“Qafqazinfo” lövhələri kimin və niyə yığışdırması ilə bağlı məsələni dəqiqləşdirmək üçün Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edib. İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva bildirib ki, həmin lövhələr icra hakimiyyəti tərəfindən sökülməyib: “Lövhələri asan şəxs özü onları ərazidən yığışdırıb. Görüb ki, lövhələr hamının xoşuna gəlib. Ona görə də, bunları müvəqqəti olaraq götürüb ki, daha möhtəşəm bir iş görsün. Əvəzində bütün Binəqədi rayonu şəhidlərini əhatə edəcək başqa bir lövhə qoyulacaq”.
Xatırladaq ki, Mehdiabad qəsəbəsinə gedən yolda şəhidlərimizlə bağlı lövhələr həmin ərazidə yaşayan şəxslərin təşəbbüsü ilə vurulmuşdu. Orada şəhidlər haqda məlumatla yanaşı şəhidliklə bağlı ibrətamiz fikirlər də əks olunmuşdu. Lövhələrdə təkcə Vətən müharibəsi qəhrəmanları deyil, həm də Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəmanlarımız, o cümlədən, Milli Qəhrəmanlar - Əliyar Əliyev, Allahverdi Bağırov, Polad Həşimov, Mübariz İbrahimov və digərləri yer almışdı.