Hazırkı informasiya müharibəsinin PUA-ları, tankları, raketli müdafiə sistemləri, 4-cü, 5-ci nəsil silahları var - RƏY
29-09-2023, 13:15
25 410

Hazırkı informasiya müharibəsinin PUA-ları, tankları, raketli müdafiə sistemləri, 4-cü, 5-ci nəsil silahları var - RƏY

Azərbaycan Prezidenti cənab İlham Əliyev deyib ki, kommunikasiya vasitələrinin transformasiya mərhələsini yaşadığı, rəqəmsal platformaların və sosial media alətlərinin öz əhatə dairəsini genişləndirdiyi hazırkı dövrdə milli informasiya resurslarımızın potensialının və qlobal informasiya şəbəkəsində mövqelərinin gücləndirilməsi başlıca vəzifələrdən biridir. Bu gün Azərbaycan jurnalistləri vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr verir. Saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycan mediası dövlətçilik maraqlarını uca tutmaq, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etmək naminə bütün gücü ilə çalışır. Dövlətin güclü mediasının olması onun daxili siyasəti ilə yanaşı, xarici siyasəti üçün də mühüm amildir.
 
Mövzu ilə bağlı açıqlama verən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deyib ki, bu gün dünyada dövlətlər arasında baş verən müharibə ilk növbədə informasiya cəbhəsində cərəyan edir:

“İnformasiya cəbhəsində əldə edilmiş uğurlar əslində real cəbhədə daha böyük qələbələrin əldə olunması üçün çox ciddi bünövrə yaradır. Obrazlı desək, hazırkı informasiya müharibəsinin PUA-ları, tankları, artilleriya sistemi, raketli müdafiə sistemləri, 4-cü, 5-ci nəsil silahları var. Əslində bugünkü informasiya müharibəsi, sözün həqiqi mənasında, beynəlxalq ictimai fikrin dəyişməsində müstəsna rol oynayır, qalibiyyətə gedən yolda mühüm həlqədir”. 
 
E.Nəsirov bildirib ki, Azərbaycan bu gün Ermənistanla həm də informasiya müharibəsindədir: “Biz Ermənistanın mina terrorunun da ağır nəticələri ilə üzə qalmışıq. Lakin son hadisələr göstərir ki, bizim işimiz haqq işidir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında yenilməz Ordumuz növbəti tarixi uğurlara imza atdı. Bölgəyə uzunmüddətli və dayanıqlı sülhün, əmin-amanlığın gəlməsi üçün çox böyük işlər gördü. İnanırıq ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün ən əlverişli mühüt formalaşmaqdadır. Artıq separatçı rejim özünü buraxmış elan etdi. Bu rejimin əsas simaları da cinayət məsuliyyətinə cəlb olunur. Proseslər regionda dayanıqlı sülhün təminatı istiqamətində inkişaf edir. Belə olan halda, şübhəsiz ki, medianın rolu ikiqat artır. Media bu gün qazanılmış bütün uğurların beynəlxalq auditoriyaya çatdırılmasında müstəsna rol oynayır. Media dövlətin deyə bilmədiyi mesajları deyə bilmək iqtidarındadır. Elə məsələlər var ki, diplomatiyanın tələbləridir, diplomatiyanın öz qaydaları var və bunu dövlət söyləməməlidir. Amma media bu halda önə keçir. Bu məqamda alman ekspertlərinin çox maraqlı mülahizəsini səsləndirmək yerinə düşər: vacib informasiyaya malik olmaq hakimiyyətə malik olmaq deməkdir, vacib informasiyanı qeyri-vacib informasiyadan ayırmaq ikiqat hakimiyyətə, susmaq və ya susmamaq, informasiyanı yaymaq qabiliyyəti isə artıq üçqat hakimiyyətə malik olmaq deməkdir. İnformasiyanın diplomatiyada, dövlətin milli maraqlarının müdafiəsində çox böyük rolu var.  Bu baxımdan medianın rolu və əhəmiyyəti daha da artır. İndi Azərbaycan dövləti qarşısında yeni hədəflər müəyyən edilmiş olur və bu hədəflərin beynəlxalq ictimai fikrə çatdırılmasında medianın üzərinə düşən məsuliyyət daha da artır, olduqca şərəfli vəzifəyə çevrilir. Hesab edirəm, Azərbaycan mediası son illər kifayət qədər inkişaf edib, proseslərin istiqamətlənməsində yönəldici bir funksiyaya malikdir. Bizim tarixi zəfərlərimizin, qələbələrimizin yayılmasında, təbliğində, təşviqində müstəsna rol oynayır”. 

Oxşar xəbərlər