Bu qəhrəmanı hər kəs tanısın: İstədim oturub doyunca ağlayım…
25-12-2020, 14:42
254

Bu qəhrəmanı hər kəs tanısın: İstədim oturub doyunca ağlayım…

Azərbaycanda Tovuz hadisələri zamanı ön cəbhəyə təkər yardımı kampaniyası ilə geniş ictimaiyyətin tanış olduğu Elnur Əliyev donrakı proseslərdə əsgərə yardım kampaniyasını daha da genişləndirdi. O, bu kampaniya ilə bağlı geniş açıqlama ilə çıxış edib.
Həmin açıqlamanı təqdim edirik:
20.07.2020 – Azərbaycan tarixində ilk dəfə, könüllü olaraq Milli Orduya Dəstək Aksiyasının başlandığı gündür.  Tariximizdə görülməmiş, bütün ölkəyə səs salan, siyasi mövqeyindən asılı olmayaraq hər kəsin ilk dəfə birləşdiyi bir gün!  Milli Orduya Dəstək Aksiyasının bu gün 6-cı ayı tamam oldu! 
Polad Həşimovun vurulmasından 3-gün sonra, 20 iyul 2020-ci il Milli Orduya Dəstək Aksiyasını başlatdığım gündür.  İlk dəfə Bakıdan 20 iyulda 2 tır təkər yükləyib ön cəbhəyə doğru yola saldıq. 
Bu xəbər bütün cəbhə boyu hərbi hissələrə yayıldı. 2 gün içində nömrəm bütün hərbi hissə komandirlərinə ötürüldü. Bütün cəbhə boyu hərbi hissələrdən mənə zəng vurub təkər istəməyə başladılar. İş o yerə çatdı ki, məzuniyyətimdən əlavə də işdən icazə alası oldum. Qolumu çırmalayıb dostlarla bərabər keçdim iş başına. Elə məqamlar yaranmışdı ki, hərbi hissədən pul təklif edəni də olmuşdu ki, "tırın pulunu da verərik bizə də təkər göndər qardaş" - deyə. 
Məni tanıyanlar bilir ki, danışmaqdan çox iş görməyi xoşladığım üçün var qüvvəmi, bütün gücümü bu işə həsr etməyi qərara aldım.
Bütün yay boyunca sentyabrın 30-na kimi bir gün də olsun istirahət etməden hər gün komandamla birlikde trılara təkər, kisə, su, şpal yükləyərək ön cəbhəyə yola saldıq. 
Təsəvvür edin ki, 40 dərəcə günün altında ömründə fiziki iş görməyən insanlar gəlib tozun torpağın içində axşama kimi təkər yükləyirdilər. Gün vururdu, dərileri yanırdı, ayaqlarına mismar batırdı, yorulurdular amma usanmadan sona kimi işləyirdilər günün altında. Bununla mənəvi rahatlıq tapırdılar sanki. 
Beləliklə 145 tır təkər, 20 tıra yaxın şpal müharibə başlayana kimi ön cəbhəyə yola saldıq. 
145 tır sizə zarafat gəlməsin. Günün altında hər gün tır yükləməyə fiziki güc lazımdır. Hər gün bir uşağı gün vurur, dərisini yandırırdı. Adam rəsmən çökür. 
Bir tırın daşınma xərci 450 manat idi. Bu məbləğin hamısını əsasən həkim dostlarım verdi. Həmçinin 19 deputat və sadə vətəndaşlar da ödenişə dəstek oldular. 
Başlanğıcda nahar etmirdik. Çünki pulumuz yox idi. Tırların puluna ancaq çatırdı ianə. Maaşımdan su ala bilirdim ancaq uşaqlara. Sonra bir az artıq ianə gəldi, kolbasa çörək aldıq yedik. Sonra hər gün demək olar kabab və yaxşı yeməklər gətirirdi dostlar bizə.
Sentyabrın 27-si müharibə başladı. Əsas işimiz də bundan sonra başladı. 
Hərbi hissələrdən dedilər ki, Elnur saxla təkəri. Bizə təcili juqut, pejama, alt paltarı, siqaret, generator, yağmurluq, su, batinka, fanar, əlcək, corab, futbolka, üz qırxan, papaq və.s şeylər göndər təcili… 
