Qərb dövlətləri Azərbaycanla Ermənistanın sülh müqaviləsi imzalamasına imkan vermirlər
16-11-2023, 11:28
1 156

Qərb dövlətləri Azərbaycanla Ermənistanın sülh müqaviləsi imzalamasına imkan vermirlər

Deputatın fikrincə, Qərb dövlətləri Fransa və ABŞ başda olmaqla, Cənubi Qafqazın yeni xəritəsini cızmaq, regionu parçalamaq, Ukraynaya çevirmək istəyirlər.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Ermənistan sülh sazişi ilə bağlı sənədin variantını iki aydan artıqdır gecikdirir.
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə yerli mətbuata müsahibəsində bildirib ki, Azərbaycanla sülh sazişini yekunlaşdırmaq üçün bu formatda danışıqları davam etdirməyə və mümkünsə ilin sonuna qədər sülh sazişi imzalamağa hazırdırlar.
Bəs sülh prosesi niyə ləngiyir?
Mövzu ilə bağlı millət vəkili Elman Nəsirov və politoloq Yeganə Hacıyeva Sputnik Azərbaycan-a danışıb.
Millət vəkilinin fikrincə, Azərbaycan tərəfindən sülh danışıqları prosesi ilə bağlı verilən açıqlamaları Ermənistanın açıqlamaları ilə qarşılaşdırdıqda paradoks yaranır:
"Azərbaycan tərəfi bildirir ki, Ermənistan iki aya yaxındır təkliflərə cavab verməyib. Ermənistan tərəfi isə həm Baş nazir Nikol Paşinyan, həm də Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın timsalında ilin sonuna kimi sülh sazişinin imzalana biləcəyini bəyan edirlər. Amma Ermənistan tərəfinin sülh sazişindən danışaraq pozitiv əhval-ruhiyyə nümayiş etdirməsi, real addımlarla uzlaşmır".
Millət vəkili Elman Nəsirov - Sputnik Azərbaycan, 1920, 16.11.2023
Millət vəkili Elman Nəsirov
Elman Nəsirovun sözlərinə görə, Ermənistan proseslə bağlı Azərbaycanın təkliflərinə cavab vermir, prosesi uzadır. Bunun da bəlli səbəbləri var:
"Ən əsas səbəb Qərbin regiona olan müdaxiləsidir. Qərb dövlətləri ABŞ və Fransa başda olmaqla Ermənistana Azərbaycanla sülh müqaviləsi imzalamağa imkan vermirlər. ABŞ Dövlət Departamentinin anti-Azərbaycan mövqeyi fonunda, Fransanın Ermənistanı silahlandırması reallığında, Ermənistan müdafiə nazirinin NATO Baş Qərargahında apardığı danışıqlar şəraitində, Avropa İttifaqının Ermənistandakı mülki-hərbi missiyasının sıralarının genişlənməsi və bu prosesə Kanadanın, gələcəkdə ABŞ-ın daxil olacağı reallığında belə qənaət hasil olur ki, Qərb dövlətləri Ermənistana təzyiq göstərirlər ki, sülh müqaviləsi imzalanmasın".
"Sülh müqaviləsinin imzalanması onların regionla bağlı maraqlarına ziddir. Çünki Qərb dövlətləri Fransa və ABŞ başda olmaqla Cənubi Qafqazın yeni xəritəsini cızmaq, regionu parçalamaq, Ukraynaya çevirmək istəyirlər. Qərb Ermənistanın timsalında Cənubi Qafqazda yeni cəbhə açmaq, bölgənin Ukraynalaşdırılması prosesini həyata keçirmək istəyirlər. Məhz ən təhlükəli tendensiyalar bununla bağlıdır. Hesab edirəm ki, Ermənistanın sülh müqaviləsindən bəhs edib, onu imzalamaqla konkret addımlar atmamasının arxasında dayanan amillər arasında məhz bu sadaladıqlarım önəmli yer tutur" - millət vəkili fikirlərini yekunlaşdırıb.

Oxşar xəbərlər