Azərbaycan tarixində dönüş nöqtəsi: “İrəli” əmri ilə başlayan zəfər
6-11-2023, 14:28
6 095

Azərbaycan tarixində dönüş nöqtəsi: “İrəli” əmri ilə başlayan zəfər

27 sentyabr 2020-ci il Azərbaycan tarixində dönüş nöqtəsi oldu.

Məhz həmin gün 27 ildir gözlənilən an gəlib çatdı.

Belə ki, Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev orduya bütün cəbhə boyu istiqamətlərdə əks-hücum əmrini verdi. Bu, illərdir səbirsizliklə gözlənilən “İrəli” əmri idi. 

Prezidentin doğru anda verdiyi doğru qərar tarixi zəfərin başlanğıcı oldu. Konkret olaraq, o zaman Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. 

Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın bu əmrini gözləyirdi. Qısa müddətdə  hər kəs səfərbər oldu və cəbhəyə könüllü getmək üçün onminlərlə müraciət edildi. 

Xalqımızın igid oğulları Ali Baş Komandanın əmrindən sonra işğal altındakı torpaqlarımızı azad etmək üçün canlarını fəda etməyə hazır idilər. Nəticə isə hamıya məlumdur. Azərbaycan Ordusu dünya hərb tarixində misli görülməmiş möhtəşəm zəfər əldə etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Ordumuz sadəcə 44 günə Ermənistan ordusunu darma-dağın etdilər. Beləliklə, Azərbaycan 30 ilə yaxındır icra olunmayan BMT qətnamələrini döyüş meydanında özü icra etdi.

Bununla da tarixi ədalət bərpa olundu və Qarabağ düşmən işğalından qurtarıldı. Bu gün isə artıq suverenliyimiz və ərazi bütövlüyümüz tamamilə bərpa olunub. Vətəndaşlarımız öz dədə-baba topraqlarına qayıdırlar,  Böyük Qayıdış başlayıb.

Hazırda Qarabağda yenidənqurma və bərpa işləri uğurla davam etdirilir, tarixi torpaqlarımıza həyat yenidən qayıdır. Heç şübhəsiz ki, bütün bunlar Müzəffər Ali Baş Komandan, qalib ölkənin Prezidenti İlham Əliyevin əsəridir. Çünki hər şey həmin “İrəli” əmri ilə başladı. 

Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, 8 noyabr- Zəfər Günü tariximizin şərəfli səhifələrindən biridir: 


“Bu tarix Azərbaycan xalqının yaddaşında qalacaq və gələcək nəsillər də Zəfər Gününü qürur hissi ilə qeyd edəcəklər. 3 il bundan öncə müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında yenilməz ordumuz və “dəmir yumruğ”a çevrilmiş xalqımız birlikdə bu tarixi zəfərə imza atdı. Əslində Prezident, xalq, ordu sözləri sinonimə çevrildi və tarixi zəfərimizin simvolları oldu. 3 il bundan əvvəl qazanılan tarixi zəfərə gedən yol isə çox məşəqqətli, çətin və mürəkkəb olsa da, şərəfli idi.

İlham Əliyev 20 il bundan öncə 2003-cü ilin oktyabr ayının 15-də xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçilərkən və həmin ilin 31 oktaybrda andiçmə mərasimində qeyd etmişdi ki, Heydər Əliyev siyasətinə sadiq qalaraq Azərbaycan torpaqlarını işğaldan azad edəcək və bir qarış da torpağımız güzəşt edilməyəcək. Ulu Öndərin oğlu cənab İlham Əliyevə ən böyük vəsiyyəti də o idi ki, nəyin bahasına olursa-olsun, torpaqlarımız işğaldan azad olmalıdır. Bu şərəfli və müqəddəs vəzifəni də cənab Prezident və onun formalaşdırdığı yenilməz ordumuz uğurla həyata keçirdi”.