İlk dəfə Bakıdan 28 sentyabrda bir maşın yardım toplayıb cəbhəyə yola saldıq. Beləliklə 44 gün gecəmiz-gündüzümüz olmadan işləməyə başladıq. 
3 günə 30 min nanat ianə yığıldı. İnsanlar hərəkətə gəldi hər tərəfdən anbarımıza yardım gətirməyə başladılar. Cəbhədən, xaricdən, ölkəden 100-lərlə zəng gəlməyə başladı. Başımı itirdim istədim oturub ağlayım doyunca… 
Təsəvvür edin 4-cü aydır artıq normal yuxu yata bilmirsən. İmmun sistemi çöküb indi daha da güclendirilmiş iş rejiminə keçməlisən. Ön cəbhədən gələn zənglərdən telefon dağılır, ianə etmək istəyənlər dostlar zəng edir, yardım gətirən dostlar sənə zəng edir, malları almaq, malları çatdırmaq və bütün bu işleri kordinasiya etmək bir tərəfdən. 
Cəbhədə minomyat səsləri 100 metrliyimizdə eşidilirdi, biz maşının işıqları sönük, gecə yağışın altında əsgərlərə yardım paylayırıq. Hər gün 4-5 hərbi hissəyə mal paylayırdıq. Naharı axşam maşında edirdik kolbasa çörək yeyərək… 
Maşın boşalan kimi Bakıya qayıdıb anbardan malları yükləyib yenidən cəbhəyə qayıdırdıq. İş o yerə çatdı ki, artıq bir dənə maşın ilə çatdırmadıq. İkinci ATEKOnu işə qoşduq. Dağlara bir yük maşını aşağl tərəflərə bir yük maşını ilə malları daşımağa başladıq. 
1 milyon manat dəyərində yardım apardıq gecə-gündüz demədən. Artıq “Sədərək”də corab, papaq, əlcək, yağmurluq qalmadı. 
Cəbhədən də təcili yağmurluq istəyirlər. Ölkədə də yağmurluq yoxdur, hamısını alıb göndərmişik qurtarıb. 
Belə qərara gəldim ki, 20 min manatlıq yağmurluğun parçasını alıb tikdirim. Bu cür də etdim. 2000-dən çox yağmurluğu tikdirib apardıq. 
Və birdən yaxşı xəbərlər eşitməyə başladım ki, başqa dostlar da Milli Orduya Destek Aksiyasına qoşulmağa başladı. Bu bizim işlərimizi qismen yüngülləşdirdi. 
Kontaktlarımın bəzilərini onlara yönləndirdim ki, hərəmiz bir tərəfdən çatdıra bilək. 
Özüm də bilmədən dostlara nümunə olmuşam. Danışmaqdan, yazmaqdan çox iş görməyə başlayıblar. Təki belə yaxşı işlərdə bir-birimizin bəhsinə girək belə yaxşı işlerdə reklam edək özümüzü. 
4 aydır bütün cəbhəni kordinasiya etmək fiziki və zehni məni çox çökdürürdü. 
Bildiyiniz kimi Azərbaycanda ölkə üçün bu qədər işi heç bir səlahiyetli şexs görmemişdi. Hələ mənim heç bir səlahiyətim və pulum olmadan tarixi bir layihəni həyata keçirdim. 
Şükür Allaha əməyimiz itmədi Qarabağda Bayram edirik. 
Bezi dostlar indi tez-tez zəng vurur ki, sənə medal verdilərmi qardaş? Necə edək sənə də arxa cəbhə medalı versinlər? Səni niyə görməməzlikdən gəlirlər? Cavab verirəm ki, mən medala görə bu qədər əziyyət çəkmədim ki, versələr də sağ olsunlar, verməsələr də… 
Qələbədən sonra bəs nə oldu? Durduqmu? Əlbəttə ki xeyr. İşimiz indi başladı hələ.
Azerbaycanda ilk dəfə 20 Oktyabrda Şəhid və Qazi ailərinə Könüllü Yardım Fondu yaratdım.
Telegram adresimiz: 
t.me/azadtvonlinemedia
Instagram:
https://www.instagram.com/azadtv_onlinemedia/

Oxşar xəbərlər