"Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
14-11-2023, 13:57
1 518

"Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"1992-ci il noyabr ayının 21-də Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi. Məhz həmin dövrdə ölkəmizdə bütün istiqamətlərdə böhran yaşanırdı. İqtisadiyyat iflic vəziyyətdə idi, xəzinə boş idi, xalq və hakimiyyət arasında böyük bir uçurum var idi, sözün həqiqi mənasında bir hakimiyyətsizlik, bir anarxiya hökm sürürdü və bu reallıqda Ermənistanın silahlı qüvvələri də öz işğalçılıq aktlarını genişləndirməkdə idi". Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.

Deputat sözlərinə belə davam edib: "Ən başlıcası insanların sabahkı günə inamı itmişdi və Azərbaycanı daha hansı fəlakətlər gözləyəcəyini proqnozlaşdırmaq belə çətin idi. Ən dəhşətli yuxularda görə biləcəyimiz hadisələr Azərbaycanın başına gələ bilərdi. İnsanlar nicat yolu axtarırdılar və belə olan vəziyyətdə Azərbaycanın ən tanınmış ziyalıları məşhur 91-lər Ulu Öndər Heydər Əliyevə müraciət etdilər ki, gəl bu dövləti, bu xalqı fəlakətdən xilas et. Azərbaycan mediasında tanınmış media orqanlarından biri olan "Səs" qəzeti vasitəsilə bunu reallaşdırdılar. Ulu Öndər Heydər Əliyevin də cavabı o oldu ki, bu reallıqda məhz bu böhrandan çıxmaq üçün biz birlik nümayiş etdirməli və siyasi baxımdan təşkilatlanmalıyıq. Ulu Öndər Heydər Əliyev xalqın adından çıxış edən 91-lərin bu təşəbbüsünü dəstəklədi, müdafiə etdi və 1992-ci ilin noyabr ayının 21-də Naxçıvan şəhərində təxminən 500-550 nəfərin iştirakı ilə keçirilən təsis qurultayında Yeni Azərbaycan Partiyası yaradıldı.
Yeri gəlmişkən o zamankı hakimiyyət o qədər Ulu Öndər Heydər Əliyevə qarşı bir qısqanclıq nümayiş etdirirdi ki, bu qurultayın Bakı şəhərində keçirilməsinə mane oldu. Naxçıvana hava reyslərinin baş tutmasını belə ləngidirdi, müxtəlif yollarla çalışırdı ki, insanlar Naxçıvanda bir araya toplaşıb Heydər Əliyevin partiya sədri seçilməsinə imkan verməsinlər. Amma buna baxmayaraq xalq öz sözünü dedi. Ulu Öndər Heydər Əliyev Yeni Azərbaycan partiyasının dünənin, bu günün və sabahın partiyasının Ulu Öndərin təbirincə desək, sədri seçildi və Azərbaycan siyasi sisteminin formalaşması prosesi də bu andan, bu zamandan başlandı.
Altı ay sonra Yeni Azərbaycan partiyası həm də bir müxalif partiyası kimi hakimiyyətə gəldi və bununla da əslində hakimiyyətə gəlməyin bir düsturunu ortaya qoydu. Hakimiyyətə gəlməyin yeganə yolu məhz siyasi mübarizədə xalqın dəstəyini alıb seçkilərdə qalib gəlməkdir və bir siyasi mədəniyyət ortaya qoydu. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası Azərbaycanın bundan sonrakı inkişafı üçün misilsiz xidmətlər göstərdi. İlk növbədə Ulu Öndər Heydər Əliyev həm ölkə Prezidenti kimi, həm Yeni Azərbaycan Partiyasının sədri kimi ölkəmizdə siyasi sistemin inkişafına böyük töhfələr verdi, dövlət quruculuğu prosesləri dinamik inkişaf xətti aldı, ölkə konstitusiyası 1995-ci il 12 noyabrda qəbul edildi, ordu quruculuğu prosesi dönməz xarakter aldı və 1993-cü ilin dekabr, 1994-cü ilin yanvar ayında məşhur Horadiz əməliyyatını ordumuz həyata keçirib. Horadiz şəhərini və 22 kəndi işğaldan azad etdi. Bu düşməni məcbur etdi ki 1994-cü ilin may ayında Bişkek sənədini imzalasın və atəşkəs elan edilsin.
Sonrakı dövrdə Ulu Öndərin fəaliyyəti sayəsində Azərbaycanın inkişafı təmin edildi və təsadüfi deyildi ki 1993-2003-cü illər yəni, bu 10 il Azərbaycanda sabitlik və inkişaf illəri kimi xarakterizə olunur. Əsrin müqaviləsinin imzalanması ölkəmizin iqtisadi potensialının və gələcək inkişafının əsas təminatçılarından biri oldu. Strateji əhəmiyyətli layihələr həyata keçirildi.
Bu günləri fəxarət hissi ilə qeyd etmək istəyərdik ki, həmin siyasət özünün cənab İlham Əliyevin Prezidentliyi sayəsində sonrakı inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasətinə sadiq qalaraq Azərbaycanın bütün sonrakı inkişafını təmin etmişdir. Ulu Öndərin ən böyük arzusu o idi ki, torpaqlarımız işğaldan azad olunsun və cənab Prezident 2020-ci ildə sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin təxribatçı hərəkətlərinə cavab olaraq Vətən müharibəsinə başladı. 44 gün ərzində torpaqlarımız işğaldan azad olundu. Eyni zamanda sentyabr ayının 19 və 20-də keçirilən lokal antiterror tədbirləri nəticəsində bütün Azərbaycan ərazisində suverenliyimiz tam şəkildə təmin edildi. Xankəndində və digər işğal altında azad olmuş torpaqlarımızda Azərbaycan Dövlət Bayrağı ucaldıldı.
Bütün bunlar hamısı tarixi hadisələrdir və bu nöqteyi-nəzərdən həm Ulu Öndər Heydər Əliyev, həm də cənab İlham Əliyev tarixi şəxsiyyətlərdir. Hər ikisi tarix yazan, adını tarixə yazdıran şəxsiyyətlərdir.
Bu günləri biz fəxarət hissi ilə qeyd edirik ki Yeni Azərbaycan Partiyası da Ulu Öndərin yaratdığı partiyadır və dövlətimizin qarşısında dayanan strateji əhəmiyyətli layihələrin həyata keçirilməsi prosesinə ciddi töhfələr verir və bu partiya Ulu Öndər Heydər Əliyevin söylədiyi kimi həm dünənin, həm bu günün, həm də məhz elə sabahın, gələcəyimizin partiyasıdır".

Oxşar xəbərlər