Millət vəkili qeyd edib ki, bu illər ərzində həm də güclü iqtisadiyyat formalaşdırıldı:

“Ümumilli Lider Heydər Əliyev də dediyi kimi, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Bu məntiqlə də cənab Prezident iqtisadiyyatımızın yenidən qurulması və şaxələndirilməsi siyasətini həyata keçirdi. Həmçinin, neftdən asılılığın minimuma endirilməsi siyasəti aparıldı. Nəticədə, güclü Azərbaycan iqtisadiyyatı formalaşdı. Güclü iqtisadiyyat isə güclü dövlət deməkdir. Bunun hesabına ölkəmizdə 20-dən artıq hərbi zavod tikildi, 1200 adda hərbi təyinatda məhsullar buraxıldı, habelə 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyi yaradıldı, onlar da bu istiqamətdə öz missiyalarını uğurla yerinə yetirdilər.

Bundan başqa, ordumuz ən müasir silah-sursat və hərbi texnika ilə silahlandırıldı. Üstəlik, bir dövlətdən deyil bu sahədə inkişaf etmiş çoxsaylı dövlətlərdən silahlar aldıq. Eyni zamanda, ordunun döyüş qabiliyyətinin gücləndirilməsi və vətənpərvərlik ruhunun daha da yüksəyə qaldırılması istiqamətində çox böyük işlər görüldü. Gənc nəsil əsl vətənpərvərlik ruhunda tərbiyə edildi. Onlar, görmədikləri Qarabağın həsrəti ilə yaşayırdılar.

Xüsusilə ölkəmizdə vətəndaş həmrəyliyinin hökm sürməsi, səfərbər olunmuş cəmiyyətin formalaşması, xalq-hakimiyyət birliyi və Prezidentin milli maraqlara söykənərək müstəqil daxili və xarici siyasət həyata keçirməsi kompleks şəkildə Azərbaycanın güclü dövlətə çevrilməsini təmin etdi”. 

Elman Nəsirov vurğulayıb ki, həmin gücün hesabına da ordumuz Ali Baş Komandan İlham Əliyevin “İrəli” əmri ilə 27 sentyabrdan başlayaraq əks-hücuma keçdi və düşmənə sarsıdıcı zərbələr endirdi: 

“30 il ərzində işğalda qalmış torpaqlarımızı bir-bir azad etdik. Hətta Ağdam, Kəlbəcər və Laçın kimi strateji əhəmiyyətli şəhərlərin geri qaytarılaması bir güllə belə atılmadan həyata keçirildi. Bunlar Azərbaycan Prezidentinin nə qədər mahir bir diplomat olmaqla yanaşı, necə böyük hərbi sərkərdə olduğunu təsdiqləyən faktorlar idi. 3 il əvvəl 30 il ərzində altımızda olan xəcalət tərini silib atdıq.
Biz məğrur xalqa çevrildik və öz qürurumuzu qaytardıq. Cənab Prezidentin müdrikliyi onda idi ki, tarixi zəfərə imza atmaqla yanaşı, həm də zəfərin nəticələrinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsinə nail oldu. Bu gün bütün dövlətlər bu reallığı qəbul edirlər. Həmçinin, Ali Baş Komandanın uğurlu siyasəti nəticəsində Ermənistanın Azərbaycana qarşı keçirdiyi mina terroruna da son qoyuldu. Cari ilin 19-20 sentyabrda Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam olaraq bərpa edildi.

Bu gün Azərbaycan bayrağı Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə və işğaldan azad olunan bütün ərazilərimizdə dalğalanır. Tarixi zəfərimizdən 3 il sonra 8 noyabrda Azərbaycan Ordusu Xankəndidə hərbi parad keçirəcək. Bütün bunlar tarixi uğurlardır və onların müəllifi də cənab Prezident İlham Əliyev əsl tarixi şəxsiyyətdir. Prezident İlham Əliyev tarix yazır və tarixə yazılacaq”. 

Oxşar xəbərlər