Qırmızı diplomlu şəhidimiz: Mülkidə COVID-19 xəstələrinin həyatını xilas edirmiş - FOTO
22-12-2020, 19:14
254

Qırmızı diplomlu şəhidimiz: Mülkidə COVID-19 xəstələrinin həyatını xilas edirmiş - FOTO

Çoxmillətli ölkəmizin bütün millətlərinin nümayəndələri Vətən müharibəsində işğalçı Ermənistana qarşı Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizə apardılar.
Bu qəhrəmanlardan biri də Azərbaycan vətəndaşı, etnik rus olan Dmitri Solntsev idi.
Dmitri 24 oktyabrda Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olub.
Baku.ws-in müxbiri şəhidimizin bacısı Yulia Solntseva ilə danışıb. O, qəhrəman qardaşı haqqında xatirələrini bölüşüb:
"Əcdadlarımızın 6-7 nəsli Bakıda yaşayırdı. Dmitri də 15 aprel 1995-ci ildə Bakıda anadan olub. Valideynlərimiz bu dünyanı erkən tərk ediblər, ona görə də Dmitri onlar öldükdən sonra bizimlə birlikdə yaşayırdı.
Dmitri Azərbaycan Neft Akademiyasını bakalavr dərəcəsi, o cümlədən 2018-ci ildə isə fərqlənmə diplomu və magistr dərəcəsi ilə bitirmişdi. Universitetdə təhsilini başa vurduqdan sonra Dmitri 2019-cu ildə orduya getdi. O, 2020-ci ildə koronavirus pandemiyası başladıqda tibbi avadanlıqların təmiri ilə məşğul olduğu üçün TƏBIB-də könüllü olaraq işə düzəldi. İlk üç ayda könüllü olaraq çalışdı, sonra yerinə yetirdiyi iş üçün maaş verildi. O işlədiyi növbəti ayların pulunu alacaqdı, amma cəbhəyə getdiyindən pulu almağa vaxtı olmadı. Bizə etibarnamə verdi, ona görə ölümündən sonra maaşını biz aldıq".
"Dmitri yayda, iyul ayında cəbhəyə yazıldı. Bu, general Polad Həşimovun şəhid olmasından sonra baş verdi. Könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etdi və cəbhəyə getdi".
Yulia Solntseva icra nümayəndələrinin daim zəng etdiyini və onlarla maraqlandığını qeyd edib:
"Bakı İcra Hakimiyyəti dəfn mərasiminin keçirilməsində bizə çox böyük kömək etdi. Bu yaxınlarda YAŞAT fondu bizə gələrək nəyə ehtiyacımız olduğunu soruşdu. Şəhid ailəsinə qayğı göstərdiyinə görə dövlətimizə təşəkkür edirik. Dövlətdən əlavə adi vətəndaşlar, qonşular, qohumlar və hətta tanımadığımız insanlar da bizə dəstək olurlar".
"Bizə Dmitrinin şəhid olduğu xəbər verildikdə, şəxsiyyətini müəyyənləşdirmək üçün Füzuliyə getdim. Orada komandir dəstədən Kənan adlı bir oğlanın sağ qaldığını dedi. Bu oğlanı, həqiqətən, tapmaq istədik ki, bizə Dmitrinin həyatının son günlərindən danışsın. Ancaq bizə ağır yaralı olduğunu və komada olduğunu bildirdilər. Təxminən bir ay sonra Kənan bizi özü tapdı. Bizə qonaq gəldi və dedi ki, Dmitri onların arasında yaşca böyük idi və həmişə kömək edirdi. Kənanın sözlərinə görə, müharibə dövründə belə Dima yumor hissini itirməmişdi:
"Bəzən erməni snayperləri bizə atəş açıb qaçırdılar. Dima gülərək deyirdi: "Çəpgözlər!"
Xatırladaq ki, Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olan Dmitri Solntsev İkinci Şəhidlər Xiyabanında dəfn edilib.

Oxşar xəbərlər