78 il öncə yaranan BMT-nin Azərbaycana münasibəti necədir? - TƏHLİL
25-10-2023, 09:51
9 803

78 il öncə yaranan BMT-nin Azərbaycana münasibəti necədir? - TƏHLİL

Oktyabrın 24-də  Birləşmiş Millətlər Təşkilatı (BMT)-nin yaranmasından 78 il ötür.
 
BMT-nin baş qərargahı Nyu-York şəhərində yerləşir və əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir. Hazırda dünyanın 193 ölkəsi, 500 asılı ərazi, Antarktida materiki, Qərbi Səhra, Dünya okeanı bütünlükdə yer kürəsinin 80% ərazisi, BMT-nin mandat sisteminə daxildir.
 
Deputat Elman Nəsirov hesab edir ki, BMT-nin fəaliyyəti aktiv kimi görünsə də, bu fəaliyyəti birmənalı olaraq yaxşı kimi qiymətləndirmək olmaz. 

"BMT Təhlükəsizlik Şurası dünyada sülhün və təhlükəsizliyin təminatına cavabdehlik funksiyasını həyata keçirən qurumdur. BMT-nin "Mavi Dəbilqəliləri” sülhün və təhlükəsizliyin təminatı üçün böyük işlər görürlər. Lakin eyni zamanda BMT-nin fəaliyyətinə birmənalı qiymət vermək düzgün deyil. BMT bir çox hallarda hadisələrə, proseslərə, təhlükə və təhdidlərə selektiv yanaşma tərzi özündə nümayiş etdirir. Yəni bir halda çox çevik reaksiya verir, digər halda isə yox. Məsələn, 2011-ci ildə Liviyada  Müəmmər Qəddafi rejiminə qarşı BMT Təhlükəsizlik Şurası qətnamə qəbul etdi. Qətnamənin mürəkkəbi qurumamış artıq Liviya bombalanırdı. Ermənistan Azərbaycan münaqişəsinə münasibətdə 1994-cü ilə BMT 4 qətnamə qəbul etmişdi, lakin onların heç birinin icrası təmin edilməmişdi. Halbuki BMT nizamnaməsinin 25-ci maddəsində yazılıb ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrası icbaridir, məcuburidir. İstəyir xoşun gəlsin, istəyir gəlməsin, qəbul etmisənsə, icra etməlisən. Bununla o, öz 25-ci maddəsinin prinsiplərini kobud şəkildə pozmuşdu”, - deputat əlavə edib.
 
Deputat Azərbaycan Prezidentinin çıxışlarına istinada edərək bildirib ki, BMT-də islahatların keçirilməsinə ehtiyacı var. 

Nəsirov qeyd edir ki, Azərbaycanın Qarabağda suverenliyi bərpa etməsi ilə BMT Təhlükəsizlik Şurasının işləməyən 4 qətnaməsini işlək vəziyyətə gətirib.
 
"1992-ci ilin martından Azərbaycan BMT-yə üzv olub. Azərbaycan dövləti və ali siyasi rəhbərliyi BMT ilə əməkdaşlığın inkişafında maraqlıdır. Biz istəyirik ki, BMT öz funksiyalarını ədalətlə yerinə yetirsin, selektiv yanaşma olmasın. Azərbaycan silahlı qüvvələri Qarabağda suverenliyimizi tam təmin etdikdən sonra yeni reallıqlarda BMT-nin ixtisaslaşdırılmış qurumlarının Qarabağa 2 dəfə səfəri olub. Onlar obyektiv qiymətləndirmə aparıblar. Bildiriblər ki, Qarabağdakı ermənilərin zorla buradan çıxarılma halı baş verməyib, könüllü şəkildə onlar seçimlərini ediblər. Bu bizim üçün olduqca vacib məsələdir. Bu gün biz Qarabağda suverenliyimizi bərpa etməklə BMT Təhlükəsizlik şurasının işləməyən 4 qətnaməsini işlək vəziyyətə gətirmişik. Buna görə hesab edirəm ki, BMT özü Azərbaycana təşəkkür etməlidir”, - o vurğulayıb.
 
Deputat bildirir ki, BMT-də hər hansı bir qərara üzv 1 dövlətin yox deməsi ilə qəbul olunmaması yanlış yanaşmadır.
 
"BMT-də veto hüququ 5 dövlətə məxsusdur. BMT Təhlükəsizlik Şurasının üzvlərindən biri yox deyərsə, heç bir qərar qəbul olunmur. Bu özü yalnış yanaşmadır. BMT bir çox hallarda qlobal proseslərdə və təhdidlərdə reaksiya verə bilmir, onun sözü eşidilmir.
Bununla bağlı İlham Əliyev də dəfələrlə çıxışlarında BMT-də islahatlar məsələsinin gündəmə gətirərək qeyd edib ki, BMT Təhlükəsizlik Şurası niyə məhz 5 dövlətdən ibarət olmalıdır? Eyni məntiqlə Türkiyə prezidenti söyləyib ki, dünya 5-dən böyükdür. Yəni dünyanın taleyini 5 dövlət müəyyən etməməlidir. Təhlükəsizlik şurasının tərkibi təhlil olunmalı və genişləndirilməlidir.İlham Əliyevin bu sahədə təkidləri var. Xüsusilə də Qoşulmama Hərəkatının BMT Təhlükəsizlik Şurasında ratifaksiya qaydasında təmsilçilik ideyasını Prezident iləri sürüb”, - Nəsirov deyib.
 
Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri BMT-nin müvaifiq qətnaməsi olmadan belə addımlar ata bilir və müharibəyə başlayırlar.
 
"1999-cu ildə BMT Təhlükəsizlik Şurasının qətnaməsi olmadan NATO qüvvələri 78 gün Yuqaslaviyanı bombaladı. 2003-cü ildə mart ayının 19-dan 20-ə keçən gecə Amerika Birləşmiş Ştatları (ABŞ) BMT Təhlükəsizlik şurasının qətnaməsi olmadan İraqa müdaxilə etdi. Diqqət etsəz, BMT-də əsas söz sahibləri BMT-ni saymadan addımlar atıblar. Bu onun nüfuzuna çox ciddi xələl gətirir. Son İsrail və Fələstin qarşıdurması fonunda da biz bunu bir daha görürük. BMT Təhlükəsizlik şurası bu qan tökülməsinin qarşısını almaq üçün çevik addımlar ata bilmir, acizlik nümayiş etdirir. Bütün bunlar diqqətdən yayınmır. Bütün bunlar BMT-də ciddi islahatların aparılmasının vacibliyini bir daha qabardır”, - deputat bildirib.
 
Beynəlxal məsələlər üzrə ekspert Əziz Əlibəyli hesab edir ki, BMT Təhlükəsizlik şurasının üzvlərinin bir-birlərinə qarşı düşmən münasibəti onun təsirli fəaliyyət göstərməsinə imkan vermir.
 
"BMT dünyanın ən böyük təşkilatı sayılır. Onun qərarları tövsiyə xarakteri daşıyır. Yalnız BMT Təhlükəsiz şurasının qəbul etdiyi qərarlar məcburi xarakter daşıyır. BMT İkinci Dünya Müharibəsinin fonundakı dünyanı dizayn etmək üçün yaradılıb. Təhlükəsizlik şurasının 5 üzvü həm soyuq müharibə vaxtı, həm də indiki vaxtda bir-birinə düşmən kəsildi. Onların arasında bir-birinə qarşı düşmənlik münasibəti BMT-nin təsirli fəaliyyət göstərməsinə imkan vermir. Bu bilavasitə onun nizamnaməsindən irəli gələn kobud təzahürdür. Buna görə də Türkiyə Prezidenti deyir ki, Təhlükəsizlik şurası niyə 5 ölkədən ibarət olmalıdır? Niyə dünyanın taleyini 5 ölkə həll edir? Dünya 5 ölkədən böyükdür. Buna görə də BMT-nin nizamnaməsini dəyişmək lazımdır. Dünyada güclü, qüdrəti olan ölkələrə Təhlükəsizlik Şurasında səsvermə hüququ vermək lazımdır. Bu olmadığı təqdirdə Ukraynada da,  Yaxın Şərqdə də, Liviyada da döyüşəcəklər, toqquşacaqlar və burada BMT heç bir rol oynaya bilməyəcək. Ümumiyyətlə təşkilatların yaradılması əməkdaşlıq üçün, dövlətlərin müzakirə platforması üçün, dövlətlərin bəzilərinə təsir göstərmə mexanizmi üçün vacibdir. Təşkilatların arasında əməkdaşlıq olmasa sonu müharibədir. İndiki halda isə bu bəşəriyyətin sonu deməkdir, - o əlavə edib.
 
Ekspert qeyd edir ki, BMT-nin bəzi alt qurumları ilə Azərbaycanın müəyyən problemləri var, buna görə Azərbaycan-BMT münasibətlərini orta qiymətləndirmək olar.
 
"Azərbaycanla BMT arasındakı münasibətlər pis deyil. Bir BMT özü var, bir də onun alt qurumları var. Məsələn UNESCO, UNİSEF kimi təşkilatlar ilə müəyyən problemlərimiz var. Bunu səbəbi isə oranın rəhbərliyində təmsil olunan şəxslərin anti-Azərbaycan mövqeyidir. Orada kifayət qədər erməni lobbisi çalışır. Bu Azərbaycan tərəfindən qəbul olunmur və qarşılıqlı narazılıq doğuran addımlar atılır. Ermənistanla münasibətlər kontekstində Fransa Baş Məclisdə məsələ müzakirəyə çıxardı və dünya ölkələrinin çox hissəsi Azərbaycanı dəstəklədi. Bu nöqteyi nəzərdə münasibətləri orta qiymətləndirmək olar”, - Əlibəyli deyib.
 
Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, BMT Təhlükəsizlik Şurasının hazırkı tərkibi "müasir reallığı əks etdirmir”. Onun sözlərinə görə, bunu artırmaq, o cümlədən Afrika üçün daimi oturacaq yaratmaq lazımdır.
 

Azərbaycan 1992-ci ildən BMT-nin üzvüdür.  

Oxşar xəbərlər