
Cəmiyyət
25-10-2023, 09:53
9 834
"3+3" formatında fəaliyyət niyə vacibdir?
Politoloq qeyd edir ki, "3+3" formatının təsirli olması üçün o işlək mexanizmə çevrilməlidir.

Oktyabrın 23-də Tehranda "3+3" formatında iştirakçı ölkələrin XİN rəhbərlərinin görüşü keçirildi. Danışıqların yekunu üzrə xarici işlər nazirləri münaqişələrin sülh yolu ilə həllinin vacibliyini vurğulayaraq, növbəti görüşün Türkiyədə keçirilməsi barədə razılığa gəldilər. Tehran görüşündə sadəcə Gürcüstan iştirak etmədi.
Sputnik Azərbaycan "3+3" formatı və onun perspektivləri ilə bağlı millət vəkili Elman Nəsirov və politoloq Natiq Mirinin fikirlərini öyrənib.
Millət vəkili Elman Nəsirov bildirib ki, "3+3" formatının məqsədi Cənubi Qafqazın problemlərinin tənzimlənməsi, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh prosesinin məntiqi sonluğa çatdırılması, regiondan kənar oyunçuların iştirakının qarşısı alınmasıdır:
"Bu prosesdə region ölkələrinin fəal iştirakı ilə təmin edilməlidir. "3+3" platforması ideyası Rusiya və İran tərəfindən qəbul edilir. Gürcüstan isə Rusiya ilə olan bəzi problemlərə görə bu prosesdə iştirak etmir".

Politoloq Elman Nəsirov
Millət vəkili xatırladıb ki, 2021-ci dekabrın 10-da XİN rəhbərlərinin müavinləri səviyyəsində "3+3" formatında Moskva görüşü keçirilib:
"Gürcüstan o görüşdə də iştirak etmədi. Gürcüstan Moskva ilə münasibətlərindəki problemlərə görə görüşdən imtina etdi. Tehran görüşündə də bu təkrarlandı. Bir şeyi də nəzərdən qçırmaq olmaz. Son zamanlar Fransa ilə Ermənistan münasibətləri intensivləşməyə başlayıb. Ermənistan müdafiə nazirinin Fransaya səfəri zamanı bir neçə sənəd imzalanıb. Burada söhbət ilk növbədə iki ölkə arasındakı hərbi-texniki əməkdaşlıqdan gedir. Fransa Ermənistanın silahlandırılması öhdəliyini öz üzərinə götürüb. Xüsusilə də hava hücumundan müdafiə sistemləri ilə Ermənistanı təmin etmək niyyətindədir. Bu o deməkdir ki, regiondankənar oyunçu Fransanın proseslərdə iştirakı Ermənistanı yeni hərbi təxribatlara, avantüralara, ən pis halda isə üçüncü Qarabağ müharibəsinə təhrik edə bilər".
"Bütün bu reallıqlar Azərbaycanın milli maraqlarına ziddir. Eyni zamanda bu Türkiyənin, Rusiyanın və İranın da maraqlarının əleyhinədir. Çünki Fransa və ABŞ-ın bölgədə hərbi mövcudluğunun qorunması, inkişafı region ölkələri üçün təhlükə yaradır. Bu baxımdan "3+3" formatı regional problemlərin həll etmək niyyətinin ifadəsidir. Kənar müdaxilələrin qarşısının almaq cəhdidir. Bugünkü reallıqlarda sülh və təhlükəsizliyin təmin edilməsi maraqlarına xidmət edir", - deyə millət vəkili qeyd edib.