İlham Əliyevlə Putinin görüşündə hansı məsələlər müzakirə edilib? - Deputatın şərhi
14-10-2023, 11:00
20 759

İlham Əliyevlə Putinin görüşündə hansı məsələlər müzakirə edilib? - Deputatın şərhi

"Bişkekdə Putinlə Əliyev arasında keçirilən görüş iki ölkə arasındakı münasibətlərin xüsusi xarakterindən irəli gəlir".
 
Bunu açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov MDB Dövlət Başçıları Şurasının Bişkekdə keçirilən görüşü fonunda Azərbaycan və Rusiya prezidentlərinin baş tutan görüşünü şərh edərkən deyib.
 
Elman Nəsirov bildirib ki, Qarabağ məsələsi görüşdə xüsusi diqqətdə saxlanılıb:

"MDB Dövlət Başçıları Şurasının zirvə görüşündə iştirak etmək üçün Bişkekə gələn Azərbaycan Prezidenti İlham Əliyevin burada həmçinin Rusiya Prezidenti Vladimir Putinlə də görüşü olub. Bişkekdəki tədbirdən bir gün öncə həmin şəhərdə Azərbaycan və Rusiya dövlət başçıları arasında belə bir görüşün keçirilməsi heç şübhəsiz iki ölkə arasındakı münasibətlərin xüsusi xarakterindən irəli gəlir. Putin qeyd edib ki, yaxın günlərdə Azərbaycan Prezidentilə telefon danışığı baş tutub. O, həmçinin iki lider arasında siyasi dialoqun kifayət qədər intensiv olduğunu da vurğulayıb. Bildirib ki, görüşdə  əsas diqqət mərkəzində saxlanııan məsələ Qarabağ məsələsi olub". 


Deputat qeyd edib ki, Azərbaycan Prezidenti də görüşün əhəmiyyətini vurğulayaraq, belə təmasların nəticə etibarı ilə iki dövlət arasında münasibətlərin inkişafı üçün yeni perspektivlər açdığını diqqətə çatdırıb:

"O, ticari-iqtisadi, investisiya qoyuluşu, turizm sahəsində əlaqələrin dinamik inkişafa malik olduğunu da diqqətə çatdırıb. Regional əməkdaşlıq sürətlə inkişaf edir, Azərbaycan Rusiyanın 70 bölgəsilə sız əlaqələr saxlayır. 2025-ci ildə Azərbaycan MDB Oyunlarına ev sahibliyi edəcək ki, bu da ölkəmizin sözügedən təşkilat daxilindəki əlaqələrinin mühüm göstəricisidir. Bakının MDB ilə iqtisadi əlaqələri keçən il 30 faiz artıb. Bu ilin son göstəricilərinə görə isə bu artım 20 faizdir ki, burada da Rusiya mühüm rol oynayır”. 

Ekspert bildirib ki, görüşdə əsas diqqət mərkəzində Qarabağ ətrafındakı son vəziyyət olub:

"Rusiya sülhməramlı qüvvələrinin çıxarılması ətrafında müzakirələrin olduğu da istisna deyil. Çünki Rusiya sülhməramlılarının Qarabağdakı çoxsaylı postlarının sayı xeyli azalıb. Ermənistan baş naziri Bişkekə gəlməyib. Bu da özündə ciddi siyasi məna daşıyır. Bütövlükdə görüşdə Azərbaycanla Rusiya arasında əlaqələrin dinamik inkişafı hər iki tərəfdən qeyd edildi. Bundan sonra da iqtisadi, siyasi və təhlükəsizlik sahəsində əlaqələrin inkişafı üçün qarşılıqlı faydalı addımların atılması da razılaşdırılıb”. 

Oxşar xəbərlər