Füzuliyə köçürülən şəxslər bu sahələrdə işləyəcək - Açıqlama
13-10-2023, 11:36
9 640

Füzuliyə köçürülən şəxslər bu sahələrdə işləyəcək - Açıqlama

“Qarabağ və Şərqi Zəngəzura köçürülən vətəndaşlarımızın məşğulluğuna xüsusi diqqət yönəldilib”.
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib.
Millət vəkili Qarabağa geri qayıdan şəxslərin məşğulluq məsələləri ilə bağlı dövlətin atacağı addımlardan söz açıb.
V. Bayramov xatırladıb ki, Prezidentin də göstərişi ondan ibarətdir ki, işğaldan azad olunmuş ərazilərdə məskunlaşan vətəndaşlarımız işlə təmin olunsun:
“Təbii ki, bu, mərhələli bir prosesdir. Füzuli şəhərində məskunlaşma gedir və burada artıq dövlət qurumları, o cümlədən orta məktəb fəaliyyət göstərir, orada vətəndaşlarımızın bir qismi işlə təmin olunub. Eyni zamanda özəl sektor, xüsusilə də xidmət sektoru bölgəyə daxil olmaqdadır”.
“Mən məskunlaşma başlayandan sonra bir neçə dəfə Füzuli şəhərində sakinlərlə görüşmüşəm. Eləcə də orada dövlət qurumları və Dövlət Məşğulluq Agentliyi çox fəal şəkildə iştirak edir, görüşlər keçirir və vətəndaşlarımızın məşğulluqla bağlı rəylərini alır. Ona görə də gözlənilir ki, bütövlükdə vətəndaşlarımızın məşğulluq məsələsinin həllinə sistemli şəkildə dəstək nümayiş etdiriləcək”, – o, əlavə edib.
Milli Məclisin üzvü onu da vurğulayıb ki, 2026-cı ilin sonuna qədər təxminən 150 min vətəndaşımız Qarabağ və Şərqi Zəngəzura qayıdacaq:
“Bizim də gözləntimiz ondan ibarətdir ki, gələn ildən etibarən məşğulluqla bağlı məsələlər daha çevik şəkildə həll olunacaq. Bu da onunla əlaqədardır ki, məskunlaşma artdıqca, ardınca özəl sektor gəlir, xidmət sektoru inkişaf edir, tələb yaranır. Bu da özəl sektorda yeni iş yerləri anlamına gəlir. Eyni zamanda konkret olaraq Füzuli rayonu daxil olmaqla digər rayonlarımızda da istehsal sahələrinin yaranması nəzərdə tutulub.
Bu baxımdan, məşğulluq bizim üçün prioritetdir və bu istiqamətdə addımlar davam etdirilir. Gözləntimiz ondan ibarətdir ki, növbəti ildən etibarən bu iş yerlərinin sayında kəskin artım müşahidə olunacaq”.

Oxşar xəbərlər