yerlərdə ekoloji problemlər özünü çox göstərir. Yay mövsümünün gəlməsilə dənizdə və meşələrdə istirahət edən insanların ərazini zibilləməsi faktlarının tez-tez şahidi oluruq.
Bəs insanların təbiəti korlamasının qarşısını almaq üçün nə etmək lazımdır? Bununla bağlı cəza tədbirləri varmı? Profilaktiki işlər görülürmü?
Məsələ ilə bağlı Yenisabah.az-a danışan ekoloq, Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov bildirib ki, bu sahədə neqativ halların aradan qaldırılmasında ictimai nəzarətin vacib rolu var. Çünki xoşagəlməz hallar eyni zamanda, cəmiyyətə, hər bir fərdə - vətəndaşa zərər verir.
Onun sözlərinə görə, ictimai nəzarət sıravi jurnalistdən tutmuş, sadə vətəndaşa qədər önəmli məsələdir:
"Bu cür çirklənmələrə qarşı ölkənin qanunvericiliyi, normativlər və tələblər var. Amma burada da bir məsələ ortaya çıxır, ekologiya müfəttişi kimisə güdüb davamlı olaraq ona cərimə yaza bilməz.
İnzibati Xətalar Məcəlləsinə görə bu cür pozuntuların cəzası var. Buna baxmayaraq, ekologiya müfəttişinin gəzib cərimələr yazmaq kimi işi olmamalıdır. İnsanlar özləri bəhrələndikləri dəyərə qiymət verməlidir. İnsanlar meşəyə, çimərliyə ona görə gedir ki, oraların havası təmizdir, estetik cəhətdən gözəldir. Amma oturduğun yeri zibilləyirsən. Bu ağacın kölgəsində oturub həmin ağacın budaqlarını kəsməyə bənzəyir. Mən buna ekoloji məlumatsızlıq deyirəm.
İnsanlar maariflənməlidir. Bu məsələdə də həm jurnalistlərin, həm də cəmiyyətin öz üzərinə böyük yük düşür. Bunun üçün ictimai nəzarət olmalıdır.
Baxın, bir neçə gün əvvəl Dənizkənarı Milli Parkda bir qadın kaktuslara zərər verirdi, daha sonra onu tapıb cərimələdilər. Bu məsələni orada gəzən vətəndaşlardan biri çəkib ictimailəşdirərək üzə çıxarmışdı.
Vətəndaşlarımız ayıq olmalıdır, bu cür hallarda hökmən müdaxilə edilməli, həmin adam videoya çəkilib ictimailəşdirilməlidir. Bunun ictimai əhəmiyyəti çox böyükdür.
İnkişaf etmiş ölkələrdə neqativ halları ictimailəşdirmə çox yüksək səviyyədədir. Əgər yerə zibil atırsansa, başqa bir vətəndaş dərhal müvafiq orqana zəng edə bilər. İctimai nəzarət kimi güclü ikinci bir mexanizm tanımıram. Amma bu düzgün təşkil olunmalıdır ki, ölkə xeyrini görə bilsin. İctimai nəzarət çox vacib məsələdir".
Ekoloq qeyd edib ki, ətraf mühitin çirklənməsinin qarşısının alınmasında xəbərdarlıq lövhələrinin də böyük əhəmiyyəti var:
"Xəbərdarlıq lövhələri də çirklənməyə qarşı mübarizədə mütləq effekt verir. Bu, çirklənmənin qarşısını almaq üçün çox vacib addımlardan biridir.
Məsələn , inkişaf etmiş cəmiyyətlərdə bəlkə də buna ehtiyac yoxdur, çünki hamı bilir ki, buranı zibilləmək olmaz, lakin bizdə bunu edirlər, ona görə bu cür lövhələrin quraşdırılması vacibdir.
Bu xəbərdarlıq lövhələri həm də maarifləndirici xüsusiyyət daşıyır. Mən təklif edərdim ki, lövhədə yazılan xəbərdarlıqdan sonra başqa bir təsirli cümlədə yazılsın. Məsələn, "Ağacın kölgəsində oturub budaqlarını qırmayın", "Ağacın meyvəsini yemək üçün onu qırmayın", "Ətraf mühitə hörmət edin" kimi təsirli cümlələr yazılarsa, bu da effektiv təsir göstərər.
Başqa bir məsələyə də diqqət çəkim. Bizdə adətən, istirahət mərkəzlərində zibil qutuları olur, ən yaxşı halda, tullantıları həmin zibil qutularına atırıq.
Amma bəzi ölkələrdə ictimai şüur səviyyəsi o qədər inkişaf etmiş olur ki, orada zibil qabı belə qoyulmur və hər kəs öz zibilini özü ilə evinə aparır. Çünki tullantı qabı qoyulduqda istər-istəməz onun idarə olunması ilə bağlı müəyyən problemlər ortaya çıxır.
Məsələn, hansısa quş, yaxud dördayaqlı heyvan həmin qutunu aşırır, dağıdır və s. Bu baxımdan, biz o qədər məsuliyyətli olmalıyıq ki, həmin tullantı qabları belə qoyulmamalıdır. Hara dincəlməyə gediriksə, gedəndə necə getmişiksə, oranı o cür də təmiz qoyub geri qayıtmalıyıq".
Əsmətxanım Rzazadə
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır.